Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Mard AXCP sədri Əli Kərimli ilə görüşüb. Bu barədə məlumat “Azadlıq”a AXCP mətbuat xidmətindən daxil olub. Məlumatda deyilir ki, görüşdə ilk növbədə AXCP-yə qarşı hakimiyyətin repressiv addımları müzakirə olunub. Səfirin diqqətinə çatdırılıb ki, 11 nəfəri barədə cinayət işi olmaqla AXCP-nin 14 fəalı həbs edilib. Həmçinin AXCP-nin bundan əvvəl həbs olunan funksionerlərinin, vətəndaş cəmiyyəti institutu fəallarının, inanclı kəsimin nümayəndələrinin taleyi ciddi müzakirə mövzusu olub.
Görüşdə konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən referendum barədə də fikir mübadiləsi aparılıb. Əli Kərimli dəyişikliklərin konstitusiyaya zidd şəkildə həyata keçirildiyini vurğulayıb. AXCP sədri həmçinin referendumun Avropa Şurası Venesiya Komissiyasının və ATƏT-in Varşava bürosunun rəyi olmadan keçirilməsinə qarşı olduğunu diqqətə çatdırıb.
Görüşdə ölkədəki sosial-iqtisadi vəziyyət və siyasi islahatların perspektivləri də müzakirə mövzusu olub.