Hökumət aprel döyüşləri zamanı niyə Rusiya telekanallarına elçi düşmədi?
Bugünə qədər hökumətin real müxalifətə qarşı “rəngarəng” hücumlarının şahidi olmuşuq. Amma hər dəfə belə hücumlar bumeranq effekti verib və rejimin özünüifşasıyla yekunlaşıb. Bu dəfə də hökumət demokratik düşərgənin üzərinə “Gülən kartı” ilə gəldi. Sanki bu dəfə bütün baş tutmayan “ssenari”lərin qisasını almağa daha çox kökləniblər. Vəziyyət o həddə çatıb ki, Rusiya telekanalları AXCP-nin, Milli Şuranın “təbliğat”ını aparır. Hökumət o qədər narahat olub ki, Əli Kərimliyə, Cəmil Həsənliyə Rusiya telekanalları vasitəsilə də şər-böhtan yağdırır. Sən demə, bu adamlar Gülən şəbəkəsiylə əlbir olub ölkədə çevriliş etmək istəyirmiş, terrorçuluqla məşğul olurmuş və s.
Əlbəttə, bu yazıda məqsədimiz hökumətin “Gülən əməliyyatı”nı ifşa etmək deyil. Çünki, bugünə qədər ortaya çıxan faktlar, yalançının və gülənçinin kimlər olduğunu təsdiqlədi. “Gülən” çamuru müxalifətə qətiyyən yapışmadı və hökuməti pərt duruma saldı.
Amma müxalifət liderlərinin Rusiya telekanallarında böhtana məruz qoyulmasında mühüm bir məqam var. Deməli, hökumətimiz lazım olanda Rusiya telekanallarına əl uzada bilir, öz maraqlarının təmin edilməsinə nail olur. Indiki məqamda da müxalifət liderlərinin daha böyük miqyasda ləkələnməsinə nail olmaq üçün Rusiya telekanallarına elçi düşdülər və istədiklərinə nail oldular.
Bu məqamda sual meydana çıxır ki, hökumətimiz dövlətin maraqları naminə niyə Rusiya telekanallarına elçi düşmür? Aprel döyüşləri zamanı Rusiya telekanalları Azərbaycanın əleyhinə təbliğat apardılar, Ermənistanın haqsız mövqeyini müdafiə etdilər. Hətta vəziyyət o həddə çatdı ki, baş nazirin müavini Əli Əhmədov Rusiya telekanallarının bu cür yanaşmasını yolverilməz saydı.
Vicdanlı insanları ləkələmək üçün göstərilən canfəşanlıq, dövlətin maraqları naminə niyə göstərilmədi? Niyə aprel döyüşləri zamanı bu telekanallarda Azərbaycanın təbliğatı aparılmadı, niyə hökumət bu telekanallara çıxmaq üçün pul xərcləmədi?
Göründüyü kimi, dövlətin imici, xalqın qüruru bu hökumət üçün əhəmiyyət kəsb etmir. Hökumət Ermənistanın haqsız mövqeyinə arqumentlərlə cavab vermədi, amma müxalifət liderinə qarşı haqsızlığın bütün növlərindən istifadə etdilər.
Bəli, Əli Kərimlinin, Cəmil Həsənlinin şərlənməsi, alternativlərin sıradan çıxarılması, Qarabağ məsələsindən önəmli imiş… 100-dən artıq hərbçimiz şəhid oldu, dinc sakinlər gülləyə tuş gəldi, yüzlərlə ev dağıdıldı və Rusiya telekanallarının yalan informasiyasına adekvat cavab verilmədi. Əksinə, Rusiyanın xahişi ilə atəşkəs dayandırıldı, Rusiyaya təşəkkür edildi.
Hökumət bu qədər sədaqətin qarşılığında Rusiyadan Qarabağ təbliğatını deyil, ölkə müxalifətinin ləkələnməsini istədi. Həmişə belə olub, həmişə şəxsi maraqlara görə bütün sədlər keçilib. Dövlətin və xalqın maraqlarına görə isə xırda kötüyün üstündən tullanmağa da həvəsləri olmayıb.
Bir sözlə, “Gülən əməliyyatı” zamanı hökumətin xisləti bir daha aydın göründü. Bir daha məlum oldu ki, bu təfəkkürün sahibləri ilə uzağa getmək olmaz. Bunlar heç vaxt xeyir iş üçün elçiliyə getmirlər.
İlham