Nail Laçınlı səslərinin oğurlandığını iddia edir
Azərbaycanın telekanallarında musiqi yarışmaları gündən-günə çiçəklənir. Indi əksər telekanallarda demək olar ki, SMS-lə musiqiçilərin “sənətkarlıq” qabiliyyətinə qiymət verilir. Ölkənin tanınmış xanəndələri, böyük söz ustadları bu cür yarışmaların keçirilməsini məqsədəuyğun saymadıqlarını dəfələrlə bildiriblər. Onların fikrincə, bu cür yarışmaların keçirilməsi həqiqi ifaçıların sonda kənarda qalmasına gətirib çıxarır. Bundan başqa, bu cür müsabiqələrdə tərəfkeşlik daha çox olur. Imkanlı, münsiflərlə iş birliyinə gedən yarışmaçılar nələrinsə müqabilində gözlənilməz halda qalib gəlirlər. Üstündən bir müddət keçəndən sonra mətbuat səhifələrində müsabiqənin əsl siması üzə çıxır. ANS-də yayımlanan “Toylar Kralı” musiqi müsabiqəsinin 4-cü yarışmasını buna misal göstərmək olar…
4 min SMS necə yoxa çıxdı?
Ötən il avqustun 3-də baş tutmuş final yarışması və ondan sonrakı proseslər qalmaqalsız ötüşmədi. Final iştirakçılarından olan Nail Laçınlı “Toylar kralı” titulunu müsabiqənin qoyduğu şərtlər çərçivəsində almağa haqqı çatsa da, saxtakarlıq nəticəsində ikinci yerə çıxdı. Araşdırmaların sayəsində belə qənaətə gəldik.
Nail Laçınlının hesablamaların nəticələrinə etiraz bildirməyindən və araşdırmaların hətta məhkəməyə qədər gedib çıxmağından hamının xəbəri yoxdur. Bəlkə də Nail Laçınlı bir nömrədən göndərilən 14000 səsi şirkətin efirə 10000 səs kimi təqdim etməsini aşkarlamasaydı, hamı onun müsabiqənin şərtlərinə uyğun olaraq məğlub olacağını zənn edərdi.
Qeyd edək ki, “Toylar kralı-4″ musiqi müsabiqəsinin gedişində SMS-ləri qəbul və emal edən şirkət kimi ”Azon” MMC çıxış edib. Elə Nail Laçınlının da bütün ittihamları məhz bu şirkətə qarşıdır. Sözügedən müsabiqədə iştirakçılara səs göndərmək üçün iki rabitə operatorunun “Aztelekom” IB və “Azercell Telekom” MMC-nin xidmətlərindən istifadə edilirdi.
Nail Laçınlı və müsabiqə zamanı onu müşayiət etmiş şəxslər final yarışmasının son dəqiqələrində səslərin hesablanmasında qeyri-obyektivliyə yol verildiyini aşkar edirlər. “Azon” MMC-nin təqdim olunmuş xronometrajda da göstərilir ki, Nailin topladığı səslərin sayı saat 23:49:01-də 12914 olduğu halda, bu göstərici saat 23:52:45-də artaraq 23599-a çatır. Lakin “Aztelekom” IB-nin təqdim etdiyi arayışda aydın göstərilir ki, həmin gün saat 23:51:44-də bu operatorun bir məlum abunəçisi tərəfindən Nail Laçınlının nömrəsinə 14000 SMS göndərilib. “Azon”un göstəricilərinə görə isə artım yalnız 10685 SMS olub. Nəzərə alsaq ki, 685 SMS-i digər abonentlər göndərib, şirkətin səslərin emalı zamanı 4000 SMS “itkisinə” yol verdiyi aşkar olunar. Təbii ki, Nail Laçınlının etirazlarını “Azon” qəbul etmir. Bundan sonra müğənni hüquqlarının təmin olunması üçün Səbail Rayon Məhkəməsinə müraciət edir. Məhkəmə araşdırmaları zamanı isə daha maraqlı faktlar ortaya çıxır.
Məhkəmə tərəf saxlayaraq…
Ilk növbədə Nail Laçınlı “Aztelekom” IB və “Azercell Telekom” MMC-dən müsabiqənin hər iki finalçısına göndərilmiş SMS-lərin sayını ayrılıqda təqdim etmək tələbini irəli sürür. “Aztelekom” IB ilə bu baxımdan heç bir problem yaranmır. Birliyin təqdim etdiyi arayışa əsasən tamaşaçıların göndərdiyi SMS-lər belə bölünür: Nail Laçınlı 14899 və digər iştirakçı 690 səs. Ancaq “Azercell Telekom” MMC texniki səbəblərə görə yalnız ümumilikdə SMS-lərin sayı barədə hesabat təqdim edərək onların paylanması haqda məlumatın yalnız “Azon”un verə biləcəyini bəyan edir. Yeri gəlmişkən, artıq bu məqam da özü-özlüyündə “Azon”un göstəricilərlə istədiyi kimi manipulyasiya etmə imkanları olduğundan xəbər verir. Beləliklə, “Azercell Telekom”un arayışında SMS-lərin ümumi sayı 15630 olduğu göstərilir. Belə bir vəziyyətdə problemin həlli yolu kimi məhkəmənin “Azercell Telekom” xətti ilə daxil olan SMS-lərin paylanması barədə “Azon”dan arayışın tələb olunması və bunun əsasında nəticələrin yenidən hesablanması olardı. Görünür, işi aparan hakim problemə tam fərqli prizmadan yanaşdığı üçün araşdırmaları sona çatdırmadan 17 noyabr 2011-ci il tarixində Nail Laçınlının iddiasını rədd edir. Bundan sonra müğənni bu ilin fevralın 9-da Apelyasiya Məhkəməsinə həmin iddia ilə müraciət edir. Nail Laçınlının sözlərinə görə, hakim Ismayıl Vəliyev məhkəmə prosesinin ilkin vaxtlarında araşdırmaları həqiqətən də böyük dəqiqliklə həyata keçirilməsini təmin edir. “Azon”u təmsil edən əməkdaş hakimin təkidlə ona ünvanladığı “Azercell Telekom”dan daxil olan SMS-lərin paylanması ilə bağlı sualı cavablandırmaq məcburiyyətində qalaraq 15630 səsdən 8278-nin Nail Laçınlıya, 7352 səsin isə digər iştirakçıya aid olduğunu bildirir.
Bundan başqa, sənədlərə diqqət yetirəndə efirə getmiş səsdən (23977) “Aztelekom”dan (14899) və münsiflərdən (800) gələn səsləri çıxanda ortada yenə 8278 alınır. Bu isə onu göstərir ki, Nail Laçınlıya verilən səslər həqiqəti əks etdirir, ancaq burada saxtakarlığa yol verilib.
Fevralın 22-də keçirilmiş növbəti iclas zamanı isə məhkəmə “Azon”dan bu rəqəmləri təsdiqləyən rəsmi sənəd təqdim olunması tələbini irəli sürdü. Növbəti məhkəmə iclasında “Azon”un məsul işçiləri səslərin şirkətin kompüterinin yaddaşından silindiyini bəyan edirlər. Hakim Ismayıl Vəliyev isə bundan sonra Nail Laçınlının iddiasını əsassız sayaraq rədd edir…
22162 səs artıq imiş
Ən maraqlısı isə budur ki, hətta “Azercell Telekom”dan daxil olan SMS-lərin paylanmasının digər iştirakçının xeyrinə hesablanması belə yenə də Nail Laçınlını birincilikdən məhrum etməyə kifayət etmir. Belə ki, müsabiqənin finalında müğənniyə səs vermiş tamaşaçılardan biri məsələdən xəbərdar olduqdan sonra göndərdiyi SMS-lərin müqabilində “Azercell Telekom”dan aldığı hesab-fakturanın nüsxəsini müğənniyə təqdim edib. Həmin sənədə görə tamaşaçının müğənniyə 900 SMS göndərdiyi məlum olub. Hətta hesab etsək ki, mobil operatordan göndərilən SMS-lər (900 səs istisna olmaqla) o biri finalçıya göndərilib. Məlum olduğu kimi münsiflərin səsləri də hər iştirakçıya 800 olmaqla yarı bölünmüşdü. Indi bunları nəzərə alaraq yekun nəticələri bir də hesablayaq. Nail Laçınlı – “Aztelekom” IB-dən 14899 səs, “Azercell Telekom” MMC-dən 900 səs və münsiflərdən 800 səs olmaqla cəmi 16599 səs. Digər iştirakçı – “Aztelekom” IB-dən 690 səs, “Azercell Telekom” MMC-dən 14730 səs və münsiflərdən 800 səs olmaqla cəmi 16220 səs. Deməli, elə bu nəticələr də artıq Nail Laçınlının qalib olmasını tam təsdiqləyir. Ancaq “Azon” MMC-nin saxtakarlığa əl atması başqa bir məqamda da təsdiqlənir. Belə ki, iki rabitə operatorunun məhkəməyə təqdim etdikləri rəsmi arayışlara əsasən ümumilikdə “Azon” MMC-yə daxil olan SMS-lərin cəmi (münsiflər heyətinin verdiyi səslər də daxil olmaqla) sayı 32819 olub. “Azon” MMC-nin təqdim etdiyi sənədə əsasən isə bu, Nail Laçınlıda 23977 və o biri yarışmaçıda 31004 olmaqla cəmi 54981 təşkil edib. 22162 səsin isə artıq çıxdığı açıq aydın görünür və məlum məsələdir, bu səslər Nail Laçınlının rəqibinin adına yazılıb.
***
Yazıda adı hallanan “Azon” MMC ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da mövqeyini dərc edə bilərik…
Ramin DEKO