İslam Kərimov ölüb, yoxsa sağdır? Müəmma davam edir
Özbəkistanın bəzi xəbər saytları prezident Islam Kərimovun vəfat etməsi barədə məlumat yayıb. Lakin ölkənin Prezident Aparatı ölüm xəbərini təkzib edib. Bu barədə prezident aparatındakı mənbə bildirib. “Prezident Islam Kərimovun vəziyyəti sabitdir”, deyə mənbə bildirib.
Prezidentin qızı Lola Kərimova isə atasının beyninə qan sızdığını açıqlayıb.
Qeyd edək ki, Islam Kərimov avqustun 27-də xəstəxanaya yerləşdirilib.
Özbəkistan hökuməti dövlət müstəqilliyi ilə bağlı sentyabrın 1-nə planlaşdırılan təntənəli mərasimləri təxirə salıb. Qərarın səbəbi bəlli deyil. Bunun ölkə prezidenti Islam Kərimovun sağlıq durumu ilə bağlı ola biləcəyi güman edilir(apa).
Özbəkistana uzun illər rəhbərliyi dövründə Islam Kərimov ilk dəfə olaraq öz ölkəsinin builki müstəqillik bayramında iştirak edə bilməyəcək.
BBC-nin məlumatına görə, sentyabrın 1-də Özbəkistanın müstəqllik əldə etməsinin 25-ci ildönümü qeyd olunacaq. Bu tədbirdə prezident xüsusi nitqlə çıxış etməli idi. Lakin şənbə günü 78 yaşlı lider beyinə qan sızması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Kərimovlar ailəsinin bildirdiyi kimi, o hazırda reanimasiya şöbəsindədir. Özbəkistanda ilk dəfədir ki, dövlət başçısının səhhəti barədə rəsmi məlumat verilir. Bu barədə rəsmi bəyanatı Nazirlər Kabineti yayıb.
Islam Kərimov artıq 25 ildir ki, hakimiyyətdədir. Bəs o, necə prezident olub? Onun hakimiyyəti dövründə sadə özbəklər necə yaşayıblar? Onun dostları, düşmənləri kimlərdir?
Kərimov hakimiyyətinin ömrünü necə uzadıb?
1989-cu ildə Özbəkistan lideri Rafik Nişanov Moskvaya – yüksək vəzifəyə dəvət olunanda onun postunu Kərimova həvalə etmişdilər. Islam Kərimov keçmiş sovet respublikalarının rəhbərləri arasında özünə prezident titulu götürən ilk lider idi. Onu prezident olaraq Özbəkistan SSR-i Ali Soveti 1990-cı ilin 24 martında seçmişdi.
Özbəkistan Konstitusiyası bir nəfərin iki müddətdən artıq dövlət başçısı olmasına icazə verməsə də, bütün bu illər ərzində Kərimov hakimiyyət başında olub. Bu, onun hakimiyyət müddətini uzadan bir neçə referendum vasitəsilə mümkün olub. Hər referendumdan sonra onun hakimiyyət müddətinin sıfırdan başladığı elan edilib.
Onun əmri ilə yüzlərlə etirazçı öldürülüb
Insan haqları müdafiəçiləri Islam Kərimovu müasir dövrün ən qəddar diktatorlarından biri hesab edirlər. Sərhədsiz Reportyorlar Təşkilatı onu Zimbabve prezidenti Robert Muqabe və Şimali Koreya lideri Kim Çen Inlə birlikdə hətta “qırğı” adlandırıb.
Kərimovun hakimiyyəti illərində ən qanlı faciə 2005-ci il, mayın 13-də Əndican şəhərində keçirilən nümayişin dağıdılması olub. Burada silahsız kütləni hökumət qoşunları mühasirəyə almış və onlara atəş açmışdı. Rəsmi məlumatlara görə, hadisə zamanı 187 nəfər həlak olub. O vaxt minlərlə insan Əndicanın mərkəzi meydanına yığılaraq həyat şəraitinin yaxşılaşdırılmasını və vətəndaş haqlarının təminatını tələb edirdi.
Kərimov iddia edirdi ki, Əndicanda Islam qiyamı cəhdi edilib, lakin kütləyə atəş açmaq əmri verilməyib.
Indiyədək xarici mətbuatda Özbəkistanda baş verən insan haqları pozuntuları barədə məlumatlar dərc olunur. Ölkədə fərqli düşüncənin qarşısı alınır, siyasi məhbuslara işgəncələr verilir.
Oğlu yoxdur, qızları ilə münasibətləri…
Islam Kərimovun oğul övladı yoxdur. Kərimov ailəsinin ən tanınmış üzvü onun böyük qızı Gülnarədir. Bir vaxtlar o, Mərkəzi Asiyanın ən nüfuzlu adamlarından biri sayılırdı. Bizneslə məşğul olur, müğənnilik edir, Nyu-Yorkda öz geyimlərindən ibarət kolleksiyaların nümayişini keçirirdi. Gülnarənin Rusiya və Özbəkistan oliqarxları ilə dost münasibətləri var idi və atasının siyasətinə təsir göstərə bilirdi.
Lakin 2013-cü ildə onun nüfuz və biznes imperiyasına son qoyulub. Xaricdə onu çirkli pulların yuyulmasında ittiham edirlər. Özbəkistanın özündə isə Gülnarə ev dustağıdır. Prezident ailəsinin digər üzvləri barədə məlumatlar azdır. Onun kiçik qızı Lola “Sən tənha deyilsən” adlı xeyriyyə fonduna rəhbərlik edir. Bu fond ürək qüsurlarından əzab çəkən uşaqlara yardım göstərir. Kərimovun arvadı Tatyana haqqında, demək olar, heç nə bilinmir.
Özbəkistan iqtisadiyyatı miqrantlar üzərində qərar tutub
Kərimovun zamanında bir çox böyük sovet müəssisələri dayanıb. Son vaxtlarda qaz və elektrik fasilələrlə verilir. Milli valyuta olan sum qeyri-sabit olaraq qalır. Buna baxmayaraq, Özbəkistan təbii sərvətlərlə zəngindir. Ölkə neft və qaz ixrac edir, habelə dünyanın 5 pambıq ixracatçısından biridir. Qızıl ehtiyatlarına görə Özbəkistan dünyada 4-cü, onun hasilatına görə isə 9-cu yerdədir.
Ekspertlərin qiymətləndirməsinə görə, ölkədə biznes mühiti qeyri-qənaətbəxşdir. “Transparency International” beynəlxalq təşkilatının illik korrupsiya reytinqlərində ölkə bir qayda olaraq 150-ci yeri tutur.
Ölkədəki iqtisadi çətinliklər üzündən əhalinin 10 faizi xaricdə işləməyə məcburdur. Onlardan 58 faizi Rusiyada işləyir. Bundan başqa özbəklər qazanc üçün Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya və Avropa ölkələrinə üz tuturlar.
Qonşuları ilə münasibətləri gərgindir
Rusiya Özbəkistanın ən mühüm siyasi və iqtisadi tərəfdaşı olaraq qalır. 2014-cü ilin dekabrında Rusiya və Özbəkistan arasında maliyyə öhdəliklərinin qarşılıqlı tənzimlənməsinə dair saziş imzalanıb. Bu sazişə görə, Moskva Daşkəndin borclarının 95 faizini, başqa sözlərlə 860 milyon dollardan çox borcunu silib. Rusiya həm də Özbəkistanın əsas ticarət tərəfdaşıdır. Özbəksitanın xarici ticarətinin 27, 5 faizi Rusiya ilədir.
Tacikistan Özbəkistan hakimiyyətinin ən çətin münasibətlərə malik olduğu ölkə sayılır. Iki ölkə arasındakı münasibətləri son illərdə hətta “soyuq müharibə” adlandırıblar.
Özbəkistan Düşənbənin demək olar, bütün su-enerji təşəbbüslərinə qarşı çıxır və Tacikistan və Qırğızıstanda su-elektrik stansiyalarının tikilməsi əleyhinədir. Daşkənd belə bir narahatlıq ifadə edir ki, çayların üzərində əlavə stansiyalar Özbəkistan, Qazaxıstan və Türkmənistanda su qıtlığı yaradaraq ekoloji problemlərə səbəb ola bilər.
Özbəkistan-Tacikistan sərhədi boyunca uzun bir ərazi minalanıb və bu, yerli əhali üçün ciddi çətinliklər yaradır.