Siyavuş Novruzov yenə «oynaya» bilmədi
YAP-çı deputat Siyavuş Novruzov Milli Şuranın mitinq qərarına həmişəki qaydada münasibət bildirib: “Onlar vətənlərini, xalqlarını sevən insanlar olsaydılar, təbii ki, bu aksiyanı Şahmat Olimpiadasının keçirildiyi dövrə salmazdılar. Lakin aksiylarını bu tədbirlə eyni vaxta salsalar belə, yenə də heç nəyə nail olmayacaqlar. Çünki onlar xalqın dəstəyindən, xalqın etimadından məhrumdurlar”- deyə Siyavuş Novruzov bildirib.
Azərbaycanda vəziyyətin nə qədər acınacaqlı olduğu belə deputatların varlığından da aydın görünür. 23 ildir eyni kiflənmiş arqumentlər, eyni yalanlar eşitməkdən qulağımız yağır olub.
Müxalifət nə vaxt mitinq təyin etsə, hökumət sözçüləri bu mitinqə geyindirməyə don axtarırlar. Hər dəfə “müxalifətin mitinqinə gələn olmayacaq”, “xalq müxalifəti dəstəkləmir”, “hakimiyyət-xalq birliyi mövcuddur” tipli şüarlar səsləndirirlər. Amma hər dəfə mitinq əleyhinə kampaniya aparırlar, mitinqin alınmaması üçün rüsvayçı addımlar atırlar, mitinqə icazə verməmək üçün bəhanə axtarırlar. Bütün bunlar onu göstərir ki, hökumət real müxalifəti özünə alternativ kimi görür və xalqı arxasınca apara biləcək qüvvə kimi baxır.
Siyavuş Novruzovun budəfəki arqumenti isə lap absurddur. Guya, Şahmat yarışına görə Mili Şura mitinqdən imtina etməliymiş. Şahmat yarışı Referendumdan, Konstitusiyanın dəyişdirilməsindən mühüm məsələdir? Müxalifət ölkədə mütləq monarxiya qurulmasının əleyhinədir və bunun üçün qanunun imkan verdiyi bütün etiraz formalarından istifadə edir. Ölkənin gələcəyini hansısa şahmat yarışına qurban vermək niyyətimiz də yoxdur.
Bəli, Siyavuş Novruzov indiki dövrdə mitinq keçirilməsini xalqı, vətəni sevməmək kimi qiymətləndirib.
Hansıki, xalqın boğazından kəsib Avropa oyunları keçirən, erməni idmançılara ziyafət verən, Avropa çempionatına sponsorluq edən, erəmənipərəst ölkələrdə xeyriyyə layihələri təşkil edən bu hökumətdir. Vətəndaşa 105 manat əməkhaqqı, 1-ci qrup əlilə 50 manat müavinət verən hökumət, hansı əsasla xalq sevgisindən danışır? Milyardlarla vəsaiti ölkədən çıxaran, ölkəni ata malı kimi bölən, korrupsiyanı çiçəkləndirən, monopoliyanı rəsmiləşdirən, 2.5 milyon vətəndaşı bank girovuna çevirən müxalifət deyil, 23 illik YAP hakimiyyətidir.
Bəlkə, seçkiləri saxtalaşdırıb xalqın səsini oğurlamaq, ünvanlı sosial yardım alanlardan rüşvət tələb etmək, 17000 tələbəni təhsil haqqına görə Universitetdən qovmaq vətən sevgisindən doğur? Günahsız insanları şərləyərək həbsə atmaq, vətəndaşı intihar həddinə çatdırmaq, hər gün qiymətləri artırmaq xalq sevgisinin nəticəsidir?
25 milyardlıq büdcəni 7 milyard həcminə salan bir zehniyyət hansı əsasla vətən, millət sevgisindən danışır?
Ölkəni xarabalığa çevirən, milləti dilənçi vəziyyətə salan adamlar, müxalifəti şahmat yarışı zamanı mitinq keçirməkdə qınayırlar.
Hansıki, müxalifət xalqı “mat” vəziyyətindən çıxarmaq üçün meydana çıxır. Ölkənin imicini düşünən hökumət korrupsiyadan, hüquqsuzluqdan imtina etməlidir. Şahmat yarışı ölkəni iqtisadi fəlakətdən xilas edə bilməz.
Ona görə də yaxşı olar ki, Siyavuş Novruzov mitinq əleyhinə daha tutarlı səbəb tapsın. Yoxsa, hər arqumenti ilə özünü “mat” vəziyyətinə salır. Belə biabırçı oynamaqdansa, oyundan imtina etmək yaxşıdı.
Samir