Elxan Şahinoğlu: «Azərbaycan nümayəndə heyətiylə qapalı görüşlərdə Gülən məsələsi müzakirə oluna bilər»
Baydenin səfərindən dərhal sonra Putinin Türkiyəyə səfər edəcəyi barədə məlumatın yayılması bir sıra suallar yaratdı. Eyni zamanda Ərdoğanın da ABŞ-a səfərinin nəzərdə tutulması maraq doğurur. O da vurğulanmalıdır ki, Baydenin Türkiyədə səfərdə olduğu müddətdə Kerri Türkiyənin xarici işlər naziri Çavuşoğluya zəng edərək bir sıra mühüm məsələləri müzakirə edib.
Baş verənlərin fonunda Azərbaycanla əlaqəli hadisələr də maraq doğurur. SOCAR prezidenti Rövnəq Abdullayevin Türkiyəyə ikinci səfəri, daha sonra parlamentin spikeri Oqtay Əsədovun və PA rəsmisi Əli Həsənovun Türkiyəyə körpü açılışında iştirakı diqqətdən yayınmamalıdır. Nə baş verir? Bütün bu prosesləri nəyə işarədir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğuladı ki, Baydenin Ankarada olan zaman Türkiyənin Suriyada qızğın döyüşlər aparması bu məsələdə ABŞ-ın Türkiyə ilə yaxınlaşdığını deməyə əsas verir: “Amma əsas məsələdə yaxınlaşma qeydə alınmayıb. O da Gülənin həbsi və Türkiyəyə verilməysiylə bağlıdır. Amma Bayden eyni zamanda vurğuladı ki, Türkiyənin Amerikadan yaxın dostu yoxdur. Düzdür, bu bir qədər şişirdilmiş bəyanatdır. Çünki artıq ”soyuq müharibə” bitib. Əgər ABŞ Gülənin ekstradisiyasını müəyyən etmirsə, iki dövlət arasında soyuqluq davam edəcək. Türkiyənin Rusiya ilə münasibətləri də normaldır. Bir müddət sonra Putinin Türkiyəyə səfəri və Ərdoğanla birgə futbol matçını izləməsi nəzərdə tutulub”.
E.Şahinoğlunun fikrincə, Putin hazırkı vəziyyətdən məharətlə istifadə edir. Çünki dövlət çevrilişinə cəhddən sonra Ərdoğana ilk zəng edən, onu Sankt-Peterburqa dəvət edən də məhz Putin oldu: “Rusiya öz maraqları naminə addımlar atır. Türkiyə ordusu Suriyaya müdaxilə edəndə Rusiya buna sərt təpki vermədi. Düzdür, bəyanat verdilər ki, bu, razılaşdırılmış addım idi. Amma hər bir halda Rusiya Türkiyənin fəaliyyətinin əleyhinə olmadı. Ərdoğanın eyni zamanda Irana da səfəri planlaşdırılır. Belə görünür ki, regionda üçtərəfli əməkdaşlıq yarana bilər. Rusiya, Türkiyə və Iran”.
Belə bir ərəfədə Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfərini təsadüfi saymayan E.Şahinoğlu vurğuladı ki, Türkiyə hazırkı vəziyyətdə Azərbaycanla da əməkdaşlığı daha da dərinləşdirib, onu yeni əməkdaşlıq modelinə qatmaq istəyir: “Amma bu məsələlərdə Azərbaycan bir qədər diqqətli olmalıdır. Çünki həm Türkiyənin, həm Rusiyanın Qərblə münasibətlərində ciddi suallar var. Azərbaycan isə Qərblə münasibətləri gərginləşdirməməlidir. Azərbaycanın maraqları naminə Rusiya, Türkiyə, Iranla əlaqələri genişləndirə bilər. Amma bu, Qərblə münasibətlərə zərbə vurmamalıdır. Azərbaycandan olan nümayəndə heyətiylə qapalı görüşlərdə ola bilsin ki, Gülən məsələsi müzakirə edilsin. Çünki nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasından Əli Həsənov da təmsil olunub. Hazırda o, Azərbaycanda Gülənçilərə qarşı fəal mübarizə aparılmasının tərfdarı olan şəxsdir. Onun vaxtilə Elnur Aslanovla da ciddi fikir ixtilafı var idi. Bu baxımdan Əli Həsənovun da Türkiyəyə dəvət olunmasını təsadüfi saymıram”.
Xəyal