Miryusif Mahmudovun MTN barədə ifadəsi barədə araşdırmalara başlanıldığı bildirilir
Yanan bina ilə bağlı məhkəmə prosesinin qeyri-müəyyən vaxta qədər təxirə salınmasının səbəbləri barədə redaksiyamıza maraqlı məlumat daxil olub. Yada salaq ki, son məhkəmə prosesi avqustun 16-da keçirilib. Həmin prosesdə “Global Construction” və “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov sensasiya sayıla biləcək ifadə verib. O bildirib ki, hadisədən bir neçə gün əvvəl – mayın 13-də MTN-in bir polkovnik və bir də mayor rütbəli iki səlahiyyətlisi ofisinə gələrək, ondan pul istəyib. Amma o, pulu verməyib və üç gün sonra – mayın 16-da onların üzlədiyi tikililərdən birində – Veteranlar Şurasının yerləşdiyi binada yanğın törədilib. Ardınca da mayın 19-da 15 nəfərin ölümü ilə nəticələnən Binəqədi yanğını.
Məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev bildirib ki, Qəzənfər Novruzovun Müalicə Müəssisəsindən gətirilməsi problem yaradır. Ona görə də məhkəmə Qəzənfər Novruzovun təkrar tibbi ekspertizadan keçirilməsinə qərar verib. Ekspert qarşısında Novruzovun durumunun məhkəmədə iştirakına imkan verib-verməməsi sualı qoyulub.
Bu iş üzrə məhkəmə prosesi ekspertizanın rəyi məlum olana qədər təxirə salınıb.
“Azadlıq”a daxil olan məlumata görə isə prosesin qeyri-müəyyən vaxta təxirə salınmasının səbəbi Miryusif Mahmudovun bu ifadəsi olub. Bildirilir ki, bu ifadə artıq yanan bina ilə “MTN işi” arasında əlaqənin olması deyilənlərin növbəti təsdiqi kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, yanan bina ilə bağlı məhkəmə prosesi başlamışdan əvvəl bildirilirdi ki, bu olayla bağlı cinayət işi “MTN işi”nə birləşdirilə bilər.
Hətta hökumətin nəzarətində olan bəzi media orqanları bu hadisəsinin MTN-dəki şəbəkə tərəfindən törədilə biləcəyi barədə məlumatlar da yayırdı. Lakin hansısa səbəbdən yanan bina ilə bağlı cinayət işi “MTN işi”nə birləşdirilmədi.
Yeni məlumatlara görə, Miryusif Mahmudovun məlum ifadəsi ilə bağlı ciddi araşdırma aparılmağa başlanılıb.