Yaxud cinayət faktları kimin aktivinə yazılıb?
Zaman həqiqətən də ən böyük hakimdir. Zaman bütün sualların cavabını verir. Bu mənada zaman həm də sübut etdi ki, mövcud hakimiyyət şərçidir, “böhtan maşını”dır, təmiz adamlara qarşı heç bir kompleks keçirmədən çamur ata bilir.
Amma bu rejim o qədər abır-həya hissini itirib ki, böhtanları ifşa olunsa da dayanmırlar. Yeni-yeni şərlər istehsal edirlər. Bugünə qədər yüzlərlə ictimai-siyasi fəalı qondarma ittihamlarla həbs ediblər, insanları yaxınlarıyla şantaj ediblər, şəxsi maraqlar naminə ən iyrənc addımlar atıblar.
Məsələn, bugünə qədər AXCP sədri Əli Kərimliyə qarşı saysız-hesabsız böhtanalr atılıb. Amma bugünə qədər bu ittihamların heç biri təsdiqini tapmayıb. Əgər bu illər ərzində Əli Kərimliyə qarşı olan ittihamlar təsdiqini tapsaydı, bu adam 1000 il həbs cəzası almalıydı. Əksinə, hər dəfə sübut olunub ki, “Rusiya proyekti” də, “ermənipərəst”lərlə dostluq edən də, yalançı da, “gülənçi” də bunlar özləridi.
Amma bu qədər rüsvayçılıqdan sonra “Azərbaycan” qəzetində daha bir biabırçı yazı dərc olunub. Qəzet “Cinayətkar vəkil rolunda” başlıqlı yazı dərc edib və Tale Bağırzadənin Ərdoğana müraciətini Əli Kərimlinin sifarişi kimi tirajlayıb.
Üfunətli arqumentlərlə həm Tale Bağırzadənin terrorçu, həm də Əli Kərimlinin “gülənçi” olduğunu sübut etməyə çalışıblar.
Azərbaycanın adını daşıyan bir qəzetin bu qədər antiAzərbaycan mövqeyində olması bizi təəssüfləndirir. Bir insan, bir şəxsiyyət, bir ailə başçısı günahsız insanlara şər atmağı necə qəbul edə bilir?
Ölkə və dünya ictimaiyyəti də bilir ki, Əli Kərimlinin, AXCP-nin Gülənlə heç bir əlaqəsi yoxdur. Əksinə, demokratik düşərgə hər addımda əsl “gülənçilər”in kimliyini tirajlayır və hökuməti real mübarizəyə dəvət edir. Ilham Əliyevdən fərqli olaraq, Əli Kərimli çevriliş cəhdini dərhal pislədi.
Digər tərəfdən, “Azərbaycan” qəzetinin rəhbəri də gözəl bilir ki, bu ölkədə “gülənçilər” kimlərdi. Hökumətin deputatları da etiraf edirlər ki, Azərbaycanda Gülən şəbəkəsi ən yüksək səviyyədə himayə olunub. Hətta vəziyyət o həddə çatıb ki, Əli Həsənov “əndazəni aşmayın” deməyə məcbur olub. Bəli, “Azərbaycan” qəzetinə xatırlatmaq istəyirik ki, Gülüstan sarayında Gülənin təbliğatını aparanlar cəbhəçi olmayıb, tədbirlərdə Gülənə mədhiyyə söyləyən deputatlara Əli Kərimli mandat verməyib. Gülən şəbəkəsinin maliyyələşməsində önəmli rol olduğu bildirilən SOCAR da Əli Kərimlinin şirkəti deyil.
Tale Bağırzadəyə gəlincə, Nardaran məhkəməsi hələ bitməyib və məhkəmə hökmü olmadan adamları “cinayətkar” adlandırmaq qeyri-etikdir, hüquqa ziddir. Yaxşı olar ki, “Azərbaycan” qəzeti Tale Bağırzadənin və digərlərinin məhkəmədəki ifadələrini də tirajlasınlar.
Əgər Tale Bağırzadə həqiqətən də terrorçudursa, bunu niyə sübut edə bilmirlər? Niyə Nardaranda həbs olunanlara işgəncə verib, Əli Kərimli əleyhinə ifadə almağa çalışıblar? Ən böyük cinayət, ən böyük terror insanlara işgəncə vermək, ailəsiylə təhdid etmək, başqalarına şər atmağa məcbur eləməkdir.
Birincisi, AXCP-yə qarşı “Gülən əməliyyatı” hökumətin bugünə qədər olan şərləri arasında ən rüsvayçısıdır. Budəfəki şər-böhtan nəinki 40 gün, heç 4 dəqiqə də ayaq tuta bilmədi. Əli Kərimlinin köməkçisinin maşınına atılmış kitabın redaktoru da, bu kitaba ön söz yazan da hökumətin öz adamları çıxdı. Sosial şəbəkələrdə paylaşılan şəkillər, video görüntülər də Gülənin ən böyük dayağının hökumətin içində olduğunu sübut etdi Bu gün də Gülən şəbəkəsi hökumət daxilində o qədər güclüdür ki, əsl gülənçilərlə mübarizə gündəmə gəlmir. Yəni budəfəki “ssenari”ni balaca uşaq da qəbul etmədi. Amma bu rejim üçün dövlətin imici qətiyyən önəm daşımır. Ona görə də məhkəmələrdə biabırçı hökmlər oxunur, rüsvayçı istintaq aparılır və günahı sübuta yetirilməmiş adamlara rəsmi qəzetlərdə damğa vurulur. Yəni o qədər çirkaba giriblər ki, artıq heç bir kompleks keçirmirlər. Uzun müddətdir eyni işlə məşğuldular və bu “işlər” həyat normasına çevrilib.
Ikincisi, “Azərbaycan” qəzetinin rəhbərliyinə xatırlatmaq istəyirik ki, bugünə qədər cəbhəçilərlə bağlı heç bir cinayət faktı üzə çıxamyıb. Amma hakimiyyət komandasından hər növ cinayətkar çıxıb. Ilham Əliyevin ən yüksək vəzifələrə təyin etdiyi adamların ən iyrənc işlərlə məşğul olduğu rəsmən etiraf olunur. Cinayətkar yuvasına çevrilmiş MTN-i Əli Kərimli yaratmışdı? Hesablama Palatasının bütün sahələrdə aşkarladığı korrupsiya faktları cəbhəçilərlə bağlıdır?
“Azərbaycan” qəzeti özündə güc tapıb hakim ailənin biznesi haqqında araşdırmaları dərc edə bilərmi? Ofşordakı milyardlar, qızıl yataqları, Dubaydan Londona qədər uzanan iqamətgahlar da Əli Kərimlinin deyil.
Bu gün hər bir vətəndaş milyarderə çevrilmiş nazirdən, icra başçısından, komitə sədrindən danışır. Sosial şəbəkələrdə məmurların dəbdəbəli villalarının, şirkətlərinin, harın həyatlarının fotoları yayılır.
Bəli, çirkaba batan, haqqında tükürpədən faktlar üzə çıxan bu hökumətdir. “Azərbaycan” qəzeti isə uzun illərdi şərə vəkillik etməklə məşğuldu. Şərə vəkillik edən adamların şərəfli insanları terrorda, cinayətdə ittiham etməsi ikrah doğurur.
Ona görə də öz adınızı özgəsinə qoymağa cəhd etməyin. Onsuz da adınız o qədər “möhür”lənib ki, başqasının üzərinə yapışdırmaq mümkün olmayacaq. Gedin, hökumət komandasının çirklənmiş “tərcümeyi-halı”nın dərdini çəkin. Məsləhət görürük ki, şərə vəkilikdən imtina edəsiz.
Samir