«Beynəlxalq təşkilatların, maliyyə qurumlarının açıqladığı hesabatlar ciddiyə alınmalıdır»
Nemət Əliyev: «Hökumət manat kütləsinə yiyələnmək üçün devalvasiya prosesinin davam etdirilməsində çox maraqlıdır»
Azərbaycanda iqtisadi durumun acınacaqlı olduğunu və fəlakətin getdikcə daha da böyüdüyünü nüfuzlu beynəlxalq təşkilatlar bir daha vurğulayıblar. “Moody”s” beynəlxalq reytinq agentliyi Azərbaycanla bağlı növbəti proqnozunu açıqlayıb. Agentlik büdcə xərclərinin ixtisar edilməsinin real ÜDM-in azalmasına gətirib çıxaracağını qeyd edib. “Moody”s” 2016-cı ilin yekununda borcun ÜDM-də xüsusi çəkisinin 31,6%-ə yüksələcəyini proqnozlaşdırır. Manatın son zamanlar mövqe itkilərinə məruz qalması və bankların dollar satışına məhdudiyyət qoyması da gündəmin əsas iqtisadi xəbərləri olaraq qalır. Bu və başqa sualları AXCP Iqtisadi Siyasət Komissiyasının sədri, iqtisadçı alim Nemət Əliyevə ünvanladıq:
– “Moody”s”in Azərbaycanla bağlı hesabatını real hesab etmək mümkündür. Bu gün ölkədə baş verənlər, hökumətin yürütdüyü siyasət daha ağır nəticələrin proqnozlaşdırılması üçün əsaslar yaradıb. Xarici dövlət borcunun faktiki həcminin ÜDM-də xüsusi çəkisinin az bir müddətdə 6-7 faizdən 20 faizin üzərinə qalxması borcun artacağına dair fikirləri daha da əsaslı edir. Neft gəlirlərinin kəskin azalması, habelə ötən ilin büdcəsi ilə müqayisədə bu ilin dövlət büdcəsinin 2 dəfədən çox kiçilməsi, dövlət investisiya layihələrinin böyük həcmdə ixtisara düşməsi iqtisadi, sosial və infrastruktur problemlərin miqyasını xeyli artırıb. Analoji vəziyyət həm yerli, həm də xarici investorlara da sirayət edib. Onlar da əlverişsiz iqtisadi şərait ucbatından investisiya qoyuluşunu durmadan azaltmaqdadırlar. Istehsal səviyyəsi sürətlə düşməkdə, işsizlik artmaqda, sosial problemlər isə böyüməkdədir. Hətta hökumət dövlət büdcə qanunu ilə təsdiq olunmuş vəzifə və öhdəlikləri yerinə yetirmək imkanında deyil. Büdcə gəlirləri son 3 ayda 45% kəsirlə, büdcə xərcləri isə ilin ilk 7 ayında 24% kəsirlə yerinə yetirilib. Azərbaycanın da iştirak etdiyi beynəlxalq layihələrdə iştirak payının maliyyələşdirilməsinə olan tələbi də nəzərə almaq lazımdır. Bütün bu baş verənlərin doğurduğu çətinliklərin öhdəsindən gəlmək üçün böyük maliyyə vəsaitləri tələb olunur ki, bunu da əvvəlki illərdə olduğu kimi, asanlıqla əldə etmək çox çətindir. Bu üzdən hökumət bu gün əlavə borclanma üçün imkanlar axtarışındadır. Bu istiqamətdə xeyli uğursuz cəhdlər də olub. O vəsaiti verən olsa, fikrimcə dərhal alacaqlar. Bu üzdən xarici dövlət borcu daha da böyüyə bilər. Indiki zamanda bu çox realdır.
Son günlər manat daha 13 faiz dəyər itirib
– “Bloomberg News” bəyan edib ki, manat, bu il dünyada dollar qarşısında ən çox dəyər itirən ikinci valyuta olub. Manatın sonrakı aqibətini necə görürsünüz?
– Ötən il 21 fevral qərarı ilə Mərkəzi Bank manatı birdən-birə 34%-ə yaxın dəyərdən saldı. Il başa çatmamış, 21 dekabr qərarının nəticəsində manat növbəti dəfə 48%-ə yaxın dəyərdən düşdü. Il ərzində 2 qərarla milli valyuta 2 dəfəyə yaxın dəyər itirdi. Bu çox böyük itkidir. Təəssüflər olsun ki, hər tərəfli götür-qoy edilməmiş, tələsik qərarlara imza atıldı. Bununla da ölkənin, əhalinin millli valyutada olan bütün varidatı dəyərdən salındı, xarici valyutada kredit borcu olanların borc yükü süni şəkildə artırıldı, milli valyutaya inam sürətlə zəiflədi, bank sektoru çökdü, kreditlər iqtisadiyyatdan geri çəkildi. Nəticədə iqtisadi şərait daha da pisləşdi, ehtiyatlar əridi, ölkəmizin reytinq göstəriciləri düşdü, xarici ölkələrə kapital axını sürətləndi, sürətli bahalşma baş verdi, alıcılıq qabiliyyəti zəiflədi, yerli istehsal azaldı, sosial vəziyyət ağırlaşdı və s. Hazırkı şəraitdə istehsal, idxal və ixrac göstəriciləri o dərəcədə pisləşib ki, gəlirlər o dərəcədə azalıb, itkilər o dərəcədə böyüyüb ki, dövlətin büdcəsini doldurmaq bu gün əməlli-başlı problemə çevrilib. Təəssüflə qeyd olunmalıdır ki, qeyri-neft sahələrinin inkişafında əməli nəticələrə nail ola bilməyən hökumət büdcəni doldurmaq üçün, yəni nisbətən az xarici valyuta qarşılığında daha çox manat kütləsinə yiyələnmək üçün devalvasiya prosesinin davam etdirilməsində çox maraqlıdır. Elə bu üzdən də manatın dəyərdən salınması prosesi bu gün də davam edir və son iki ayda rəsmi məzənnəyə görə 8%-dən çox ucuzlaşma qeydə alınıb. Bankların real satış qiymətinə görə ucuzlaşma 13%-dən çoxdur. Və bu prosesin hələ bir müddət davam edəcəyi şəksizdir. Çünki, ortada alternativ imkanlar hələki yoxdur. Ölkəmizə xarici valyuta qazandıran qeyri-neft mallarımız çox azdır. Bu sahələr zamanında inkişaf etdirilməyib. Əgər bahalı neftin hesabına 2014-cü ildə xarici ticarətdən 8,3 milyard dollar valyuta qazancımız olmuşdursa, 2015-ci ildə bu göstərici 2,2 milyarda düşdü. Bu ilin yanvar-iyul aylarında xarici ticarətdən nəinki qazancımız olmayıb, əksinə 167 milyon dollardan çox kəsir əmələ gəlib. Proseslərin bu yöndə davam etdiyi müddətdə devalvasiya da davam edəcək.
Qarşıdan bahalaşma və manatın ucuzlaşması gəlir
– O zaman biz ilin sonuna doğru həm bahalaşma, həm də manatın ucuzlaşmasını müşahidə edə bilərik?
– Devalvasiya və bahalaşma, “gözlənilir” deməzdim, hər iki proses bu gün yaşanmaqdadır. Amma bu proses 2015-ci ildə baş verən iki devalvasiyadan fərqli olaraq nisbətən “sakit” baş verir. Artıq yuxarıda qeyd etdiyim kimi, son iki aya yaxın müddətdə dolların manata nəzərən məzənnəsi 1,4900 manatdan 1,6202 manata qədər bahalaşıb. Bankların satış qiymətləri isə bu müddətdə 1,5 manatdan 1,7 manata qədər artıb. Manatın hər gün dəyər itirməsi ilk növbədə idxal mallarının qiymətlərinin artması ilə, sonrakı mərhələ də isə yerli malların bahalaşması ilə müşahidə olunur. Əgər marketlərdə qiymətləri əvvəlki qiymətlərlə tutuşdursanız, buna əmin ola bilərsiniz. Şəkər tozu bir müddət əvvəl 80-90 qəpiyə satılırdısa, bu gün 1 manat 15 qəpiyə, 1 manat 20 qəpiyə satılır. Diqqət edirsinizmi, bu “sakit” gedişatla şəkər tozu 40%-ə yaxın bahalaşıb. Deməli, həm devalvasiya, həm də bahalaşma davam etməkdədir. Devalvasiyanı və bahalaşmanı zəruri edən şərtlər qaldığına və bu gün daha çox fəallaşdığına görə bu prosesin ilin sonunadək davam edəcəyi, hətta sürətlənəcəyi istisna olunmur. Hətta, ilin sonunadək dolların manata məzənnəsi 2 manata da yüksələ bilər. Neftin qiymətlərinin düşəcəyinə dair açıqlamalar da bu istiqamətdə işini görür.
Dollar satışını məhdudlaşdırmaq çıxış yolu deyil
– Bir sıra banklar əhaliyə dollar satışını bir qədər də məhdudlaşdırıb. Adambaşına dollar satışı 200 dollara qədər endirilib. Bu vəziyyətdən çıxış yoludurmu?
– Qətiyyən! Bu, vəziyyətdən çıxış yolu deyil. Artıq bir müddətdir ki, oxşar addımlar atılır: valyuta dəyişmə məntəqələrinin fəalliyyəti dayandırılıb, bankların dollar satışı üzərində məhdudiyyətlər tətbiq olunur, xarici valyutaya təlabatın çox az hissəsi ödənilir və s. Bəs, nəticələr necədir? Ixrac yönümlü fəaliyyət sürətləndimi, ölkəmizə valyuta daxilolmaları artdımı? Iqtisadi təənəzzülü səngitmək mümkün oldumu, investisiya fəaliyyətində genişlənmə qeydə alınıbmı? Əsla! Əksinə, bu gün nəticələr daha da ağırlaşıb. Iqtisadi və sosial göstəricilər daha da pisləşib. Bu ilin yeddi aylıq Ümumi Daxili Məhsulu 12 milyard dollar və ya 37%-ə yaxın azalıb. Qeyri-neft sektorunda bu göstərici 8,8 milyard dolar və ya 39%-dən çox düşüb. Qeyri-neft sektoruna yeddi aylıq kapital qoyuluşunun həcmi 3,5 milyard dollar və ya 66% azalıb. Xarici ticarət dövriyyəsinə, istehlak bazarlarının həcminə dair göstəricilər də ürək açan deyil. Bu siyahını xeyli davam etdirmək mümkündür. Makro iqtisadi göstəricilər üzrə müşahidə olunan tendensiya bundan ibarət olubsa, belə siyasəti davam etdirməyin anlamı qalırmı, sizcə? Odur ki, belə siyasətdən imtina olunmalı, daxili bazarların xarici valyutaya təlabatı ödənilməli və təcili şəkildə islahatların önü açılmalıdır.
– Ötən il Azərbaycanı 550 milyon dollar vəsait tərk edib. Nəyə görə bu maliyyənin ölkədə qalmasına çalışılmır? Özələşdirməyə 38 şirkət çıxarılıb. Amma onların əmlakı demək olar ki, yararsızdır. Bu yol ilə büdcəyə vəsait, ölkəyə investisiya cəlb etmək olacaqmı?
– Sualınızın davamı kimi deyim ki, investisiya itkilərimiz bu ilin yeddi ayında da davam edib və yerli investorlarımız ötən illə müqayisədə yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 65% və ya 3,5 milyard dollar azaldıblar. Xarici investorlar isə investisiya qoyuluşunu bu il 777 milyon dollar və ya 20%-ə yaxın azaldıb. Baxın, itkilərimiz nə qədər böyüyüb. Şübhəsiz ki, əlverişsiz iqtisadi şərait, inhisarçılıq, rüşvətxorluq, haqsız rəqabət, qanunsuzluq, özbaşınalıq investorları və investisiyanı ölkədən qaçaq salan əsas amillərdir. Çalışma bu amillərin və səbəblərin aradan qaldırılması, zəiflədilməsi istiqamətində olmalıdır ki, müsbət nəticə olsun. Ictimai, iqtisadi, sosial, siyasi cəhətdən təhlükəli olan bu problemlər daha da ayaq açdığına görədir ki, milyardlarla investisiya burada “duruş gətirə bilmir”. Halbuki, itirilən o milyardlara bu gün Azərbaycan iqtisadiyyatının çox böyük ehtiyacı var.
Əmlakı yararsız vəziyyətdə olan 38 obyektin özəlləşdirməyə çıxarılmasından əldə olunacaq vəsait itirdiklərimizlə və maliyyə vəsaitlərinə yaranmış ehtiyacla müqayisədə ölçüyə gəlməz dərəcədə çox azdır. Elə bu səbəbdən də həm ölkənin Tədiyyə Balansında əmələ gəlmiş kəsiri qarşılamaq, həm də digər ehtiyacları qarşılamaq üçün daha böyük və nisbətən “saz” vəziyyətdə olan gözəgəlimli obyektlərin özəlləşdirməyə çıxarılması ehtimalı çox yüksəkdir. Hətta, bu istiqamətdə enerji sektoruna aid obyektlərin adı çox hallanır.
– Bəzi banklar ümumiyyətlə kreditləşməni dondurublar. Iqtisadiyyatın kreditləşməsi onsuz da bərbad idi. Bu tendensiya vəziyyətə necə təsir edəcək?
– Bu sahədə həm banklar tərəfindən kreditlərin verilməsi demək olar ki, dondurulub, həm illərlə yatırılmış kredit resursları iqtisadiyyatdan çıxarılır və geriyə dönmür, həm də yarıtmaz məzənnə siyasətinin təsiri ilə əllərdə-dövriyyədə olan maliyyə resursları sürətlə alıcılıq qabiliyyətini itirir. Hər üç proses ölkə iqtisadiyyatına, sosial həyata ciddi ziyan vurur. Kreditləşmənin kəskin zəifləməsi ilə maliyyə resurslarına olan təlabatın ödənilməməsi fonunda, həm işgüzar fəalliyyətin genişlənməsinin qarşısı alınır, həm də banklar çökür və bununla da banklarda olan əmanət və depozitlər də böyük risk altına düşür. Kreditlərin iqtisadiyyatdan geri çəkilməsi isə mövcud fəaliyyətin məhdudlaşdırılmasına, iş yerlərinin ixtisar olunmasına, gəlirlərin azalmasına və sairəyə gətirib çıxarır. Istehlak kreditlərinin geri çəkilməsi ilə bu kreditlər hesabına müəyyən qədər həllini tapmış (yaxud da bu gündən sabaha ötürülmüş) məişət problemləri sürətlə qabarır və böyüyür. Belə vəziyyət nəticə etibarı ilə sosial gərginliyin artmasına səbəb olur ki, indiki zamanda buna heç imkan vermək olmaz. Amma faktlar fərqli mənzərə ortaya qoyur. Məlum olur ki, bu ilin II rübündə milli valyutada verilmiş kreditlərin 460 milyon manata qədəri, xarici valyutada yerləşdirilmiş kreditlərin isə 504 milyon dolları iqtisadiyyatdan geri çəkilib. Ümumi azalma 1,3 milyard manata yaxındır. Yalnız 3 ay ərzində ev təsərrüfatlarından 700 milyon manata yaxın kredit geri çəkilib. Inşaat və əmlak sektorundan yarım milyarda yaxın, nəqlliyyat və rabitə bölməsindən isə milyardın dörddə biri qədər kredit çıxarılıb. Kreditlər ticarət və xidmət sektorunu, sənaye və istehsal, kənd təsərrüfatı və emal bölmələrini də tərk edib. Geri çəkilən kredit resurslarının 66%-dən çoxunu uzun müddətli kreditlər təşkil edib. Belə şərtlər altında bu ölkədə iqtisadi fəallığı artırmaq, iqtisadiyyatda, sosial həyatda dinamikaya nail olmaq mümkündürmü? Əlbəttə yox! Odur ki, kreditləşmənin dayanması, alıcılıq qabiliyyətinin zəifləməsi nəticə etibarı ilə problemləri daha da böyüdür.
Ölkənin reytinqinin aşağı olması kredit almanı çətinləşdirir
– Hökumət yaranmış vəziyyətdən çıxmaq üçün xaricdən maliyyə cəlb etməyə çalışır. Uzun müddətdir ki, bu istiqamətdə iş aparılır. Sizcə, ölkənin reytinqinin getdikcə aşağı düşməsi bu prosesə necə təsir edir?
– Beynəlxalq təşkilatların, maliyyə qurumlarının açıqladığı hesabatlar ciddiyə alınmalıdır. Təssüflə qeyd edirəm ki, hökumət səhv olaraq bu cür sənədlərə çox da əhəmiyyət vermir. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanla bağlı yayılan həmin hesabatlar hökumətimizin borc almaq məqsədi ilə bu gün üz tutduğu xarici investorlar üçün ciddi sənəd sayılır. Deyək ki, “Moody”s” yaxud da “Standard&Poors” kimi nüfuzlu beynəlxalq təşkilatların ölkəmizin reytinqinin aşağı salınmasına dair açıqladığı məlumatlar ilk növbədə xarici investorlar üçün, elə həm də yerli investorlar üçün çox qiymətli məlumat hesab olunur. Onlar öz investisiya siyasətlərini hazırlayarkən həm də bu cür məlumatlara söykənirlər. Əminəm ki, son zamanlar ölkəmizdən xaricə kapital axınının sürətlənməsində Azərbaycanın kredit və investisiya reytinqinin aşağı salınmasınına dair bu tip beynəlxalq təşkilatların açıqladığı məlumatların rolu az olmayıb. Yalnız kredit və investisiyalara dair reytinq hesabatlarını deyil, həm də insan hüquq və azadlıqlarına, siyasi repressiyalara, siyasi və vicdan məhbuslarına dair açıqlanan hesabatlara önəm verilməlidir. Çünki, düşüncə və fikirlərinə görə insanların təqib olunduğu bir məmləkətdə investorlar üçün rahat şərait olacağına hətta sadəlöhv insanları da inandırmaq mümkün deyil. Bu baxımdan, bütün mənalarda reytinqi korlanmış ölkəyə maliyyə resurslarının cəlb olunması çox çətindir.
Xəyal