Gültəkin Hacıbəyli: «Avropa Parlamenti sanksiyalarla bağlı xəbərdarlıq mərhələsindən sanksiyaların tətbiqinə keçə bilər»
Azərbaycan hakimiyyətini növbəti ciddi dinləmə gözləyir. Hakimiyyətin siyasi repressiyaları yenidən gündəmə gətirməsi beynəlxalq təşkilatları biganə qoymayıb. Avqustun 31-də Brüsseldə Avropa Parlamentində üçüncü ölkələrdə insan hüquqları və korrupsiya mövzusunda dinləmə keçiriləcək. Dinləmədə Sport for Human Rights Coalition (Insan hüquqları naminə Idman) koordinatoru Rebekka Vinsent çıxış edəcək.
O, bu barədə özünün twitter mikrobloqunda yazıb. Dinləmələrdə Avropa Xarici Fəaliyyət Xidmətinin və Avropa Komissiyasının nümayəndələri də iştirak edəcək. Vinsent hesab edir ki, Avropa Ittifaqı Azərbaycan hökumətini daha sərt şəkildə insan hüquqları sahəsində öhdəliklərinə riayət etməyə çağırmalıdır. “Insan hüquqları naminə idman” kampaniyasının fəalları Azərbaycanda bu ilin mart-may ayında bir çox siyasi, ictimai fəallar azadlığa çıxsa da, vəziyyətin, demək olar, dəyişmədiyini hesab edirlər. Son vaxtlar yeni həbslər aparılıb. Bu, Azərbaycan prezidentinin Konstitusiyaya dövlət başçısının səlahiyyətlərini gücləndirən düzəlişlər üzrə referendum təşəbbüsü irəli sürməsindən sonra baş verib.
Müzakirələrdən nə gözləmək olar? Bu müzakirələr hakimiyyətin yürütdüyü siyasətə nə vəd edir?
Milli Şuranın Koordinasiya Mərkəzinin Gültəkin Hacıbəyli vurğuladı ki, istər Avropa Parlamentinin, istərsə də ABŞ Konqressinin ənənələrinə görə insan haqları və demokratiya ilə bağlı dinləmələr bu şəkildə təşkil olunur. Öncə həmin ölkə üzrə ixtisaslaşan, ölkədəki durumu gözəl bilən QHT-lər bu barədə müvafiq qurumların təmsilçilərini məlumatlandırırlar. Daha sonra isə həmin müzakirələr daha ciddi sektorlara, parlamentin özünə köçürülür: “Düşünürəm ki, Avropa Parlamentində olan ənənə bu dəfə də davam edəcək. Əslində, bu müzakirələr Avropa Parlamentindəki növbəti müzakirələrə hazırlıq xarakteri daşıyır. 2015-ci ilin sentyabrında Avropa Parlamentində Azərbaycanla bağlı sərt, açıq, birmənalı qətnamə qəbul edilmişdi. Həmin qətnamə o vaxt qarşıdan gələn parlament seçkiləri ilə bağlı açıq, birmənalı mövqe sərgiləmişdi. Qətnamədə göstərilirdi ki, Azərbaycanda seçki mühiti yoxdur. Azərbaycanda seçki adına keçirilən legitim xarakter daşımır. Buna görə də Avropa Parlamenti təşkilata üzv ölkələrə müraciət edərək onları seçkiləri müşahidə etməyə nümayəndə göndərməməyə çağırdı. Bu yolla qeyri-demokratik seçkinin legitimləşməsinin qarşısını almağa səsləmişdi. Həmin qətnamə kifayət qədər sərt idi. Həmin sənəddə Xədicə Ismayılın araşdırmalarından da bəhs edilirdi və Avropa Komissiyasına sanksiyalarla bağlı çağırışlar var idi”.
G.Hacıbəyli hesab edir ki, ötən müddət ərzində demokratiya və insan haqları ilə bağlı durumun daha da ağırlaşdığını, ölkədə keçiriləcək Konstitusiya dəyişikliklərinin respublika quruluşuna zidd olduğunu, siyasi müxalifətə qarşı sərt repressiyaların başladığını nəzərə alsaq, bu o deməkdir ki, Avropa Parlamenti daha sərt mövqe sərgiləməyə hazırlaşır. “Ola bilsin ki, sanksiyalarla bağlı xəbərdarlıq mərhələsindən sanksiyaların tətbiqinə keçilə bilər. Bu istiqamətdə daha konkret çağırışlar eşidə bilərik. Avqustun 31-də keçiriləcək müzakirələr Avropa Parlamentinin atacağı addımlara hazırlıq xarakteri daşıyır”, deyə G.Hacıbəyli vurğuladı.
Xəyal