Gültəkin Hacıbəyli: «Həm Baydenin, həm də Putinin Türkiyəyə səfəri Suriyada baş verənlərlə bağlıdır»
Rusiya prezidenti Vladimir Putinin avqustun 31-də Türkiyəyə gedəcəyi bildirilir. Məlumata görə, həmin gün Antaliyada Türkiyə və Rusiyanın futbol yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək və Putinlə Ərdoğan həmin görüşü birgə izləyəcəklər.
Putinin səfər çərçivəsində Baş nazir Binəli Yıldırım və digər rəsmilərlə görüşü də nəzərdə tutulur.
Bundan əvvəl türkiyəli diplomatlar və ordu rəsmiləri Suriyada münaqişənin mümkün həll yollarını müzakirə etmək üçün Rusiyada səfərdə olub.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Ankara və Rusiya Suriyada vəziyyətin həlli ilə bağlı razılıq əldə edib.
Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə münasibətlərin tam bərpa olunmasına çalışacağını, lakin ticari əlaqələrin bərpasının bir qədər vaxt alacağını deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında illik 200 milyard dollarlıq ticarət dövriyyəsi və çarter uçuşlarının bərpasını sürətləndirəcəyini deyib.
Maraqlıdır ki, bu səfər ABŞ-ın vitse prezidenti Baydenin səfərindən sonraya təsadüf edir. Eyni zamanda hazırda türk ordusu Suriyada geniş hərbi əməliyyatlar aparırlar.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Putinlə Ərdoğan arasında müəyyən yaxınlaşmadan sonra Türkiyə Suriya istiqamətində ciddi uğurlara imza atıb. Türkiyənin Suriya ərazisində 4 yaşayış məntəqəsini IŞID terrorçularından təmizlədiyini deyən G.Hacıbəyli vurğuladı ki, Türkiyə bununla həm özünün cənub sərhədlərinin təhlükəsizliyini təmin edib, həm də Suriyada yaşayan türkmənlərin qorunması istiqamətində ciddi addımlar atıb: “Ttürkiyə ordusunun bu addımları yüksək dəyərləndirilməlidir. Türkiyənin bu istiqamətdə olan boşluqlarını doldurması, artıq müsbət nəticələrini verib. O da bəllidir ki, Rusiya müəyyən anlaşmaları nəzərə alaraq bu hadisəyə sərt təpki göstərmədi. Daha öncə Rusiya-Türkiyə konfliktinin gərgin məqamında Türkiyənin Suriyaya bu cür açıq müdaxilə etməsi mümkün olmazdı. Qərb alyansının münasibətinə gəlincə, bu yanaşma düzgün və yerində oldu. Bütün bunlar sübut edir ki, Türkiyə son günlər uğurlu diplomatiya sərgiləyə bilib. Türkiyə bununla həm Rusiyadan olan təpkiləri neytrallaşdırıb, həm də Qərblə anlaşma içində Suriyada addımları atır”.
G.Hacıbəyli bu baxımdan onu da vurğuladı ki, həm Baydenin, həm də Putinin Türkiyəyə səfəri Suriyada baş verənlərlə və bu ölkənin talyei ilə bağlıdır. “Putinin də Ərdoğanla görüşü zamanı Suriya məsələsi ən önəmli məqamlardan biri olacaq”, deyə G.Hacıbəyli vurğuladı.
Xəyal