Samir Əliyev: «Çin Azərbaycanın ticarət tərəfdaşı deyil»
Çinin milli valyutası olan yuanın dollar və digər əsas valyutalarla müqayisədə ucuzlaşması dünya iqtisadiyyatı üçün “Brexit”dən (Böyük Britaniyanın Avropa Ittifaqından çıxması) daha təhlükəli ola bilər. Bunu “State Street Global Advisors” investisiya şirkətinin baş investisiya strategiyası üzrə mütəxəssisi Maykl Aron bildirib.
O qeyd edib ki, bir çox investor yuanın məzənnəsinə az diqqət yetirir. Çin dövləti investorların “Brexit” və digər hadisələrə ayrılan diqqətindən istifadə edərək yuanın məzənnəsini hiss olunmadan azaltmağa nail olub.
Qeyd edək ki, yuanın dollarla müqayisədə məzənnəsi son bir ildə 4 faiz, əsas valyutalar səbəti ilə müqayisədə isə 7 faiz ucuzlaşıb.
M.Aron yuanın devalvasiyasını dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində iqtisadi artım tempinin azalması ilə izah edib. Onun sözlərinə görə, yuanın devalvasiyası azalan ÜDM-ə ixracın süni artırılması üsulu ilə dəstək kimi qiymətləndirilir.
Analitiklər Çin yuanının 5-10 faiz devalvasiyasının dünya iqtisadiyyatı və maliyyə sisteminə çox ciddi zərər verəcəyini, nəticədə, əksər ölkələrin devalvasiyaya əl atacağınıÿbildirir. Çünki dollar ekvivalentində ucuzlaşan mal və xidmətlərinÿÇindənÿidxalının qarşısının alınması üçün ölkələrin başqa yolları qalmayacaq. Böyük ehtimalla, bu hadisə baş verəcək. Uzunmüddətli perspektivdə CNY/USD məzənnəsinin 8,3-ə qədər artacağı, qısaÿmüddətdə isə 6,70 səviyyəsini ötərək 6,80-ə yüksələcəyi proqnozlaşdırılır.
Yuanın devalvasiyası Azərbaycanın əsas idxal tərəfdaşı olan Çində malların dəyərini dollar ekvivalentində ucuzlaşdıracağından manatın devalvasiyası da qaçılmaz olacaq. Buna səbəb tədiyyə balansında kəsirin azaldılması strategiyası olacaq.
Yeri gəlmişkən, Azərbaycan Neft Fondunun ehtiyatları əsasən, dollar və funt-sterlinqlə saxlanılır. Fondun müəyyən hissəsi bəzi məqsədlər üçün Çin yuanında və ya rus rublunda saxlanılır. Bu, elə də böyük məbləğ olmasa da, ekspertlər yuanın ucuzlaşmasından narahatlığını gizlətmirlər.
Neftin qiymətinin dünya bazarında ucuzlaşması, eyni zamanda, manatın dollar qarşısında kəskin dəyər itirməsinin iqtisadiyyatımıza böyük zərbəsi hamıya məlumdur. Indi də yuanın ucuzlaşmasının Çin məhsullarının əsas bazarlarından olan ölkəmizdə hansı problemlər yaradacağı maraqlıdır. Belə bir vəziyyətdə yuanın ucuzlaşmasının manat üçün təhlükəsi varmı?
Iqtisadçı-ekspert Samir Əliyev manata əsas təhlükə kimi neftin qiymətinin aşağı düşməsi və dolların valyutalara olan təsirini göstərir. Ekspert hesab edir ki, yuanın manata təsiri yoxdur və onun ucuzlaşması və ya bahalaşması əsasən, dollara münasibətdə baş verir: “Həmçinin, Çin Azərbaycanın ticarət tərəfdaşı deyil. O, dövriyyəmizdə böyük çəkiyə malik deyil ki, yuan ucuzlaşanda ixracı qorumaq üçün bu addımı ataq. O mənada, yuanın məzənnəsinin dəyişməsinin manata hər hansı yan təsirini gözləmirəm”.
Nigar