“The Guardian” yazır ki, Türkiyənin xarici işlər və ədliyyə nazirləri müsəlman vaiz Fethullah Gülenin ekstradisiyasına dair danışıqlar aparmaq üçün Birləşmiş Ştatlara səfər etməyə hazırlaşırlar. Türkiyə hökuməti cənab Güleni 265 insanın həyatına son qoymuş hərbi çevriliş cəhdinin arxasında durmaqda iittiham edir. Türkiyənin ədliyyə naziri Bekir Bozdağ cümə axşamı deyib ki, çevriliş cəhdinin qarşısı alınmasaydı, o Türkiyəyə qayıdacaqdı. Nazir xəbərdarlıq edib ki, artıq uzun illərdir ABŞ-da sürgün həyatı yaşayan Fethullah Gülen Avstraliya, Meksika, Kanada, Cənubi Afrika və ya Misirdən sığınacaq istəyə bilər. Türkiyə rəsmiləri deyirlər ki, Gülenin çevriliş cəhdindəki roluna dair çoxsaylı dəlillər var və onun ekstradisiyasından imtina edilməsi Türkiyə-ABŞ diplomatik münasibətlərinə uzunmüddətli ziyan vura bilər.
Çevrilişə görə ABŞ generalı ittiham edilir
ABŞ Türkiyədə baş vermiş uğursuz çevriliş cəhdindən əvvəl bu plan barədə heç bir məlumata malik olmadığını bildirir, lakin Ankara deyir ki, çevrilişçilərin arasında ABŞ-ın Türkiyədəki İncirlik hərbi hava bazasında xidmət edən zabitlər də olub. Türkiyədə bir sıra media qurumları Əfqanıstandakı ABŞ qoşunlarının komandanı postundan təqaüdə çıxmış general John Campbell-in çevrilişə rəhbərlik etdiyini iddia edir. ABŞ bu iddiaları absurd adlandırıb. ABŞ Gülenin təslim edilməsi üçün Türkiyədən onun çevrilişlə əlaqəsinə dair tutarlı sübutlar tələb edib. “The Guardian” yazır ki, ABŞ-dan kiminsə ekstradisiya edilməsi üçün hökmü məhkəmə verməlidir. Amerikalılar türklərin təqdim edəcəkləri sübutlara şübhə ilə yanaşırlar və bildirirlər ki, Fethullah Gülen bir zamanlar prezident Erdoğanın müttəfiqi olub.
“Gün kimi aydın”
Türkiyənin Londondakı səfiri Abdurrahman Bilgic “The Guardian” qəzetinə deyib ki, “biz dostlarımıza bu terrorçu qrup və onun lideri Fethullah Gülen barədə uzun müddət xəbərdarlıq etmişik”. Səfir bildirib ki, iyulun 15-də baş vermiş hadisə təkcə qəsd yox, həm də yüzlərcə insanı öldürmüş və minlərlə insanı yaralamış terror aktıdır. Bilgic deyib ki, çevrilişdə iştirak edən zabitlərin Gülenin təşkilatı ilə bağlı olmaları “gün kimi aydındır”. “The Guardian” qəzetinin yazdığına görə, Türkiyənin Güleni təslim etmək tələbinə ABŞ-ın cavabı bu ola bilər ki, Ankara ölüm cəzasını bərpa etməyə hazırlaşır. Məqalədə deyilir ki, prezidentliyə namizəd Hillary Clinton ABŞ-da ölüm cəzasının ləğvini vəd edib. Amerika bunu da xatırladır ki, Türkiyə NATO üzvüdür və onun Qərbdən üz çevirməsinin ciddi nəticələri ola bilər. “The Guardian” diqqəti belə bir məqama çəkir ki, son həftələrdə prezident Erdoğanın Putinə daha çox meyllənməsi müşahidə olunur, lakin Ankara rəsmiləri deyirlər ki, Moskva ilə yaxınlaşma prosesi çevriliş cəhdindən əvvəl başlanmışdı. (BBC azeri)