«Həyat şəraitimiz dözülməz həddədir»
Sumqayıt şəhər, 3-cü mikrorayon, ev 21/31, mənzil 12 yaşayan şəhid anası Zərifə Aslanova ölkə başçısı İlham Əliyevə müraciət edib. O, müraciətin bir surətini də “Azadlıq”a ünvanlayıb. Şəhid anası yazır:
“Oğlanlarımdan biri 1994-cü ildə Azərbaycanın bütövlüyü uğrunda döyüşlərdə şəhid olub. Hazırda kiçik oğlumla yaşayıram. Həyat şəraitimiz dözülməz həddədir. Oğlum illərdir ki, iş axtarsa, hansısa səbəbdən ona bir iş tapılmır. Aldığım cüzi pensiya hesabına dolanırıq. Əgər buna dolanmaq demək olarsa.
Cənab prezident, mən yardım, ev, mülk istəmirəm. Halbuki bir şəhid anası kimi buna da haqqım var. Istəyim yalnız oğluma iş tapmaqdır. Məşğulluq idarəsindən bizə deyirlər ki, işsizliyə görə müavinət verək. Biz ələbaxan deyilik. Siz özünüz də müşavirələrin birində bəyan etmişdiniz ki, xalqı ələbaxımlığa öyrətmək lazım deyil. 3 uşaq atası oğlum Aslan Aslanov sürücüdür. Amma bir neçə ildir ki, öz peşəsi üzrə iş tapa bilmir. Daha doğrusu, ümumiyyətlə iş tapa bilmir. Onun iş axtardığı müddətdə məlum olub ki, işləmək üçün ya pulun olmalıdır verib işə düzələsən, ya da tanış-bilişin. Bizdə heç biri yoxdur. Indi biz acından ölməliyik?
Axı mənim oğlum bu torpaq uğrunda canını fəda edib. Indi necə olur ki, digər oğluma bir iş tapılmır?
Cənab prezident, sizdən bir şəhid anası kimi xahiş edirəm ki, müraciətimi diqqətə alasınız”.