…Azərbaycanda əlillərin Allaha xoş gəlməyən vəziyyətini görmür?
Gənclər və idman naziri Azad Rəhimov Rusiya Paralimpiya yığmasından lisenziyaların alınması və 3 lisenziyanın Azərbaycana verilməsi ilə bağlı sualı cavablandırıb: “Üç lisenziya bizə verilib. Məndə məhkəmənin yekun qərarı yoxdur. Buna görə də, bilmirəm lisenziya necə bölünüb. Həm də əlilləri Olimpiadaya buraxmamaq Allaha da xoş getməz”-deyə Azad Rəhimov bildirib.
Açığı, Azad müəllimin Allahı yada salması, əlillərə belə münasibətin Allaha xoş getməyəcəyini dilə gətirməsi məni çox təəccübləndirdi. Çünki, uzun illərdi yaşadığımız ölkədə Allahsızlıq hökm sürür və heç bir vəzifəlinin bu Allahsızlığa etiraz etdiyini görməmişik. Əksinə, uzun illərdi Allahsızlığa haqq qazandırılır, Allahsızlığa etiraz edənlər cəzalandırılır. Daha doğrusu, xeyli adam Allahsızlığı alqışlamaq üçün növbəyə düzülüb, canfəşanlıq edir.
Bəli, əlil insana qarşı ədalətsizlik Allahın xoşuna gəlmir. Amma Azərbaycanda baş verənlərlə müqayisədə, Paralimpiya Komitəsinin qərarı çox ədalətlidir. Ən azı Komitə verdiyi qərarı əsaslandırır və haqlı olduğunu sübut edir.
Maraqlı olan budur ki, bizim vəzifəlilər Allaha xoş gəlməyən əməlləri xaricdə axtarır. Ölkədə pis əməllər törədiləndə Allahın buna münasibəti nəzərə alınmır. Allaha xoş gəlməyən əməllər bu ölkədə normaya çevrilib.
Ona görə də sual edirik ki, 1-ci qrup əlilə 50 manat müavinət verilməsi Allaha xoş gedirmi? 13500 şəhid ailəsinin sığorta pulunun mənimsənilməsi Allaha xoş gedərmi? Günahsız insanların şərlənərək həbs olunması, günahsız insanlara işgəncə verilməsi Allaha xoş gedərmi? Yüz milyardlarla neft pulunun talan edilməsi, insanların intihar həddinə çatıdırılması Allaha xoş gedir? Məmurlar milyonçuya çevrildiyi halda, vətəndaşa 105 manat minimum əməkhaqqı müəyyənləşdirmək Allahsızlıq deyilmi? Məcburi müalicəyə ehtiyacı olanları süründürüb, mənasız tədbirlərə milyardlar xərcləmək Allahın xoşuna gəlir?
Ölkəyə gətirilən məhsulları 10 qat baha qiymətə satışa çıxarmaq, sahibkarlara divan tutmaq, təmiz adamları şərləmək Allah rizası üçündür?
Onsuz da borc bataqlığında olan vətəndaşı qiymət artımı ilə sınağa çəkmək daha böyük Allahsızlıq deyilmi? Seçkidə qalib tərəfin səsini oğurlamaq, insanları yaxınları ilə şantaj etmək Allahı danmaq deyilmi?
Insanların ah-naləsi ərşə dirənib, məmur özbaşınlağı meydan sulayır, vətəndaşın haqqı hər addımda tapdanır, Azad Rəhimov isə Rusiya idmançılarına qarşı haqsızlıqdan danışır.
Ancaq ən böyük haqsızlıq Azərbaycan insanına qarşı edilib, Azərbaycan vətəndaşının da “lisenziya”sı ləğv olunub, həm də Allahsızcasına.
Bəli, ən böyük Allahsızlıq zəngin bir ölkənin vətəndaşını səfilə çevirməkdi. Ona görə də Azərbaycan reallıqlarına bələd olan nazir üçün Paralimpiya Komitəsinin qərarı təəccüblü görünməməlidir. Allah təkcə Paralimpiya Komitəsinin qərarını yox, Azərbaycandakı Allahsız qərarları da görür.
İlham