Milli Şuranın sədri Cəmil Həsənli facebook səhifəsində Nardanar işinin və Gülənçilik ittihamı ilə həbs edilən AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin istintaqının ortaq cəhətində yazıb.
Dostlar! Yenicə “Nardaran işi” ilə bağlı məhkəmədən gəlirəm. Bu gün prosesdə bu iş üzrə şahid və zərərçəkən kimi tanınmış “Bandotdelin” əməliyyat işçisi İslam Ağabəyov ifadə verirdi. Məhkəmə araşdırması zamanı vəkillər və təqsirləndirilən şəxslərNardaran işi ilə bağlı cənab Ağabəyovun saxlanılan şəxslərə ağır işgəncələr verdiyini üzə çıxardı. Bu ayrı bir yazının mövzusudur. Ən maraqlısı odur ki, Nardaran əməliyyatının əsas təşkilatçılarından biri olan Ağabəyov bu iş üzrə həm əməliyyat istintaq işlərində iştirak edib, təqsirləndirilən şəxslərin hadisə yerinə aparılması və bu prosesin videoya alınmasında iştiriak edib, həm də işdə şahid və zərərçəkən kimi tanınıb. Sual cavab zamanı Hacı Tale Bağırzadə bəyan etdi ki, məhz Ağabəyov ondan Nardaran hadisələrini Milli Şuranın, Əli Kərimli və mənim təşkil etməyib barədə təhdid və işgəncə yolu ilə ifadə almağa çalışıb, bu ifadəni almaq üçün ona idarədə dəhşətli işgəncə veriblər. Əslində, normal və müstəqil məhkəmə olsaydı Ağabəyov törətdiyi qanunsuz əməllərinə görə məhkəmə zalındaca həbs olunmalı idi. Yeri gəlmişkən, bu gün o da aydın oldu ki, bir neçə gün əvvəl Əli Kərimlinin həbs edilmiş köməkçisi və “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin maşınının yük yerindən Gülənçi ədəbiyyatı “çıxaran” da elə bu İslam Ağabəyov olub.