Beynəlxalq Bankın sabiq rəhbəri devalvasiyaya görə Maliyyə nazirini günahlandırdı
«Mən elə belə demirdim ki, o adam burada oturmalıdır. İnanıram ki, bir gün oturacaq da…»
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Idarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha yeddi nəfərin işi üzrə məhkəmə istintaqı başlanıb.
Hakimlər kollegiyasına etiraz
Dünən məhkəmə istintaqının başlandığı elan olunmamışdan əvvəl C.Hacıyevin vəkilləri Əfqan Hacıyevin sədrlik etdiyi, Zeynal Ağayev və Fikrət Qəribovdan ibarət hakimlər kollegiyasına etiraz edib.
Vəkil Fəxrəddin Mehdiyev etirazını əsaslandırarkən deyib ki, onlarda bu kollegiyanın işə obyektiv baxacağına şübhələr yaranıb: “Biz hazırlıq iclasında 6 vəsatət vermişdik. Amma məhkəmə hazırlıq iclasının qərarında onlardan yalnız ikisinə münasibət bildirib. O ikisinin də niyə təmin olunmadığı əsaslandırılmayıb. Istintaqda da belə olmuşdu, vəsatətlərimizin heç biri təmin edilməmişdi. Məhkəmənin işin əvvəlindən bu cür yanaşması bəri başdan ciddi şübhələr yaradır”.
Məhkəmə etirazın baxılmamış saxlanılması barədə qərar qəbul edib.
“Cahangir Hacıyev günlərlə ac-susuz qalmağa məhkumdur”
Fəxrəddin Mehdiyevin ikinci vəsatəti C.Hacıyevin məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb vəkillərinin yanında əyləşməsinə icazə verilməsi barədə olub. Müdafiəçi həmçinin bildirib ki, istintaq təcridxanasında Cahangir Hacıyevə çox böyük təzyiqlər var: “Kamerası dəyişdirilib, artıq məhkum olunmuş şəxslərin saxlanıldığı korpusa köçürülüb. Xeyli vaxtdır ki, ümumi istifadədə olan soyuducudan da məhrum edilib. Bu səbəbdən qida saxlamağa şərait yoxdur və nəticə etibarilə, günlərlə ac-susuz qalmağa məhkumdur”.
Vəkil C.Hacıyevə qarşı bu cür münasibətin qarşısının alınması üçün hakimlər kollegiyasından kömək istəyib.
C.Hacıyevin digər vəkili Aqil Layıcov da ona qarşı davranışdan şikayətlənib: “Onu ötən məhkəmə iclasından sonra qəsdən qızdırılmış ”QAZ-53″də aparıblar”.
Dövlət ittihamçısı Fərid Nağıyev bu vəsatətlərə münasibət bildirərkən deyib ki, təqsirləndirilən şəxslər, o cümlədən C.Hacıyev ifadə verərkən onun şüşə kabinədən çıxarılıb, tribunadan danışmasına etiraz etmir: “Amma başqa vaxtlarda vəkillərlə məsləhətləşməyə ehtiyac yaranarsa, müdafiəçilər bu barədə məsələ qaldırar və prosesdə qısa fasilə verilə bilər”.
C.Hacıyevə qarşı təzyiqlərə gəlincə, prokurorun məsələyə münasibəti belə olub: “Qəsdən nəyinsə baş verdiyinə inanmıram. Məsələn, maşın günün altında qalıbsa, bunu məxsusi olaraq maşının qızdırılması kimi qiymətləndirmək doğru deyil. Soyuducu, kamera və s. istintaq təcridxanasının daxilində həll olunası məsələlərdir. Amma şəxsin normal mühitdə saxlanması üçün məhkəmə tərəfindən Penitensiar Xidmətə, istintaq təcridxanasına müraciət olunmasına etirazımız yoxdur”.
Bu vəsatətlər də təmin olunmayıb.
***
Daha sonra məhkəmə istintaqının başlandığı elan olunub, prokuror ittiham aktını elan edib. C.Hacıyev də daxil olmaqla, 8 nəfər təqsirləndirilən şəxslərin heç biri özlərini ittiham üzrə təqsirli bilməyib. Bundan sonra təqsirləndirilən şəxslərin dindirilməsi mərhələsi başlayıb.
Dustağa günə 18 manat 50 qəpik ayrılır, heç 50 qəpiklik yemək vermirlər”
C.Hacıyev ifadəsinə saxlanma şəraitilə başlayıb: “Dekabrın 19-dan qaldığım kameradan məni artıq məhkum olunmuş şəxslərin saxlanıldığı korpusa köçürüblər. Əvvəlki korpusda gündə iki dəfə su verilirdi. Burada bir gündə cəmi 4 dəqiqə su verilir. Soyuducu yoxdur. Təcridxanada həftədə bir dəfə yemək qəbul edirlər. Əgər soyuducu yoxdursa, bu o deməkdir ki, bir gün yeyib, altı gün ac qalmalısan. 45 dərəcə istidə belə şəraitdə saxlanmaq nə deməkdir? Allah heç kimə qismət eləməsin, ancaq yaddan çıxarmayın ki, hamının başına gələ bilər. Dustağın bir günlük yeməyinə 18 manat 50 qəpik pul ayrılır. Amma heç 50 qəpiklik yemək vermirlər”.
“Mənə işgəncə verənlər heç nəyə nail olmayacaqlar”
C.Hacıyev bu cür münasibəti işgəncə kimi dəyərləndirib: “Mənə bu şəkildə işgəncə vermək nəyə lazımdır? Onu da bilsinlər ki, buna göstəriş verənlər heç nəyə nail olmayacaqlar”.
Cinayət işində Eldar Mahmudovun gəlininin də adı hallanır
C.Hacıyev qeyd edib ki, işin istintaqı DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində qeyri-peşəkar və qərəzli aparılıb: “Istəyirdim ki, bu işi Baş Prokurorluq araşdırsın. Əfsuslar olsun ki, bu işi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi apardı. Orada mütəxəssis yoxdur. Onlara çox şeyi mən özüm başa salırdım. Məhkəməyə də çiy iş göndəriblər. Ittiham aktında yazıblar ki, guya, 211 milyon ziyan vurmuşam. Nə qədər hesablayıramsa, bu qədər məbləğ alınmır. Mən bilmirəm ki, bunu hesablayanların məktəbdə riyaziyyat müəllimi kim olub. Qızım Leylanın (keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun gəlini Leyla Mahmudova nəzərdə tutulur-red.) ümumiyyətlə, borcu yoxdur. Niyə onun adı ittiham aktına yazılıb? Məqsədləri budur ki, məbləği 211 milyona çatdırsınlar?”
“Nə yazılan, nə də yazılmayan qanunları pozmamışam”
C.Hacıyev deyir ki, onun və yaxınlarının səhmlərinin alqı-satqısından əldə olunmuş vəsait onların kreditlərinin ödənilməsinə yönəldilməyib: “Yüzlərlə insanı təcrid edib, minlərlə adamın ölkədən çıxışına qadağa qoymaqla, nə qaytarılıb? Heç bir qəpik də qaytarılmayıb. Mənim və yaxınlarımın 5 milyona yaxın səhmləri alqı-satqı olunub. Ancaq həmin məbləğ kreditin ödənilməsinə yönəldilməyib. Niyə? Çünki ortada qərəz var. Maliyyə nazirinin müavini Azər Bayramov mənə demişdi ki, mənim və yaxımlarımın səhmlərinin alqı-satqısından əldə edilmiş vəsait ”Texnikabank”ın borcunun bağlanmasına yönəldib. Baş prokurorun və Ramil Usubovun yanında sual verdim ki, niyə bizim pulumuzla “Texnikabank”ın borcunu bağlamısız? O, hörmətli şəxslərin yanında bildirdi ki, Emil Mustafayev bizə belə deyib.
Harada bir cümlə var ki, bu pullar bizim cibimizə gedib. Bizim tərəfimizdən mənimsəmə deyilən bir hal olmayıb. Adi kredit əməliyyatları olub. Bu işdə cinayət yoxdur, ola da bilməz. Dəfələrlə ifadə verib istintaqı istiqamətləndirmişəm ki, fiziki şəxslərin adına verilmiş kreditlər filan layihələrin həyata keçirilməsinə yönəlib. Mən yazılan və yazılmayan qanunları gözəl bilirəm. Və bu qanunların da heç birini pozmamışam.
Beynəlxalq Bankın Lüksenburqdakı bölməsi hazırda Samir Şərifovun və bankın indiki rəhbərliyinin himayəsi altındadı. 2003-cü ildə 600 min iş yeri yaradılması barədə prezidentin fərmanı çıxarkən gəlib dedilər ki, pambıqçılıq, fındıqçılıq, kənd təsərrüfatı və s. sahələrlə bağlı Qazaxıstanda, Rusiyada, Birləşmiş Ərəb Əmirliklərində və s. ölkələrdə layihələr maliyələşdirilməli idi. Ayrılmış kreditlər vasitəsilə maliyyələşdirirdik. Indi deyirlər ki, o layihələr uğursuz olub. Əgər o layihələr uğursuz idisə, niyə ən yüksək səviyyədə, sərgidə prezidentə həmin layihələri son 10 ilin ən uğurlu layihələri kimi təqdim edirdiniz?”
“Qanunu seçməliydim, yoxsa hansısa məmurun istəyini yerinə yetirməliydim?”
C.Hacıyev etiraf edib ki, Müşahidə Şurasının qərarlarını icra etməyib. Addımını da belə əsaslandırıb: “Mənə deyirlər ki, limiti aşmısan, Bankın Müşahidə Şurasının razılığı olmadan 1.5 milyondan artıq kredit vermisən. Müşahidə Şurasının qərarları qanuna zidd idi. Mən Samir Şərifovun qərarlarını icra etməli idim, yoxsa Milli Məclisin qərarlarını? Onlar 3 qanunu – ”Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” və “Bank və bank fəaliyyəti haqqında” qanunları pozurdular. Mən qanunu seçməliydim, yoxsa hansısa məmurun istəyini yerinə yetirməliydim? Müşahidə Şurasının qərarları hüuqi baxımdan qanuna zidd olmaqla yanaşı, digər tərəfdən də bankın fəaliyyətini dayandırmağa yönəlmişdi.
Bir daha deyirəm ki, pullar bizim cibimizə getməyib, layihələrdədi. Sadəcə, istintaq aparılmayıb, dediyim məsələlərin arxasınca heç kim getməyib”.
“Samir Şərifov dövlət rəhbərliyini aldadıb”
C.Hacıyev Maliyyə naziri Samir Şərifovla münasibətlərindəki gərginliyin səbəblərindən də danışıb: “Bu qərəz 2008-ci ildən başlayıb. Beynəlxalq maliyyə böhranı baş verəndə bütün dövlətlərin maliyyə nazirlikləri, mərkəzi bankları kapitalın möhkəmləndirilməsi istiqamətində işlər görməyə başladılar, bircə bizdən başqa. 2013-cü ilə qədər dövlətdən banka heç bir vəsait gəlmədi. Əksinə, biz Maliyyə Nazirliyi tərəfindən təzyiqlərə məruz qalırdıq. Ölkə rəhbərliyinə, baş nazirə məktublar yazırdıq ki, bir sıra layihələr kağız üzərində qalır, bununla da dövlətin vəsaiti mənimsənilir. 15 il bankın Idarə Heyətinin sədri işləmişəm. Bu müddətdə bankın reytinqi ölkənin suveren reytinqindən 2 dəfə yüksək olub. Samir Şərifov ”Moody’s” və digər reytinq təşkilatlarının nümayəndələri ilə görüşdə deyirdi ki, “niyə onların reytinqini artırırsız?” Mən dəfələrlə demişəm, bu adamın fəaliyyətini araşdırmaq lazımdır ki, o, niyə ölkəyə düşmən kəsilib? Samir Şərifov dövlət rəhbərliyini aldadıb”.
“34 faizlik devalvasiyanın tək müəllifi Samir Şərifovdur”
C.Hacıyevin sözlərinə görə, onun rəhbərliyi dövründə Beynəlxaln Bank həmişə xeyirlə işləyib. Deyir ki, 2014-cü ildə bank 25 milyon xalis mənfəətlə çıxıb. 2015-ci il martın 18-də istefa ərizəsi yazdığını deyən C.Hacıyev qeyd edir ki, ötən ilin ilk altı ayının nəticələrinə görə, bank zərərlə işləyib.
C.Hacıyev ötən il fevralın 21-də bir gecədə manatın dollar qarşısında 34 faiz dəyərdən düşməsindən də danışıb: “Mən eşidirəm, bilirəm, internetdə də yazırlar, insanlar Elman Rüstəmov haqqında pis-pis sözlər deyirlər, hesab edirlər ki, devalvasiyanın səbəbkarı odur. Amma inanın, onun devalvasiyaya aidiyyəti yoxdur. O, bunun əleyhinə idi. Elə mən də, Vahid Axundov da əleyhinə idik. Bir gecənin içində 34 faizlik devalvasiyanın tək müəllifi Samir Şərifovdur. Devalvasiya olmalı idi, ancaq bu şəkildə yox, tədricən. Bank sistemində kapital artırılmalı, möhkəmləndirilməli, bundan sonra tədricən baş verməli idi. Beynəlxalq Banka əvvəlcədən heç bir xəbər vermədən bu addımı atdılar. Bu qərara görə, bank bir gecədə 130 milyon kapital itirdi. Oradakı menecmentlərin sayəsində aktivlərin dəyişməsindən 7-9 milyon ziyanla çıxdı. Əgər menecmentlərin səyi olmasaydı, ziyan 150 milyon olacaqdı. Hamı bilsin ki, bunun günahkarı Samir Şərifovdur. Mən elə belə demirdim ki, o adam burada oturmalıdır. Inanıram ki, bir gün oturacaq da…”
Dövlətin “Azərinşaat”a ayırdığı pul mənimsənilib
C.Hacıyev Azərbaycanda yolların tikintisilə məşğul olan “Azərinşaat” ASC-yə ayrılmış vəsaitin mənimsənilməsindən də danışıb. Onun sözlərinə görə, 2013-cü ildə dövlət büdcəsindən bu quruma 250 milyon manat vəsait ayrılmışdı. Amma reallıqda həmin vəsait şirkətə çatmayıb, dövlətin pulu başqa yerə yönəldilib: “Istintaqda da bu məsələ sübuta yetirilib. Tələb etdik ki, ”Azərinşaat”ın rəhbəri olmuş Bülənt Kara dindirilsin. O demişdi ki, məndə vəsait yoxdur, vəsait Samir Şərifovdadır”.
“Biz ”Əl-Qaidə“yik, Ben Ladenik?”
C.Hacıyev ifadəsini belə bitirib: “Bizi mütəşəkkil dəstə kimi ittiham edirlər. Biz ”Əl-Qaidə“yik? Ben Ladenik? Mən qətiyyən özümü təqsirli bilmirəm.
***
C.Hacıyev prokurorun və vəkillərin suallarını cavablandırarkən deyib ki, xarici ölkələrdəki layihələrə birbaşa kredit ayrılması mümkün olmadığından onlar dolayı yollarla maliyyələşdirilib. Yəni burada fiziki şəxslərin adlarına kreditlər ayrılıb, sonra onların hesabından həmin qurumların hesabına köçürülüb: “Bu üsuldan bütün bank sistemində istifadə olunur”.
C.Hacıyev etiraf edib ki, özünün və yaxınlarının adına 16 plastik kart vasitəsilə faizsiz və girov təminatı olmadan kreditlər ayrılıb. O, qeyd edib ki, təminatsız kredit verilməsinə heç bir qadağa yoxdur: “Bütün banklar bunu verirlər. Ayrılan vəsaitlər də bizim ailə xərclərimizə getməyib. Həmin xərclər səhmlərin alınmasına – bankın kapitalıa yönəldilib. Bundan həm də bank qazanıb.
Mənim üçün deyirdilər ki, iki təyyarəsi var. Amma heç birini də tapmadılar. Guya, lordlar yaşayan yerdə mənim evim var. Samir Şərifovun bir sürücüsü var, internet resursunun rəhbəridir. Ona görə bu cür məsələlər aydındır”.
C.Hacıyev onu da etiraf edib ki, özünün və yaxınlarının kredit kartlarından xarici ölkələrdə sağlamlıq, istirahət mərkəzləri, kurortlarda istifadə olunub: “Ancaq eyni zamanda, Azərbaycanda da nəğd vəsaitlər çıxarılıb. Özü də az vəsait olmayıb”.
C.Hacıyev əlavə edib ki, o, rəhbər kimi ümumi göstərişlər verib, amma ayrı-ayrılıqda hər bir kreditlə bağlı konkret onun göstərişi olmayıb: “Müşahidə Şurasının 4 üzvü Maliyyə Nazirliyinin işçiləri idi. Onlar gündəlik əməliyyatları sistemdən görə bilirdilər”.
Məhkəmə prosesi avqustun 26-da davam edəcək.
Aytən