Redaksiyamıza Xırdalan şəhər sakini Gözəl Məmmədovanın şikayət məktubu daxil olub. Xırdalanda kiçik bir topdansatış mağazası işlədən Gözəl xanım yazır ki, iki fırıldaqçı onu aldadıb, böyük dəyərdə malını alaraq aradan çıxıblar. Həmin fırıldaqçıların kimliyi, adı, ünvanı bəlli olsa da, verdiyi malların pulunu 6 aydır ala bilmir. Başına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət edən ticarətçi xanımın pozulmuş haqları hələ də bərpa olunmayıb. Məktubda deyilir: “ Xırdalanda kiçik bir mağazada türk malları satıram. Kirayədə yaşayıram, kimsəm yoxdur. Burdan qazandığım pulla həm özümü dolandırır, həm də kirayə haqqımı ödəyirəm. Mart ayında Uçar rayonu Şalix kənd sakini Rüstəmova Ülviyyə Rüstəm qızı və onunla birlikdə yaşayan Bərdə rayon sakini Çeyhun Nuriyev gəlib məndən mal götürdülər. Qadın ağlayıb yalvardı ki, Ağdamlı gəliniyəm, yoldaşım şəhid olub, Ceyhunu da qaçqın düşən zaman meşədən tapıb böyütmüşəm. Mən də inanıb, borc mallar verdim. Bu yolla hər dəfə gəlib Qurana əl basa-basa xeyli mal götürdü və söz verdi ki, yaxın günlərdə pulumu ödəyəcək. İlk dəfə 801 AZN, ikinci dəfə 2466 AZN, üçüncü dəfə 1355 AZN dəyərində malım getdi. Ümumi məbləğ 4622 AZN oldu. Pulları hər dəfə bir bəhanə uydurub ödəmədiyi üçün qaldığı evə getdim.
Ceyhundan başqa evdə daha bir kişi var idi. Sonra öyrəndim ki, “oğul” dediyi Ceyhun da, “qardaş” dediyi həmin o Akif də qeyri-qanuni yaşadıqları adamlar olub. Yaşadıqları ev də kirayə olub və sonra ev sahibinə kirayə haqqı ödəmədən gecə ikən qaçıb gediblər. Ev yiyəsinə 360 AZN, başqa bir mağazaya da 100 AZN ataraq qaçıb. Getdik hər üçümüz polisə şikayət ərizəsi yazdıq. İki gün sonra sahə müvəkkili Sərxan Həsənov məni çağırdı, izahat aldı. Amma heç bir nəticə olmadı. Sonra Daxili İşlər Nazirliyinə şikayət etdim, yenə də Rəhim müəllim adlı bir şəxs çağırıb izahat aldı. İki gün sonra məni Abşeron Polis şöbəsinə çağırdılar, dedilər siz pulunuzun 2000 AZN-ni almısınız axı. Elə bir şey olmadığını söylədim, heç bir sənədə də pul aldığım haqda imza atmamışdım. Xülasə, o gündən bu günə məsələ uzana-uzana gedir. Baş prokuror Zakir Qaralova, Prezident İlham Əliyevə belə şikayət ərizəsi yazmışam, amma bu günə kimi halal pulumu ala bilməmişəm. Fırıldaqçı ortada məlum ola-ola, niyə hüquq-mühafizə orqanları mənim haqqımı ödədə bilmir? Bu necə ədalətdir? Çox xahiş edirəm, qəzetiniz vasitəsilə səsimi bir daha əlaqədar ünvanlara çatdırasınız. Mən halal haqqımı istəyirəm. Mənim dolanışığım ancaq ordan çıxır. Bu qədər borcu mən tək qadın necə və hansı pullarla ödəyə bilərəm?” Gözəl xanımın şikayətini əlaqədar ünvanlara çatdırıb, onlara səslənirik: Ədaləti bərpa etmək, sadəcə, sizin vəzifənizdir və unutmayın ki, ədalət bir gün hamıya gərək olur.