Ukraynanın artımı fonunda Azərbaycanın geriləməsi
Azərbaycanda rəsmi təbliğat uzun müddətdir Suriya və ya başqa daxili sabitliyi pozulmuş ölkələri nümunə göstərməklə vətəndaşların beynində dinc hakimiyyət dəyişikliyi istəyinin oralardakı kimi dağıdıcı nəticələr doğura biləcəyi assosiasiyasını yaratmaq istəyir. Suriyada müharibə alovlanana qədər belə nümunə rəsmi təbliğat üçün Ukrayna idi. Rusiyanın Ukraynada öz geopolitik maraqları naminə törətdiyi hibrid müharibə azərbaycanlılara Maydan hərəkatının nəticəsi kimi sırınırdı. Heç yada da salınmırdı ki, Rusiya az qala bütün qonşu ölkələrində Şərqi Ukraynadakı kimi separatçı hərəkatlar yaradıb.
Azərbaycandakı bu rəsmi təbliğatın bir məqsədi var. Şüurlara yeritmək ki, cəmiyyət aclıqdan və hüquqsuzluqdan əziyyət çəksə də, daxili silahlı toqquşmaya cəlb olunmadığı üçün şükür etməlidir. Yəni, ac qulağım, dinc qulağım deyib, hakimiyyətin despotluğu və korrupsionerliyi ucbatından yaşadığı səfil həyatla barışmalıdır.
Əlbəttə, heç bir azərbaycanlı ölkəsinin Qarabağ uğrunda savaşdan başqa, hansısa silahlı toqquşma ilə üzləşməsini istəməz. Və heç o da qaçılmaz zərurət deyil ki, ölkədə siyasi-iqtisadi münasibətlər sistemi silahlı katakilzmlərlə müşaiyət olunmalıdır. Azərbaycan hakimiyyətinin bu təbliğatı cəmiyyəti dəyişikliklər uğrunda dinc mübarizədən çəkindirmək və beləliklə də xalqın var-dövlətini daha rahat şəkildə talamaq niyyətinə xidmət edir.
İndi gəlin, Ukraynanın timsalında siyasi-iqtisadi münasibətlər sistemində dəyişikliklərin cəmiyyətə nələr yaşatdığına nəzər salaq. Rusiyanın işğalçılığı nəticəsində ərazi bütövlüyü pozulan (eyni səbəbdən Azərbaycanın ərazi bütövlüyü 1990-lardan pozulub) Ukrayna indi iqtisadi dirçəliş dövrünü yaşayır. Ölkədə xalq hakimiyyətinin formalaşmasının səmərəsini insanlar öz həyatlarında açıq-aşkar hiss edirlər.
Bugünlərdə Ukrayna Mərkəzi Bankı açıqladı ki, son bir ildə ölkənin beynəlxalq valyuta ehtiyatları 35,7% artaraq 14 mlrd. dollara çatıb. Valyuta ehtiyatları 4 aydır ki, artmaqdadır. İyul ayında bu artım cəmi 94 mln. dollar olsa da, son 12 ayda 35,7%-lik artım baş verib. Mərkəzi Bank bəyan edib ki, ehtiyatların artması xarici borcların qaytarılması fonunda baş verir. İstənilən halda açıq aşkar-görünür ki, xalq hakimiyyətləri olan ölkələrdə bütün sahələrdə uğur qazanılır.
Azərbaycanın beynəlxalq valyuta ehtiyatları isə özünün maksimum həddinə 2013-2014-cü llərdə çatıb ki, bu da neftin qiymətinin ən yüksək olduğu zamana təsadüf edir. Azərbaycanın beynəlxalq valyuta ehtiyatlarında Neft Fondunun payı 89 faiz təşkil edir. İki il ərzində neftin qiymətinin ucuzlaşması ilə beynəlxalq valyuta ehtiyatları 52 milyard dollardan 39 milyarda enib. Bütün bu baş verənlər göstərir ki, heç də bu azalmaların səbəbi hakimiyyətin yalandan tirajladığı “dünyada böhrandır” nağılları deyil, bacarıqsız idarəetmədir, ölkə iqtisadiyyatını neftdən və neft məhsullarından aslı hala salmaqadır. Əgər dünyada böhran olsa idi, Ukrayna qısa zamanda bu qədər artıma nail ola bilərdimi? Əlbəttə ki, xeyr. Bu artımın təməlini xalq və xalqın seçdiyi hökumətin uğurlu inkişaf planı təşkil edir.
Aqil Məhərrəmov