“The Express” yazır ki, qətlə yetirilmiş ABŞ prezidenti Con Kennedi haqqında məşhur JFK filminin rejissoru Stone ölüm yatağında “özünün son sirrini” açıb.
Rejissorun dediyinə görə, onunla əlaqə yaradan bir şəxs bildirib ki, prezidet özünün təhlükəsizlik xidməti tərəfindən qətl edilib.
Stone deyib ki, əvvəllər bu sirri yalnız oğluna açıbmış, lakin indi bütün dünyanın bu barədə bilməsini istəyir.
Rejissorun dediyinə görə, ona bu informasiyanı çatdıran təhlükəsizlik işçisinin adı “Ron” olub.
JFK filmi qəsd nəzəriyyələrinə rəğbətlə çəkilsə də, Stone deyib ki, o bu iddialara inanmayıb, çünki belə nəzəriyyələr həddən artıq çox olub.
Rəsmi versiyaya görə prezident Kennedi keçmiş ABŞ dəniz piyadası Lee Harvey Oswald tərəfindən Texas Məktəb Kitabları Anbarının 6-cı mərtəbəsindən snayper tüfəngi ilə vurulub.
İki gün sonra Oswald-ın özü mütəşəkkil cinayətkar aləmlə bağları olan bir gecə klubu sahibi tərəfindən güllələnib.
Ortalıqda dolaşan şayiələrdən birinə görə ölümcül güllələr yaxınlıqdakı yaşıl təpəlikdən atılıb.
Stone deyib ki, “Ron”un işlətdiyi “hərbi jarqon” onun danışdıqlarına inam yaradırdı.
“The Express” yazır ki, rejissor təhlükəsizlik əməkdaşının gizli etirafı barədə onun özü haqqında kitab yazan Matt Zoller Seitz-ə deyib.
Stone bu məlumatı niyə ölüm yatağına düşənədək açmayıb sualına cavab olaraq Seitz deyib ki, rejissor ona inanırmış.
“Bu hadisəni məndən başqa heç kəs bilmir” – deyib yazıçı.
Bu hadisə barədə söhbət Oliver Stone Təcrübəsi (The Oliver Stone Experience) adlı kitaba daxil edilib.
Seitz bunu da əlavə edib ki, indi artıq nə Stone, nə də onun oğlu sağdır və o buna görə də sirri açmaq qərarına gəlib. (BBC azeri)