Ekspertə görə, kütləvi savadsızlığın qarşısını almaq üçün təhsildə ödəniş haqları aşağı salınmalıdır
Ali məktəblərə buraxılış imtahanları ilə bağlı daha bir maraqlı statistika açıqlanıb. Ali təhsil müəssisələrinin müsabiqəsində 38118 abituriyent iştirak edib. Onlardan 34224 nəfəri ali məktəblərə qəbul olunub. 12309 nəfər dövlət sifarişi əsasında, 21915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başa çatıb.
Ali təhsil müəssisələrinə elan olunmuş 41965 yerdən 34775-i dolub. Nəticədə ali məktəblərdə 7190 boş yer qalıb. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrində isə 6940 yerdən 6838-i abituryentlər tərəfindən seçilib və 102 plan yeri boş qalıb.
Eyni zamanda onu da vurğulamaq lazımdır ki, 20 mindən artıq tələbə ödənişli əsaslarla ali məktəblərə daxil olub. Amma hazırda ölkədəki iqtisadi vəziyyət bu fakültələrə daxil olanların təhsilini davam etdirib-etdirməyəcəyini sual altında qoyur. Digər tərəfdən, tələbənin xərcləri yalnız təhsil haqqı ilə bitmir.
Iqtisadçı Nemət Əliyev hesab edir ki, Azərbaycanda kütləvi savadsızlaşma prosesi gedir. TQDK-nın 9 və 11-ci siniflərin buraxılış imtahanlarının nəticələrini açıqlayan zamanda dəhşətli mənzərənin ortaya çıxdığını deyən N.Əliyev vurğuladı ki, ana dili və riyaziyyat üzrə ən elementar suallara şagirdlərin əksəriyyəti cavab verə bilməyib. N.Əliyevin fikrincə, 7200 ödənişili yerin boş qalması əhalinin sosial vəziyyətinin göstəricisidir: “Indiki şərtlər çərçivəsində təhsil almaq çox çətindir. Elə ailələr var ki, hətta imtahan mərhələsinə girməkdən imtina edirlər. Çünki təhsili davam etdirməyə onların maddi imkanı çatmır. Azərbaycanda orta aylıq əmək haqqının göstəricisi Ermənistan və Gürcüstandan da aşağıdır. Bu ölkələrdə orta aylıq əmək haqqı 400 dollar civarında dəyişirsə, Azərbaycanda bu göstəricisi 300 dollardır. Bu, muzdlu işçilərin əmək haqqının müqayisəsidir. Əmək qabiliyyətli əhalinin orta aylıq gəlirlərinə diqqət yetirilsə, məlum olacaq ki, bu göstərici 100-130 dollar arasında dəyişir. Ailənin gəliri belədirsə, onun övladı necə ödənişli təhsil ala bilər. Ona da nəzərə alınmalıdır ki, ödəniş haqları da artıb”.
N.Əliyev onu da bildirdi ki, bütün bu vəziyyət hökumətin yürütdüyü siyasətin nəticəsidir: “Heç olmasa kütləvi savadsızlığın qarşısını almaq üçün təhsildə ödəniş haqlarını aşağı salmaq gərəkdir. Yaxud da hansısa güzəştlər tətbiq olunmalıdır.