XIN-də də «fətullahçılar»la bağlı əməliyyat aparılacaq
«Qafqaz» Universitetinin prorektoru işdən çıxarıldı; Şaiq Nəbiyev Yardımlıda «Nur» məscidi inşa etdiribmiş
Fətullah Gülənin terrorçu şəbəkəsinə bağlı olan şəxs və şəxslərin araşdırılıb üzə çıxarılması, onlar barəsində müvafiq ölçü götürülməsi istiqamətində Azərbaycanda da müəyyən tədbirlər həyata keçirilir. Bu proses Azərbaycan Xarici Işlər Nazirliyindən də yan keçməyəcək. Məlumatı “Olaylar” yayıb.
Bildirilir ki, yaxın günlərdə Azərbaycan Xarici Işlər Nazirliyində müəyyən post tutan və Gülənə yaxınlığı ilə seçilən diplomatlar barədə ölçü götürüləcək. Məlumatda bildirilir ki, dalğa əsasən Azərbaycanın müxtəlif ölkələrdə fəaliyyət göstərən bir neçə səfirini vuracaq. Belə ki, həmin diplomatların istər səfir təyin olunmadan əvvəl, istərsə də diplomat kimi fəaliyyət göstərdiyi dövrdə Gülən şəbəkəsi ilə yaxından əməkdaşlıq etdiyi bildirilir. Bu səbəbdən bir neçə səfirin bu günlərdə geri çağrılacağı istisna edilmir.
Bu arada Qafqaz Universitetinin tərbiyə işləri üzrə prorektoru və Rəyasət Heyətinin (RH) üzvü Şaiq Nəbiyev vəzifəsindən azad olunub və RH-nin üzvlüyündən çıxarılıb.
Məlumata görə, Şaiq Vəliyev universitetdə yüksək vəzifə tutan yeganə azərbaycanlı olub. O qatı “gülənçi” kimi tanınıb.
Universitetə müvəqqəti olaraq rəhbərlik edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov xəbəri “Qafqazinfo”ya təsdiqləyib.
Şaiq Nəbiyev təmsil etdiyi cərəyan üçün kifayət qədər böyük işlər görmüş adam kimi həmişə “gülənçilər”in diqqət mərkəzində olub. Araşdırma zamanı məlum olub ki, Nəbiyev “nurçuluq”un təbliği üçün bir məscid də tikdirib. Yardımlı rayonunun Ostayır kəndində anadan olan Şaiq Nəbiyev məscidi elə öz kəndində inşa etdirib. Məlumata görə, Nəbiyev 2000-ci illərdə kənddə köhnə şiə məscidinin yerində inşa etdirdiyi məscidin adını da “Nur” qoyub.
AzNews.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün kənd sakinləri ilə əlaqə saxlayıb. Sakinlər xəbəri təsdiqləyiblər. Onların sözlərinə görə, sözügedən məscidə “Nur” adının qoyulması kənddə narazılıqla qarşılanıb. Əhalisi şiə olan kənd sakinlərinin uzun mübarizəsindən sonra, cəmi bir neçə il əvvəl həmin “Nur” sözü məscidin üstündən sökülüb. Yalnız bundan sonra camaat məsciddən istifadə etməyə başlayıblar.
Məlumat üçün bildirək ki, Yardımlı camaatı qatı şiədir, onlar nəinki hansısa cərəyana, hətta sünilərə qarşı radikal kəsim hesab olunur.
“Azərbaycan mediasında ”Hizmət hərəkatı” və “gülənçilər”lə bağlı araşdırmalar aparılmalıdır. Yerdə qalan məsələlər hüquq-mühafizə orqanlarının işidir. MTN hadisələrində olduğu kimi bəzi mətbuat orqanlarında kimin kimdən xoşu gəlmirsə, onu gülənçi, nurçu kimi damğalayır. Bu, narahatedici haldır”. Bunu isə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov “Azərbaycan mediası dini radikalizmə qarşı” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
APA-nın məlumatına görə, o qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında çoxtərəfli münasibətlər mövcuddur: “Əgər Türkiyədə dövlət çevrilişi baş tutsaydı, Azərbaycanda nələr baş verə bilərdi? Bu bizi çox düşündürür. Hələ ”Əkinçi” qəzeti öz dəyərlərini müəyyənləşdirərkən, dünyəviliyə böyük önəm verdi. Azərbaycan mediası mahiyyətcə millidir. Azərbaycanda mediasında dini ayrı- seçkiliklə bağlı yazılara çox nadir hallarda rast gəlinir. Azərbaycan curnalistləri bu gün öz sələflərinin yolu ilə gedirlər. Lakin buna baxmayaraq, çox təəssüf ki, bəzi hallarda dini məsələlərlə bağlı ayrı-seçkiliklərə yol verilir. Buna yol vermək olmaz”.