Daxili işlər nazirinin səfərinin nəticəsi olacaqmı?
Azərbaycanın daxili işlər naziri Ramil Usubov Türkiyəyə rəsmi səfər edib. O, qardaş ölkənin daxili işlər naziri Əfqan Ala ilə görüşüb. Türkiyə mətbuatının yazdığına görə, Ramil Usubovun Türkiyəyə səfərinin əsas məqsədi Fətullah Gülən məsələsidir. Çünki mətbuatda Türkiyə tərəfinin Azərbaycan hökumətinə hazır siyahı göndərdiyi xəbərləri yer alırdı. Nazirlər görüşün ardından birlikdə mətbuat konfransı keçirib.
Əfqan Ala görüşdən sonra mətbuata açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərində terrorla mübarizə məsələsi əsas məsələdir. “FETÖ”nun da birdəfəlik məhv edilməsi istiqamətində də işbirliyimiz davam edəcək. Bundan sonra məlumat alış-verişi, gizli məlumatların paylaşması istiqamətində də birlikdə hərəkət edəcəyik”, – deyə Əfqan Ala bildirib.
Ramil Usubov isə açıqlamasında bildirib ki, 15 iyun qiyam cəhdinin ardından görülən işlərin və bundan sonra atılacaq addımların müzakirəsi üçün Türkiyəyə gəlib. Nazir bildirib ki, “FETÖ”nun Azərbaycandakı qanadına qarşı lazımi səviyyədə tədbirlər görüləcək. O, bu problemlərin ortadan qaldırılması üçün Azərbaycanın üzərinə düşən vəzifənin yüksək səviyyədə yerinə yetiriləcəyini bildirib.
Politoloq Elxan Şahinoğlu “Azadlıq”a bildirib ki, Ramil Usubov “FETÖ” məsələsinə görə Türkiyəyə dəvət edilən ilk daxili işlər naziridir: “FETÖ”nün Türkiyədən sonra güclü olduğu ikinci ölkə Azərbaycandır. Təsadüfi deyil ki, Türkiyə mətbuatında da bu barədə vaxtaşırı məlumat verilir. Hətta bəzi məlumatlara görə, Azərbaycan tərəfinə konkret olaraq siyahı da verildiyi bildirilir.
15 iyul qiyamından sonra “FETÖ” Türkiyə hakimiyyəti üçün PKK-dan da ciddi təhlükə hesab edilir. Bu baxımdan rəsmi Ankara yalnız Türkiyədə deyil, “gülənçilər”in güclü olduğu digər ölkələrdə də onlara qarşı əməliyyatların keçirilməsinə israr edir. Belə ölkələrdən biri də Azərbaycandır.
Düşünürəm ki, Azərbaycan hakimiyyətində iki qrup var. Bir qrup diqqəti yayındırmağa çalışır. Kiminsə evindən kitab tapıb həbs edirlər. Amma “gülənçilər”in Azərbaycanda ciddi maliyyə qaynaqları, restoran biznesi, mətbəələri var. Onlar müxtəlif dövlət strukturlarına nüfuz edə biliblər. Mediada bəzi məmurların adı “gülənçilər”lə əlaqədə hallanır. Müşahidələr göstərir ki, bir qrup bütün bunlardan diqqəti yayındırmaq istəyir. Amma başqa bir qrup da var ki, FETÖ-ya qarşı ciddi mübarizə tərəfdarıdır.
Bir neçə gün əvvəl prezidentin köməkçisi Əli Həsənovun hələ 2008-ci ildə “gülənçilər”ə qarşı çıxışları mediada yer aldı. Digər tərəfdən bundan əvvəlki “nurçu qalmaqalı”nda da “gülənçilər”in dövlət strukturlarından təmizlənməsinin qatı tərəfdarı kimi məhz Əli Həsənov görünürdü.
Fikrimcə, artıq hakimiyyət bu məsələdə Ankaranı qane edən addımlara start verməlidir. Doğrudur, müəyyən addımlar atılıb, amma bu kifayət etmir. Əgər Ramil Usubovun səfərindən sonra da ciddi mübarizə aparılmasa, o zaman Ankarada, həmçinin Azərbaycan cəmiyyətində müəyyən suallar yaranacaq”.
Ekspert Ilham Ismayıl söyləyir ki, Ramil Usubovun Türkiyə səfərini belə şərh edib: “Çox güman ki, Türkiyədən əlavə informasiyalar, materiallar alınacaq. Azərbaycanda bəlli olmayan şəxslər barədə məlumatların alınması da mümkündür. Yəni gündəmdə olan budur. Əsas odur ki, hər şey qanun çərçivəsində və haqqla olsun. Uydurma məsələlər olmasın. Bizim istədiyimiz budur”.