ABŞ Dövlət Departamenti: “Bu fəallar demokratik dünyəvi müxalifət üzvləridir”
ABŞ Azərbaycanda son siyasi həbsləri pisləyir və rəsmi Bakıdan repressiyanı dayandırmağa istəyir. Bu barədə Dövlət Departamentinin sözçüsü Mark Tonerin səsləndirdiyi bəyanatda deyilir.
Mark Toner bildirib ki, Birləşmiş Ştatlar REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin və başqa fəalların həbsindən narahatdır.
Bəyanatda konkret adlar çəkilməsə də, AXCP fəallarının Gülənçi damğası ilə həbsinə etiraz da əksini tapır: “Bu fəallar demokratik dünyəvi müxalifət üzvləridir, lakin hökumət bu həbslərdən bəzilərinə bəraət qazandırmaq üçün onların müsəlman din xadimi Fətullah Gülənlə əlaqəsi olduğunu iddia edir”.
Bəyanatda vurğulanır ki, son həbslər bu yaxınlarda keçiriləcək referendumdan öncəyə təsadüf edir. ABŞ rəsmi Bakını referenduma çıxarılan dəyişiklikləri beynəlxalq qiymətləndirməyə təqdim etməyə də çağırır.
“Konstitusiyada dəyişikliklər prezidenlik müddətinin beş ildən yeddi ilə qədər uzadılmasını və seçkili yolla deyil, təyinatla birinci vitse-prezident və vitse-prezident kimi yeni postların təsis edilməsini nəzərdə tutur. Başqa dəyişikliklər qeyri-konkret terminologiya ilə bir sıra fundamental azadlıqların məhdudlaşdırılmasına xidmət edir. Birləşmiş Ştatlar Azərbaycan hökumətini konstitusiyaya dəyişiklikləri Venesiya Kommissiyası və ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna təqdim etməyə çağırır”, – deyə bəyanatda qeyd olunur.
Dövlət Departamenti xatırladır ki, BMT-nin Arbitrar Saxlanmalar üzrə İşçi Qrupu may ayında Azərbaycana səfər edib. Onların açıqladığı bəyanatda deyilir ki, hökumət “insan hüquqları müdafiəçiləri, jurnalistləri, siyasi və dini liderləri onların fundamental hüquqlar və azadlıqlarından istifadə etməsinin qarşısını almaq və susdurulması üçün cinayət və inzibati ittihamlarla saxlamaqda davam edir.”
Mark Toner bildirib ki, ABŞ hökuməti “sentyabr ayının 26-da keçirilməsi nəzərdə tutulmuş konstitusiyada dəyişikliklə bağlı referendum öncəsi Azərbaycan hökumətini həbs olunanları azad etməyə, insan haqlarına, ifadə və toplaşma azadlığına hörmət göstərməyə çağırır”.