Azərbaycanda hepatitlə mübarizə həftəsi elan edilib
Hər 12 nəfərin birinin əziyyət çəkdiyi hepatit bu gün az qala epidemiyaya çevrilib. Müasir dövrün xəstəliyi adlandırılan hepatitin statistikasına hər il dünyada 130-170 milyon insanın adı əlavə edilir. Qaraciyər serrozu və qaraciyər xərçəngi kimi xəstəliklərə yaxalanma riskini nəzərə alaraq, həmçinin bu xəstəliyin qarşısının alınması, məqsədilə Ümumdünya Səhiyyə Assambleyası 28 iyul tarixini Beynəlxalq Hepatitlə Mübarizə günü elan edib. Həmin tarixdən başlayaraq, ölkəmizdə də hepatitlə mübarizə həftəsi elan edilib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2030-cu ilə hepatit virusunun tam məhvi planlaşdırılır. Məlumata görə, bu proqrama 11,5 milyard dollar xərclənməsi nəzərdə tutulub. Gündə hepatit virusundan 4000 adam dünyasını dəyişirsə, deməli, bu sahədə təxirəsalınmaz tədbirlər görülməlidir.
Problemin qloballığını nəzərə çatdıran ekspertlər öncə bu xəstəliyin profilaktikası üzrə iki istiqamətdə iş aparmağı təklif edirlər. Vaxtında peyvəndləmə və profilaktik maarifçilik işləri aparmadan problemdən çıxış yolu yoxdur.
Azərbaycanda da hepatit virusuna yoluxmuş şəxslərin sayı durmadan artır. Insanlar peyvəndləmədən ehtiyat edərək, həmçinin, xəstəliyə harda və necə yoluxacaqlarını bilmədən hepatitlə “qarşılaşırlar”.
Mütəxəssislər bu xəstəliyin adətən, qan vasitəsilə yayıldığını deyir. Yəni, insanlar bu xəstəliyə əksər hallarda əməliyyat alətlərinin yaxşı sterilizə olunmaması nəticəsində yoluxurlar. Həmçinin, dişlərin müalicəsi zamanı, gözəllik salonlarında, tatu döydürərkən və qanla bilavasitə əlaqənin olduğu hallarda da hepatit virusuna yoluxma ehtimalı yüksəkdir.
Ən çox verilən suallardan biri də yeni doğulmuşların hepatitə yoluxması barədədir. Uşaq bu virusun daşıyıcısı olduğundan, birmənalı şəkildə anadan yoluxur.
Yeri gəlmişkən, 2015-ci ildə 2900 hepatitli xəstə qeydə alınıb ki, onların 70 faizində hepatit C virusu aşkarlanıb.
Azərbaycanda hepatit D virusuna (delta) yoluxmuş xəstələr də var. Həmin virus orqanizmdə təkbaşına çoxala bilmir, onun üçün yardımçı B virusudur. B virusu ilə tandem təşkil edən hepatit D kifayət qədər ağır xəstəliklər yaradır.
Əfsus ki, bu xəstəliyin müalicəsi üçün mövcud olan preparatlar çox bahadır. Ölkədə bu xəstəliyin müalicəsinin pulsuz həyata keçirildiyi iddia olunur. Uşaqlar arasında statistikanın bir qədər yaxşılaşmasını isə ekspertlər körpələrin doğulandan dərhal sonra bu virusa qarşı peyvəndlənməsilə əlaqələndirirlər.
Hepatitlərin müalicəsində jenerik tərəfdarı olanlar sintezləşdirilmiş dərman preparatlarının köməyilə xəstənin cəmi 12 həftə ərzində tam sağaldılmasını iddia edirlər. Nəticədə, onlar xəstəlikdən müalicə olunmanın səviyyəsinin az qala, 100 faizə çatdığını deyirlər. Ekspertlər hepatiti yalnız interferonlarla müalicə etməyin mümkün olmadığını, jeneriklərdən istifadənin böyük tibbi-sosial əhəmiyyəti olduğunu deyirlər. Bunu da əhalinin böyük bir təbəqəsinin keyfiyyətli müalicə almasına imkan verməklə izah edirlər. Jeneriklərdən geniş istifadə büdcənin səhiyyəyə ayrılmış hissəsinin daha məqbul xərclənməsinə imkan yaradır. Mütəxəssislər hesab edir ki, dövlətin hepatitli xəstələrin interferonlarla paralel təyin olunan jeneriklərlə təminat yollarını tapması daha məqsədəuyğundur. Azərbaycanda interferonların pulsuz paylandığı bildirilir, ekspertlərsə digər preparat olan jeneriklərin tətbiqini daha məqbul sayır.
Sosial şöbə