«Hökumət taxıl istehsalı ilə bağlı yenidən saxta, uydurulmuş rəqəmlər açıqlayıb»
Vahid Məhərrəmov: «Bu göstəricilər ölkədə taxıl istehsalının çox bərbad olduğunu deməyə əsas verir»
2016-cı ildə Azərbaycanda 2 milyon 820 min ton taxıl istehsal olunub. Bu göstəricinin ötən illə müqayisədə 2 faiz çox olduğu bildirilir. Bu haqda kənd təsərrüfatı nazirinin müavini Ilham Quliyev danışıb. AzərTAc-ın xəbərinə görə, nazir müavini ötən ilə nisbətən bu il ölkədə taxılçılıq sahəsində inkişafa nail olunduğunu vurğulayıb.
“Eyni zamanda bu il 1 milyon 844 min ton buğda istehsal edilib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 10 faiz çoxdur”,- nazir müavini bildirib.
Maraqlıdır ki, Ilham Quliyevin açıqlaması onun çalışdığı Kənd Təsərrüfatı Nazirliyinin (KTN) indiyə qədərki bilgiləri ilə üst-üstə düşmür.
Nazirlik bundan əvvəl açıqlamışdı ki, 2015-ci ildə ölkədə 2 milyon 999 min ton taxıl istehsal edilib. Dövlət Statistika Komitəsinin rəsmi statistik bilgilərində də belə deyilir.
2016-cı il üçün taxıl istehsalı gözləntilərinin 3 milyon ton olduğu bildirilirdi (azadliq.org).
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovla açıqlanan rəqəmlərə aydınlıq gətirməyə çalışdıq. V.Məhərrəmov deyir ki, kənd təsərrüfatı nazirliyinin məlumatına görə, 2015-ci ildə ölkədə 2 milyon 999 min ton taxıl, o cümlədən 1,8 milyon ton buğda istehsal olunub. Bu qədər məhsul ölkənin taxıl məhsullarına olan təlabatını ödəməklə yanaşı, həm də əhalinin çörəyə, ətə, südə, yumurtaya olan təlabatını tam ödəməli idi: “Lakin ölkə əhalisinin çörəyə və un məmulatlarına olan ehtiyacının ödənilməsi 100 faiz idxal buğdasının hesabına başa gəlir. Əhalinin ətə olan təlabatı 38%, südə 50%, yumurtaya olan tələbatı isə 55 faiz daxili istehsal hesabına ödənilir. Keçən il ölkəyə idxal olunan taxıl məhsullarının həcminə diqqət yetirin. Buğda və meslin – 1 milyon 353 min, çovdar – 22, arpa – 53 min 898, yulaf – 378, qarğıdalı – 181 min 652, düyü – 26 min 638, qarabaşaq, darı və digər dənli bitkilər – 3 min 216, buğda unu və ya buğda-çovdar unu – 5 min 788, digər dənli bitkilərin unu – 2 min 260, yarma və dənli bitkilərin qranulları – 4 min 852, taxıl, dənli bitkilərin rüşeymi – 6 min 940 ton və sair… Bu göstəricilər ölkədə taxıl istehsalının çox bərbad olduğunu deməyə tam əsas verir”.
V.Məhərrəmovun sözlərinə görə, ölkə əhalisinin qidasında əsas yer tutan çörək istehsalı üçün 1,2-1,3 milyon ton buğda nəzərdə tutulduğu halda, keçən il 1 milyon 353 min ton məhsul idxal olunub. “Hökumət məmurları taxıl istehsalı ilə bağlı yenidən saxta, uydurulmuş rəqəmlər açıqlayıb. Guya bu il Azərbaycanda 2 milyon 820 min ton taxıl istehsal olunub. Qeyd etməliyəm ki, 2016-cı ilin 7 ayı ərzində taxıl məhsullarının idxalı ilə bağlı geniş məlumat olmasa da, buğda idxalı ilə bağlı rəqəmlər ictimailəşdirilib. Bu ilin 7 ayı ərzində ölkəyə 788 min 573 ton buğda idxal olunub ki, bu da ölkənin bu məhsula olan təlabatından çoxdur. Belə olan halda, sual yaranır, ölkədə taxıl, o cümlədən buğda hansı məqsədlə istehsal edilir və harada istifadə olunur? Yaxşı olar ki, açıqlama versinlər, neçə ton 1-ci, 2-ci, 3-cü sinif buğda istehsal olunub və hansı emal müəssisələri həmin məhsuldan unüyütmədə istifadə edib? Yaxşı olar ki, bu sahəyə məsul olanlar açıqlama versinlər, bu qədər taxıl heyvandarlıqda yem kimi istifadə olunursa, onda nəyə görə ölkə özünün yumurtaya, südə, ətə olan təlabatını ödəyə bilmir?”, deyə V.Məhərrəmov vurğulayıb.
Xəyal