Əvvəli olmayanın, davamı ola bilməz
“Referendumu islahatların davamı kimi qiymətləndirmək lazımdır”. Bu sözləri Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə deyib.
Məsələ burasındadır ki, Referenduma qədər hər hansı islahat göstəricisi müşahidə etməmişik. Zaman göstərdi ki, antiböhran tədbirləri, islahat təbliğatı sadəcə görüntü imiş. Əli Həsənov konkret olaraq hansı sahədəki islahatlardan söhbət getdiyini söyləməyib. Amma görünən budur ki, “islahat ili” elan olunduqdan sonra milli valyuta daha da ucuzlaşıb, bank sektoru çöküb, problemli kreditlərin həcmi artıb, xarici borcumuz çoxalıb, ixtisarlar sürətlənib, vergi ödəyiciləri sıradan çıxıb, ticarət dövriyyəsi kəskin azalıb, bütün məhsulların qiyməti artıb. Eyni zamanda təhsilin və səhiyyənin vəziyyəti kəskin pisləşib. Yəni heç bir sahədə müsbət işartılar gözə dəymir. Əksinə, hökumət Referenduma tam əliboş gedir. Hətta ölkənin ən ağır vəziyyətində də real islahat aparmağa siyasi iradə çatmadı. Hökumət yaranmış böhranı vətəndaşın cibi hesabına dəf etmək istədi. Bu isə çıxış yolu deyil, ölkəni daha da çıxılmaz vəziyyətə salmaqdır.
Hökumət Referendum ərəfəsində yalnız bir sahədə “islahat” apara bildi. Demokratik düşərgəyə qarşı yeni repressiyalar həyata keçirildi. Qondarma ittihamlarla müxalifətçilər həbs olundu, ölkədəki hüquqsuzluq, qanunların ölü vəziyyətdə olması bir daha özünü göstərdi. Bir ölkədə ki “qara kassa”nın həcmi 70 faizdir, o ölkədə heç bir islahat aparıla bilməz. Bir ölkədə müstəqil məhkəmə yoxdursa, həmin ölkədə heç bir inkişafdan danışmaq mümkün deyil.
Real vəziyyət isə onu deməyə əsas verir ki, Referendumdan sonra manat ucuzlaşmağa davam edəcək, növbəti qiymət artımı start götürəcək və sosial-iqtisadi vəziyyət pisləşəcək.
Yəni ölkəni böhrandan çıxarmaq üçün Referendum yox, siyasi iradə, real islahat, dövlət və xalq sevgisi lazımdır. Deməli, Əli Həsənovun fikirləri qüsurludur. Əvvəli olmayan islahatın davamı ola bilməz.
Samir