İctimaiyyət AXCP-ni Fətullah Gülənlə əlaqələndirmək cəhdlərini gülüşlə qarşılayır
“Azadlıq” qəzetinin direktoru, AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirliyə yeni ittiham irəli sürülüb. O, CM–nin 168-ci maddəsi (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) ilə təqsirli bilinib. İstintaq eyni zamanda Faiq Əmirlini Hizmət təşkilatının Azərbaycandakı imamı elan edib. Faiq Əmirli ona qarşı irəli sürülən ittihmları rədd edib və heç bir ifadə verməyib. Avqustun 20-də həbs olunan F.Əmirliyə qarşı absurd ittihamlar davam edir. İrəli sürülən ittihamların gülünc olması və tam formada ifşa olunmasına baxmayaraq belə görünür ki, hakimiyyət müxalifətdə «Gülənçi axtarışını» dayandırmaq niyyətində deyil.
Baş verənlərə tanınmış ictimai–siyasi xadimlərin mövqeyini öyrəndik.
Gültəkin Hacıbəyli: «Faiq Əmirliyə qarşı ittihamlar gülüş doğurur»
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hazırda baş verənləri 1937-ci il repressiyaları ilə müqayisə etdi və bildirdi ki, tarix yenidən təkrarlanır. Amma bu dəfə faciə kimi deyil, komediya kimi: «Məhşur bir kəlam var ki, faciə bir dəfə baş verir. İkinci dəfə o hadisə təkrarlananda artıq bu komediyaya çevrilir. Bu gün də 37-ci il repressiyalarını həyata keçirənlər eyni aqibətlə rastlaşırlar. İnsanlarda bu əməllər artıq gülüş doğurur. Sosial şəbəkələrdə insanlar hakimiyyətin bu davranışına rişxəndlə yanaşırlar. Prokurorluğun «Azadlıq» qəzetinin direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlini «Nurçuların» imamı elan etməsi cəmiyyətdə ancaq gülüş doğura bilərdi. Mən bildiyim qədər Faiq Əmirli şiə məzhəbindəndir. Digər tərəfdən Faiq Əmirli kifayət qədər dünyavi insandır. Hər hansı bir dini təriqətlə birbaşa əlaqəsi yoxdur. Sadəcə olaraq bütün müsəlmanlar kimi öz dininə hörmətlə yanaşan və öz dininə etiqad edən şəxsdir. Onu «Nurçuluq» ittihamı ilə həbs etmək, maşınından heç zaman qadağan olunmamış kitabları çıxarmaq tamamilə absurddur. Özü də bu kitabların maşina qoyulmasını çox sayda insan görüb, bu barədə sosial şəbkələrdə də faktlar var».
G.Hacıbəylinin sözlərinə görə, digər bir tərəfdən F.Əmirlinin maşınından aşkar edilən kitaba ön söz yazan, ona redaktorluq edən və hakimiyyətdə təmsil olunmuş şəxslər var. «Əgər bir kitabın baş redaktoru Zahid Qaralov YAP–ın qurucularından, Siyasi Şuranın üzvlərindən olubsa, bu partiyanın siyahısı ilə millət vəkili postuna yiyələnibsə, Faiq Əmirli kitabları hətta maşının baqağında gəzdirsə belə hökumət onu necə «Nurçuluq»da ittiham edə bilər. «Nurçuluq» cinayət məsuliyyəti yaradırsa, ilk növbədə həmin kitabı çap edən mətbəə, onun ərsəyə gəlməsində xidmətləri olanlar da məsuliyyət daşımalıdır. Burada hakimiyyətin məqsədi Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən istifadə edərək, daxildə siyasi rəqiblərini sıradan çıxarmaqdır. Bu olduqca mənasız bir işdir. Bununla Türkiyə hakimiyyətini razı salmaq mümkün olmayacaq. Ərdoğan Azərbaycanda «Nurçular» şəbəkəsinin haralarda yayıldığından xəbərdardır. Hakimiyyət cəbhəçiləri həbs edərək, Əli Kərimliyə çıxmağa çalışır. Bu əbəs addımlardır», deyə G.Hacıbəyli vurğuladı.
G.Hacıbəyliyə görə, beynəlxalq aləm, Azərbaycan cəmiyyəti Ə.Kərimlinin «Gülənçi» olduğuna necə inana bilər ki, bu hadisələrlə yanaşı gedən məhkəmə prosesində Tale Bağırzadə ondan istintaq zamanı işgəncə ilə AXCP sədrinə qarşı ifadə almaq istənildiyini açıqladı. Bu prosesdə Milli Şura, AXCP dövlət çevrilişi edərək şiə dövləti qurmaqda ittiham olunur, eyni zamanda AXCP–yə qarşı «Gülənçi» ittihamı irəli sürülür, Əli Kərimlinin köməkçisi imam elan olunur: «Bu o qədər primitiv hazırlanmış ittihamdır ki, bununla heç nəyə nail olmaq olmaz. Milli Şuranı tam tərkibdə həbsxanalara doldurmaq olar. Amma bu çıxış yolu deyil. Bununla cəmiyyətdəki gərginliyi azaltmaq olmayacaq».
Vidadi Mirkamal: «Faiq Əmirliyə qarşı «Gülənçi» ittihamı həm gülünc, həm də məntiqsizdir»
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal bildirdi ki, Azərbaycan hakimiyyəti tam formada yalan üzərində qurulub. Ona görə iqtidarın siyasi rəqiblərini sıradan çıxarmaq üçün apardığı təbliğat da tamamilə yalandan ibarətdir: «Azərbaycan hakimiyyətinin «Gülənçi» ittihamları həm gülünc, həm də məntiqsizdir. Bunu Azərbaycan cəmiyyəti, beynəlxalq aləm çox gözəl bilir. Bu hakimiyyət qızarmadan, utanmadan, həyasızcasına yalan danışmağı bacarır. Bu da növbəti yalanlardan biridir. Müxalifəti «Gülənçilikdə» ittiham etmək absurddur. «Gülənçilərin» hədəfi müxalifət ola bilməz. Bu yola xidmət edənlər daha çox hakimiyyətdə təmsil olunmağa çalışırlar. Azərbaycan müxalifəti ciddi repressiyalarla üz–üzədir. Belə bir vəziyyətdə «Gülənçilərin» məhz müxalifəti seçməsi sadəcə olaraq absurddur. Hakimiyyətin bu yalanı da öz təsdiqini tapmır. Faiq Əmirliyə qarşı irəli sürülən ittihamlar ona uyğun gəlmir. Bu baxımdan hakimiyyətin yalanı gözdən salınır».
Eldəniz Quliyev: «Hakimiyyət bu addımları ilə qarşıdan gələn referenduma hazırlaşır»
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev isə vurğuladı ki, absurdizmin məntiqlə izahı mümkün deyil. Hakimiyyətin atdığı addımların əslində absurda porodiya olduğunu deyən E.Quliyev bildirdi ki, hamının gözü qarşısında baş verən bu proseslər qarşıdan gələn referenduma hesablanıb: «Baş verənlər mitinqə hazırlaşan gənc fəalları prosesdən yayındırmağa hesablanıb. Amma bu addımlar əksinə demokratik düşərgəyə xeyir gətirir. Çünki görməyən də gördü, eşitməyən də eşitdi ki, hakimiyyət ölkənin rəsmi siyasətini Siyavuş Novruzovun intilekti səviyyəsində sərgiləyir. Bu demokratik düşərgə, Milli Şura üçün müvəqqəti çətinlikdir. Bu ittihamları nə eşidən adam, nə də deyən adam inanır. Bu cür addımların atılması hakimiyyətə utanc gətirir».
İbrahim İbrahimli: «İlham Əliyev ona təhlükə olan Əli Kərimlini neytarallaşdırmağa çalışır»
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimlinin isə fikrincə, referendum vaxtı müəyyənləşəndən sonra müxalifətin buna kəskin reaksiyası hakimiyyəti bir sıra addımlar atmağa məcbur etdi. İ.İbrahimlinin sözlərinə görə, hakimiyyət cəmiyyətin, müxalifətin referenduma kəskin mövqe sərgiləməsindən sonra topluma təsir edə biləcək qüvvələrə qarşı repressiyalara başlamaq qərarı verdi: «Hakimiyyətin məqsədi referenduma qarşı çıxan qüvvələri neytrallaşdırmaqdır. Eyni zamanda hakimiyyət mitinq təhlükəsinin də qarşısı almağa çalışır. AXCP, Milli Şura mitinqlərlə bağlı müzakirələrə başlayandan sonra Xalq Cəbhəsinə qarşı kəskin, sərt mövqe sərgiləndi. Repressiyanın ilk qurbanları da aktiv fəaliyyət göstərən gənclər oldu. Faiq Əmirlinin üzərinə bu səpkidə gedilməsi təsadüfi deyil. Burada məqsəd köməkçisi vasitəsilə Əli Kərimliyə çıxmaqdır. Bu da tamamilə mənasız taktikadır. Hakimiyyət Əli Kərimlini zaman–zaman xarici radikal qüvvələrlə əlaqələndirib. 2011-ci ilin aprel mitinqlərinin yüksəklən bir vaxtında Əli Kərimlini şiə təşkilatı olan Hizubullah ilə süni təşkilatı olan Əl–Qaidə ilə əməkdaşlıqda ittiham etdilər. Hətta bununla bağlı geniş müzakirələr başladıldı».
İ.İbrahimli onu da vurğuladı ki, 2013-cü ildə isə prezident seçkiləri öncəsi Milli Şuranı və AXCP–ni Rusiyanın proyekti adlandırdılar. İndi isə Türkiyədə baş verən hadisələrdən istifadə edərək Azərbaycan hakimiyyəti «əcinə» ovuna başlayıb. Bu baxımdan Rusiya mətbuatında AXCP sədri Əli Kərimlinin Gülən hərəkatı arasında «əlaqələrinə» dair məntiqsiz məlumatların getməsini təsadüfi saymayan İ.İbrahimli vurğuladı ki, daha sonra «Azərbaycan Saatı»nın baş redaktoru Qəniməd Zahid və Əli Kərimliyə ittihamlar irəli sürüldü: «Bütün bunlar təsadüfi deyil. Çünki İlham Əliyev ona gələcəkdə prezident seçkisində təhlükə, alternativ ola biləcək Əli Kərimlini neytarallaşdırmağa çalışır. Ölkədə sosial–iqtisadi böhran dərinləşməkdə davam edir. Bu böhran daha ciddi nəticələrini üzə çıxaracaq. Böhrandan əziyyət çəkən toplum etiraz hərəkatına başlaya bilər. Sosial etirazların siyasi etirazlara çevrilməsi ehtimalı daha da güclənir. Xüsusilə bu ilin payızında kütləvi tədbirlərin başlamasına və artan xətlə davam etməsinə qərar verilib. Bütün bunlar İlham Əliyevi ciddi narahat edir. Ona görə İlham Əliyev rəqibini sıradan çıxarmaq üçün addımlar atır, Əli Kərimli və Cəmil Həsənliyə ciddi kampaniya aparır».
İ.İbrahimlinin fikrincə, hazırda aparılan kampaniya da əvvəlkilər kimi iflasa uğarayacaq. Necə ki, Ə.Kərimlini «ərəb baharı» zamanı Hizbullah, Əl–Qaidəyə işləməkdə suçlayırdılar: «Ərdoğan hakimiyyəti «Gülənçilərlə» bağlı ciddi qərarlar qəbul edib. Hakimiyyətin bütün qollarından «Gülənçilərin» təmizlənməsi prosesi gedir. O cümlədən Türkiyəyə yaxın digər strateji müttəfiqlərdə də analoji addımlar atılmalıdır: «Türkiyədən sonra ən geniş Azərbaycanda yayılan «Glənçilərlə» bağlı Ankara narahatçılığını ifadə edib. Zaman–zaman Azərbaycan hakimiyyətinə «Gülənçilərlə» əlaqəsi olan adamların siyahısını təqdim edib. Həmin siyahıda müxalifətçilərdən kimsə olmayıb. Bu tərkibdə olan böyük əksəriyyəti hakimiyyətdə olan şəxslər olub. Burada SOCAR və digər iri şirkətlərin də işçilərinin adları olub».
Xəyal