Müzəffər Baxışov: «Qanun deyir ki, bu cür vasitələrlə əldə olunmuş ifadələr yolverilməz sübut kimi işdən xaric edilməlidi»
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və daha 16 nəfərin mühakimə olunduğu “Nardaran işi” üzrə məhkəmə prosesi başlar-başlamaz səs-küyə səbəb olan ifadələrlə yadda qaldı.
Tale Bağırzadə və dindirilən daha bir neçə təqsirləndirilən həbs olunarkən və ondan sonra dəhşətli işgəncələrə məruz qaldıqlarını bəyan etdi. Bildirdilər ki, onlarda heç bir silah-sursat olmayıb, ölənləri də əməliyyat keçirən qara maskalıların özləri qətlə yetirib. Amma iş materiallarında olan etirazedici və başqalarının əleyhinə olan ifadələrə işgəncələr, ailələrilə təhdid altında imza atıblar.
Maraqlıdır, bu cür hallar üçün qanunvericilik nə deyir? Bu cür vasitələrlə əldə olunan ifadələrin hüquqi qüvvəsi varmı? Məhkəmə hökm çıxararkən həmin ifadələrə istinad edə bilərmi?
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, istər yerli qanunvericilik, istərsə də qoşulduğumuz beynəlxalq hüquqi normalar işgəncəni qadağan edir. Eyni zamanda, Azərbaycanın Cinayət Məcəlləsi, Cinayət- Prsessual Məcəllələ işgəncə şikayətlərinin araşdırılmasını tələb edir: “Cinayət Məcəlləsinin 293-cü maddəsinə görə, qorxutmaqla məlumat almaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə şəxsə fiziki ağrı və iztirablar vermək işgəncəni əsaslandıran hallardır. Qanun işgəncənin anlayışını verib. Üç maddədə işgəncəyə görə məsuliyyət nəzərdə tutulub. Cinayət Məcəlləsinin 113-cü maddəsində tutulmuş və ya azadlığı məhdudlaşdırılan şəxsə işgəncə verməyə görə 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub. Bu əməl insanlıq əleyhinə cinayət sayılır. Həmçinin, 293-cü maddədə işgəncə, qeyri-insani, ləyaqəti alçaldan rəftara görə cinayət məsuliyyəti nəzərdə tutulub”.
Müzəffər Baxışov deyir ki, “Nardaran işi” üzrə məhkəmədə səslənən işgəncə şikayətləri təsdiqini tapsa, o zaman həmin əməllər CM-nin 293-cü maddəsinə tövsif olunmalıdır: “Dövlət orqanının vəzifəli şəxsi xidməti vəzifəsini yerinə yetirərkən başqa birisinə işgəncə verərsə, 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdır. Şəxslərdən ibtidai istintaq zamanı zorakılıqla, işgəncə ilə ifadə alınarsa, Cinayət-Prosessual Məcəllənin 121-ci maddəsinə görə, həmin ifadələr məhkəmələr tərəfindən yolverilməz sübutlar hesab edilməlidir. BMT-nin Azərbaycanla bağlı 4 ildən bir hazırladığı hesabatda da belə faktlar ictimailəşdirilir. Təəssüf ki, Azərbaycanda vətəndaşlara işgəncə verənlərə qarşı heç bir tədbir görülmür”.
Hikmət