Qadir İbrahimli: «Bahalaşma tendensiyası bundan sonra da davam edəcək»
Azərbaycanda qiymətlər nəinki aybaay, hətta günbəgün bahalaşmaqdadır. Ötən il iki devalvasiyadan sonra kəskin şəkildə artan qiymətlərdə yenə də durğunluq yaranmadı. Vaxt ötdükcə qiymətlərdə də pillə-pillə qiymət artımı qeydə alınırdı.
Bahalaşmanı manatın dollar qarşısında hər gün dəyər itirməsilə əlaqələndirirlər. Dolların bahalaşması davam etdikcə, qiymət artımının da dayanmayacağı bildirilir. Çünki ölkədə istehlak olunan məhsulların böyük əksəriyyəti xaricdən idxal olunur. Xaricdən isə mallar dollar, avro kimi xarici valyuta ilə alınıb ölkəyə gətirilir.
Ekspertlər hazırda növbəti ciddi devalvasiyanın anonsunu verirlər. Yəni dolların bundan sonra yenə də kəskin bahalaşacağı gözlənilir. Amma bir sıra məhsullardaki kəskin bahalaşma sanki proqnozlaşdırılan devalvasiyanı qabaqlayıb.
Istisna olunmur ki, qiymətlərin öncədən artırılmasını payızda gözlənilən devalvasiyadan sonra yumşaq bahalaşma ilə sığortalamaq istəyirlər.
Iqtisadçı-ekspert Qadir Ibrahimli deyir ki, manatın fevral-mart ayında dollara nisbətdə olan kursu 1.49 idisə, hazırda bu rəqəm 1.70-ə yaxınlaşır. Faktiki olaraq, manat son 6 ayda 20 qəpik dəyər itirib. Ekspert deyir ki, bu da qiymət artımı, əsas da idxal məhsullarının qiymətinin artırılması üçün əsas rol oynayır: “Bahalaşma tendensiyası bundan sonra da davam edəcək. Devalvasiya onsuz da hər gün baş verir. Üzən məzənnənin özəlliyi də ondadır ki, bu proses hər gün baş verdiyindən əhali də bir növ ona alışdırılır. Manat mərhələ-mərhələ dəyərini itirir və nəticədə bahalaşma da davam edir”.
Nigar