Hüquq mühafizə orqanları korrupsiya faktlarıyla bağlı niyə araşdırma aparmır?
Heç kimə sirr deyil ki, mövcud hakimiyyətin dövründə korrupsiya çiçəkləndi və dövlət siyasətinə çevrildi. Istənilən sahədə korrupsiya izi tapmaq olar. Bu ölkədə rüşvət qarşılığında həbsxanadan xilas olmaq, diplom almaq, vəzifə daşımaq, kimisə həbsə saldırmaq, elmi ad almaq və s. mümkündür.
Amma hökumət hər zaman korrupsiya ilə mübarizədən dəm vurub, şəffaf idarəçiliyin təmin edildiyini sübut etməyə çalışıb. Bu da məlum faktdır ki, Azərbaycan gömrüyü vətəndaş üçün “əjdaha” qiyafəsindədir. Gömrükdə baş verənlərlə bağlı təsirli film çəkmək, möhtəşəm kitab yazmaq olar. Hətta beynəlxalq təşkilatlar da Azərbaycandakı korrupsiyanı, “qara kassa”nın mövcudluğunu, gömrükdəki maxinasiyaları hesabatlarına daxil ediblər. Amma hər dəfə Azərbaycan hakimiyyəti bu təşkilatların hesabatlarının qərəzli olduğunu, erməni lobbisinin təsiri altında hazırlandığını bildiriblər. Ölkə daxilində də qeyri-şəffaflığa etiraz edənlərə qarşı da oxşar ittihamlar səslənib.
Bugünlərdə isə rəsmi açıqlama verildi ki, ticarət dövriyyəsi 30 faiz azalıb, eyni zamanda rəsmi məlumat yayıldı ki, gömrükdən büdcəyə daxilolmalar 30 faiz artıb. Əslində, bu rəqəmlər ziddiyyət təşkil edir. Ticarət dövriyəsi 30 faiz azalıbsa, gömrükdən büdcəyə daxilolmalar da 30 faiz azalmalıydı. Bir neçə gün öncə “The Financial Times” jurnalına müsahibə verən Natiq Əmirov da bu barədə həvəslə danışıb, gömrükdəki islahatlardan söhbət açıb.
Bəli, etiraf edilir ki, uzun illər ərzində ölkəyə gətirilən 10 məhsuldan yalnız 3-ü qeydiyyata düşürmüş. Bu isə o deməkdir ki, ölkəyə idxal olunan məhsulların 70 faizinin rüsumu büdcəyə yox, “qara kassa”ya gedirmiş. Deməli, beynəlxalq təşkilatların hesabatları, ekspertlərin fikirləri həqiqətdir.
Bu dəfə korrupsiyanın fontan vurmasını müxalifət, beynəlxalq təşkilatlar yox, prezidentin iqtisadi məsələlər üzrə müşaviri Natiq Əmirov söyləyir. Etiraf edirlər ki, bu ilin yanvarında qədər “qara kassa” mövcud olub və hökumətin başında duranlar da bundan xəbərdar imiş.
Deməli, bu illər ərzində milyardlarla vəsait büdcədən məqsədli şəkildə yayındırılıb. Deməli, ölkənin bu vəziyyətə düşməsi qlobal böhranla, neftin qiymətinin ucuzlaşmasıyla bağlı deyil. Sadəcə olaraq büdcəyə axmalı olan pulların istiqaməti dəyişdirilib və nəticədə xaricdən borc dilənməyə məcbur olmuşuq.
Ticarət dövriyəsinin 30 faiz azaldığı təqdirdə, gömrükdən büdcəyə daxilolmalar 30 faiz artıbsa, bu o deməkdir ki, əvvəlki illərdə bu artım ən azı 60 faiz olmalıymış.
Başqa bir məqam bundan ibarətdir ki, korrupsiya faktı açıq şəkildə etiraf olunsa da aidiyyəti qurumların reaksiyası yoxdur. Niyə, prokurorluq araşdırmağa başlamır? Niyə ölkə başçısı bu dəhşətli faktların araşdırılması üçün tapşırıq vermir? Necə olur ki, hansısa hüquq müadfiəçisinin, QHT rəhbərinin fəaliyyətində mikroskopla araşdırma aparılır, qəpik-qurşun hesabı çəkilir, amma bu boyda karrupsiya faktına görə cinayət işi açılmır?
Belə çıxır ki, bugünə qədər gömrük vasitəsiylə büdcədən oğurlanan milyardlara görə haqq-hesab çəkilməyəcək. Bu milyardları mənimsəyənlər komfortlu həyatlarına davam edəcəklər. Bu, təxminən ona bənzəyir ki, 10 nəfəri qətlə yetirmiş adamı sərbəst buraxırlar və “bundan sonra adam öldürmə” nəsihəti verirlər.
Istənilən halda hökumətin “qara kassa” ilə nəfəs aldığı, uzun illər ərzində büdcədən böyük pulların yayındırıldığı etiraf olunur. Vətəndaşın niyə bu qədər səfil, məmurların niyə bu qədər varlı olduğunun bir göstəricisi də budur.
Akif