Özbəkistan prezidenti İslam Kərimovun səhhəti ilə bağlı müxtəlif xəbərlər gəlir. Onun üçün xaricdən təcili olaraq həkimlərin çağırıldığı deyilir.
“Assosiated press” xəbər verir ki, Daşkənddə İslam Kərimovun yerləşdirildiyi xəstəxananın ətrafında polis və hərbçilərdən ibarət bir neçə kilometr uzunluğunda təhlükəsizlik kordonu yaradılıb.
Özbəkistan mənbələrinin yazdığına görə, prezidentin səhhəti avqustun 26-da Daşkənd ətrafındakı Durmen rezidensiyasında olimpiyaçıların şərəfinə təşkil edilmiş ziyafətdən sonra pisləşib. Məlumata görə İslam Kərimov Özbəkistanın Rio Oyunlarında iştirak edən Olimpiya yığma komandasının üzvləri və bəzi hökumət rəsmilərinin iştirakı ilə xüsusi qəbul təşkil edib. Qəbul başa çatandan sonra İslam Kərimov prezident Administrasiyasının rəhbəri ilə söhbət edib. Bu zaman prezident qəfildən huşunu itirib. Həkimlərin qoyduğu diaqnoz insult olub. Avqustun 27-də axşam prezidentin yanına İsrail və Almaniya həkimləri də çatdırılıb. Onların verdiyi rəyə görə, 5 gün ərzində prezidentin səhhəti ilə bağlı hər şey bəlli olacaq.
Özbəkistan siyasi dairələrində hesab edirlər ki, İslam Kərimovun varisi baş nazir Şövkət Mirzəyev olacaq. Həmçinin maliyyə naziri Rüstəm Əzimovun da hakimiyyətə namizəd kimi adı çəkilir.