Avqust ayının 10-da Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilib. Toplantıda Azərbaycanda ictimai-siyasi vəziyyət, Ağır Cinayətlərə dair Məhkəmədə “Nardaran işi” ilə bağlı meydana çıxan yeni məqamlar, üç ölkə prezidentinin Bakıda keçirdikləri görüşün nəticələri, sentyabr ayının 26-na təyin edilmiş Referendum əleyhinə təbliğat işlərinin təşkili ilə bağlı bəzi məsələlər müzakirə edilmişdir. Rusiya və İran prezidentlərinin Bakı səfəri ilə bağlı qeyd edilmişdir ki, Milli Şura qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın, ikitərəfli münasibətlərinin inkişafının əleyhinə deyildir. Lakin bu münasibətlər ölkənin prioritet istiqamət sayılan Avrointeqrasiya prosesini əvəz etməməli, onun əleyhinə yönəlməməli və Qərb ölkələri ilə əməkdaşlığı zəiflətməməlidir. KM-nin üzvləri Rusiya prezidenti Vladimir Putinin Qarabağla bağlı bəyanatından ciddi narahatçılıqlarını ifadə etdilər. Toplantı iştirakçılarının fikrincə, Rusiya prezidentinin bu məsələdə qalib tərəf olmamalıdır fikri işğalçı ilə işğalın qurbanını eyniləşdirmək, işğalçıya dəstək ifadə etmək siyasətini özündə ehtiva edir. Müzakirələrin gedişində qeyd edildi ki, prezident Putinin Bakı səfəri zamanı açıqladığı bəyanatlar uzun müddət Azərbaycan hakimiyyətinin guya Rusiyanın 5 rayonu qaytarması barədə ictimai fikrə təlqin etmək istədiyi ideyanı puça çıxardı. Hökumət mətbuatı səfərdən 1 ay öncə kampaniya başlamışdı ki, guya cənab Putin Ermənistan tərəfindən işğal olunmuş 5 rayonu qaytarır”. Səfərin nəticələri belə fikirlərin illüziya xarakteri daşıdığını ortaya qoydu. KM-nin toplantısında “Nardaran işi” ilə bağlı məhkəmə prosesində meydana çıxan dəhşətli işgəncə faktlarına məhkəmə və prokurorluq orqanlarının diqqət yetirməməsi ciddi qanun pozuntusu kimi qiymətləndirilmişdir. Müzakirələrdə qeyd edilmişdir ki, təqsirləndirilən şəxslərin ifadələrində insan ölümü ilə nəticələnən ağır işgəncə faktların üstü açılmış, məhkəmə prosesdən hazırlanan reportajlarlarda bu dəhşətli faktlar mətbuat vasitəsi ilə ictimaiyyətə çatdırılmışdır. Lakin nə prokurorluq orqanları, nə ölkə rəhbərliyi, nə də prosesi aparan hakim bu faktlara heç bir reaksiya verməmişdir. Toplantıda çıxış edənlər bildirmişlər ki, təkcə məhkəmə prosesində açıqlanan ağır işgəncə faktları “Nardaran işi” üzrə həbs edilmiş şəxslərin siyasi məhbus hesab edilməsi üçün yetərlidir. Eyni zamanda müzakirələrdə hakimiyyətin nəzarətində olan televiziya və KİV-lərin məhkəmənin hökmü olmadan təqsirləndirilən şəxsləri terrorçu, dövlət çevrilişinə cəhddə ittiham etməsi məsələnin siyasi mülahizələrdən irəli gəldiyini bir daha təsdiq edir. KM üzvlərinin fikrincə, bu kampaniyada uzun müddət Gülən şəbəkəsinin Azərbaycanda başlıca informasiya ruporu funksiyasını yerinə yetirən “Xəzər” televiziyanın fəallıq göstərməsi təsadüfü deyildir. KM-nin toplantısında Referendum Aktı əleyhinə xalqın səfərbər edilməsinin zəruriliyi, bu məsələ ilə bağlı Milli Şuranın xalqa müraciətinin əhali tərəfindən dəstək qazandığı qeyd edilmişdir. Müzakirələrin gedişində anti-referendum xarakterli təbliğat və təşviqat kampaniyasına başlamağın təşkilatı tərəfləri, kütləvi tədbirlər, o cümlədən mitinq və nümayişlər yolu ilə geniş xalq etirazının təşkili məsələləri müzakirə edilmişdir.