Hökumət xarici şirkətə 2025-ci ilə qədər iqtisadiyyatın «yol xəritəsi»ni hazırlamağı sifariş verib
Nemət Əliyev: «Azərbaycanda elə bir əlverişsiz siyasi, iqtisadi mühit yaradılıb ki, ən mükəmməl sənədləri belə ölkədə işlətmək mümkün deyil»
Ölkədə maliyyə böhranının dərinləşdiyi bir zamanda hakimiyyət real addımlar atmaq əvəzinə imitasiya siyasətini davam etdirməkdədir. Bunu iqtisadiyyatın hazırkı vəziyyətdən çıxarılması üçün qəbul olunan daha bir qərar sübut edir. “The Financial Times” qəzetində Cack Farchy yazır ki, bu il Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatının 3 faiz azalacağı proqnozunu verib. Bu, 20 ildən artıq bir zaman kəsimində ən zəif göstəricidir. Artıq paytaxtda mağazalar bağlanır, rəsmi Bakı isə korrupsiyaya uğramış və neftdən asılı iqtisadiyyatında islahatlar aparmağa cəhdlər göstərir.
Yazıda prezidentin iqtisadi islahatlar üzrə müşaviri olan Natiq Əmirov ölkənin iqtisadi islahatlarının sifəti kimi təqdim olunur. Daha öncə ölkənin vergilər nazirinin müavini olmuş Əmirov manatın ikinci devalvasiyasından sonra bölgələrdəki etirazları “lokal və kiçik” adlandırır, amma onu da etiraf edir ki, neftin kəskin ucuzlaşması hökuməti də çətinə salıb.
Cənab Əmirov “McKinsey” konsultasiya şirkətini işə götürüb, həmin şirkət 2025-ci ilədək və ondan sonra üçün iqtisadiyyatın “yol xəritəsi”ni hazırlayır. Həmin xəritə oktyabrda təqdim olunmalıdır. Amma məqalədə qeyd olunur ki, hökumət bəzi problemlərin həllindən ötrü bu hesabatı gözləməyib. Axı investorlar çoxdandır korrupsiyadan gileylənirlər, ölkənin neft sərvətinin böyük hissəsi də bir neçə bir-birinə bağlı ailənin əlində cəmləşib.
Məntiqli sual yaranır. 2025-ci ilə qədər ölkə iqtisadiyyatının inkişaf yolunu hazırlaması üçün şirkətə sifariş verən hökumət bu inkişafın təmini üçün zəruri addımları atmağa hazırdımı. Korrupsiya, rüşvət və inhisarçılığın qaldığı şəraitdə hansı inkişafdan söhbət gedə bilər?
Iqtisadçı Nemət Əliyev hesab edir ki, hər hansı konkret sahənin və ya ümumilikdə iqtisadiyyatın inkişafı üçün mütəxəssislər cəlb etmək mümkündür. Bu cür sənədlərin hazırlanmasında belə mütəxəssislərin rolu yardımçı xarakter daşıya bilər. Çünki, indiki halda bütövlükdə ölkəyə aid “yol xəritəsi”nin hazırlanmasından gedir. Ancaq, ekspertin fikrincə, xarici ekspertlərin hazırladığı sənəddə bir sıra çatışmayan cəhətlər ola bilər: “Çünki xarici şirkətdə çalışanlar Azərbaycanda yaşayan, iqtisadiyyatı dərindən təhlil edən, ona bələd olan yerli mütəxəssislərlə müqayisə oluna bilməz. Xarici ekspertlər məsələni incəliklərinə qədər bilməzlər. Ona görə bu cür sənədin hazırlanmasının hər hansı xarici şirkətə sifariş edilməsi heç bir halda effektiv, səmərəli ola bilməz. Sənədi nə qədər mükəmməl halda hazırlasalar da, hər bir halda o sənəd yarımçıq olacaq. Hətta nəzəri cəhətdən bu şirkət belə bir ”yol xəritəsi”ni hazırlaya bilər. Amma Azərbaycanda rüşvətin, inhisarın, bacarıqsız idarəetmənin, məmur özbaşınalığının tüğyan etdiyi bir zamanda həmin sənədi işlətmək heç bir halda mümkün olmayacaq. Azərbaycanda elə bir əlverişsiz siyasi, iqtisadi mühit yaradılıb ki, qanunların pozulması elə bir həddə gəlib çatıb ki, ən mükəmməl sənədləri belə ölkədə işlətmək mümkün deyil”.
N.Əliyevin sözlərinə görə, bu sənədin 2025-ci ilə qədər olan dövrdə nəticə verəcəyinə ümid bağlamaq olmaz. Çünki, dərindən düşündükdə bu sənədin də korrupsiya qoxusu gələn sənədlərə oxşadığı sezilir: “Görünür, hansısa sənədin hazırlanması adı altında milyonlar silinəcək. Azərbaycanda elə ekspertlər var ki, ölkə iqtisadiyyatına bələd olmayan xarici şirkət ekspertlərindən daha dəyərli mütəxəssislərdir. Həmin vəsaitin 3-5 faizini müstəqil yerli mütəxəssislərə ayırsalar, daha real nəticələrə nail olmaq olar. Ancaq, təəssüflər olsun ki, Azərbaycana gələn iri neft pulları dövründə bunlar həmin o müstəqil ekspertlər üçün çox əlverişsiz mühüt yaratdılar. Görün işin harasıdır ki, bunlar adi audit yoxlaması üçün xarici şirkətlərə milyonlar xərcləyirlər. Dövlətin vəsaitləri talan edilir, səmərəsiz xərclənir”.
Xəyal