Xarici firmaya «yol xəritəsi» sifariş vermək nəyin etirafıdır?
“The Financial Times” qəzetində Azərbaycanla bağlı geniş məqalə dərc olunub. Məqalədə müəllif manatın uculaşmasından, ölkədəki sosial-iqtisadi vəziyyətin pisləşməsindən, məmur korrupsiyasından söhbət açır. Məqalədə deyilir ki, Azərbaycan prezidentinin müşaviri Natiq Əmirov da müəyyən çətinliklərin olduğunu etiraf edir. “Biz postneft erasına 10-15 ildən sonra daxil olacağımızı gözləyirdik, lakin indi faktiki olaraq həmin eraya düşmüşük. Biz gərək son bir neçə ildə başladığımız islahatları bir qədər sürətləndirəydik” – deyə Əmirov bildirib.
Məqalədə o da deyilir ki, Əmirov Azərbaycan iqtisadiyyatının 2025-ci ilədək yol xəritəsinin tərtibi üçün McKinsey firmasını kirayələyib.
Toxunmaq istədiyimiz əsas məqam da bununla bağlıdır. Deməli, 23 ildir hakimiyyəti zəbt etmiş komanda 23 ildən sonra Azərbaycan iqtisadiyyatını böhrandan çıxarmaq üçün “yol xəritəsi” sifariş verib.
Əvvəla məlum olur ki, mövcud hakimiyyət yalnız korrupsiya xəritəsi, hüquqsuzluq xəritəsi, saxtakarlıq xəritəsi hazırlaya bilir. Bu komanda Azərbaycanı dünya xəritəsindən silmək üçün əlindən gələni edib. Allahın bəxş etdiyi təbii sərvətləri talan ediblər, ölkədə süni parlaqlıq yaradıblar və bunu “uğurlu inkişaf” kimi təqdim ediblər. Faktiki olaraq bu illər ərzində heç bir sahə inkişaf etdirilməyib. Indi vəziyyət kəskin pisləşib, ölkəni böhrandan çıxarmaq üçün heç bir proqram yoxdur və əlacsızlıqdan avropa şirkətlərinə elçi düşüblər.
Digər tərəfdən hökumət bu illər ərzində xalqı aldatdığını etiraf edir. Çünki, uzun illər ərzində “bizim öz yolumuz var”, “dünya Azərbaycan modelini öyrənir” təbliğatı aparıblar. Hətta bir az da irəli gedib “Avropanın Azərbaycana ehtiyacı var” söyləyiblər. Indi isə məlum olur ki, iqtisadiyyatın yol xəritəsi üçün McKinsey şirkətini kirayələyiblər.
Ölkənin bütün potensialını məhv edib, 120 milyard neft pulunun axırına çıxıb, iş adamlarını ölkədən didərgin salıb, avtoitarizmi çiçəkləndirib, sonra da “yol xəritəsi” axtarışına çıxıblar.
Məsələ burasındadır ki, ölkədə korrupsiya, monopoliya, hüquqsuzluq qüvvədə olduqca, heç bir yol xəritəsi iqtisadiyyatı dirçəldə bilməz. Ölkənin vəziyyətdən çıxması üçün külli miqdarda investisiyaya ehtiyac var. Demokratiyadan imtina edib, eyni zamanda bu investisiyanı təmin etmək mümkün deyil. Nə qədər ki, hakimiyyət zərərli ənənələrdən imtina etməyib, Azərbaycanın böhrandan çıxması mümkün deyil.
Amma etiraf edirlər ki, nicat yolu Qərbə inteqrasiyadır, demokratik dünya ilə isti münasibətlərdi. Əgər hakimiyyət uzun illər ərzində korrupsiyadan imtina edib, iqtisadiyyatın şaxələnməsi istiqamətnidə işlər görsəydi, bu gün ölkənin 25 milyard xarici borcu olmazdı, vətəndaş səfalət içində yaşamazdı və hansısa şirkəti kirayələmək zərurəti də yaranmazdı.
Onu da xatırladaq ki, bir müddət əvvəl hökumət iqtisadiyyatın dirçəldilməsi üçün yol xəritəsinin hazırlandığını bəyan etdi və bunun üçün yerli mütəxəssislərdən ibarət komnadanın formalaşdırılacağı bildirildi. Indi isə aydın olur ki, yol xəritəsini xaricilər hazırlayacaq, hökumət isə oturub sifarişin nəticəsini gözləyir. Necə ki, təbii sərvətlərin gətirdiyi miylardları “uzaqgörən siyasətin nəticəsi” kimi təqdim edirdilər, eləcə də hansısa şirkətin hazırladığı yol xəritəsini “hökumətin anti-böhran proqramı” kimi təqdim edəcəklər.
Amma bir daha qeyd edirik ki, ölkəni asfalt yoldan çıxarıb uçuruma yuvarladan hökumət, heç bir yol xəritəsiylə vəziyyəti düzəldə bilməz. Əvvəlcə uçuruma dorğu gedən ölkəni “tormozlamaq” lazımdır.
Akif