ANS-in yayımı ilə bağlı yekun qərar bəlli oldu. Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Verilişləri Şirkətinin 2013-cü ilin oktyabrında ANS-ə verilmiş lisenziyanın ləğvi barədə iddia ərizəsinə baxılıb.
Hakim Ülvi Mayılovun sədrliyilə keçirilən məhkəmə iclasında əvvəlcə Teleradio Şurasının nümayəndəsi Toğrul Məmmədov iddianın mahiyyəti barədə məlumat verib. Bildirib ki, 2016-cı il iyulun 15-də qardaş Türkiyə Respublikasında dəhşətli cinayət baş verib. Onun sözlərinə görə, bundan ANS-in efirində terrorizmə dəstək xarakterli materiallar yayımlanıb, telekanalın ABŞ-dakı müxbiri Fətullah Güləndən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub.
Toğrul Məmmədov qeyd edib ki, ANS-də yayımlanan materiallarla əlaqədar Baş Prokurorluqdan Teleradio Şurasına məktub göndərilib. Məktubda ANS telekanalının terrorizmin təbliğinə yol verdiyinə, milli, dini ədavəti qızışdıran materiallar yayımladığına görə yayımının dayandırılması istənilib.
Toğrul Məmmədov deyir ki, ANS terrorçuların TRT 1 kanalından yaydığı bəyanatı sonradan bir neçə dəfə öz efirində yayımlayıb. Bu telekanalın Vaşinqton bürosunun rəhbəri Qənirə Ataşova terrorçu kimi tanınan Fətullah Güləndən müsahibə alıb.
“Bu məsələdə söhbət təkcə iki xalqın qardaşlığından yox, həm də Azərbaycanla Türkiyə arasında bağlanmış sazişdən gedir. 2002-ci ildə bağlanmış sazişə əsasən, hər iki dövlət üzərinə terrorizm və mütəşəkkil cinayətkarlığa dəstək verən dairələri əməllərindən çəkindirmək öhdəliyi götürüb. ANS-də məlum adama tribuna verildi. Dövlət orqanlarının müdaxiləsinə görə o müsahibə ANS-də efirə getməsə də, başqa qurumlar vasitəsilə yayımlandı. ANS bilərəkdən və ya bilmərəyəkdən bu işdə iştirak etdi”, – deyə Teleradio Şurasının digər nümayəndəsi Toğrul Mirzəzadə bildirib.
ANS-in nümayəndəsi Sevda Məhərrəmova isə bu telekanalın efirində terrorizmə çağırış xarakterli materialların yayımlanmadığını bildirib. Qeyd edib ki, TRT 1-in aparıcısının səsləndirdiyi bəyanatın videosu Türkiyə kanallarında da o hadisələr barədə danışılarkən xatırlatma məqsədilə yayımlanır.
Sevda Məhərrəmova qeyd edib ki, ANS əməkdaşının Fətullah Güləndən müsahibə alması barədə deyilənlər də doğru deyil. Onun sözlərinə görə, Pensilvaniya ştatında Gülənin evinin qarşısında mitinq keçirilib, ANS-in əməkdaşları da onu çəkməyə gedib. Həmin vaxt Fətullah Gülən mətbuat konfransı keçirib, Qənirə Ataşova da o tədbirdə iştirak edib.
ANS nümayəndəsinin sözlərinə görə, bu telekanalda Türkiyədəki hadisələri işıqlandırarkən oradakı çevriliş cəhdini pisləyən fikirlərə də yer verilib. Məsələn, azərbaycanlı deputatların bu barədə çıxışları da AS-də yayımlanıb.
ANS-in digər nümayəndəsi Raqif Mustafayev Teleradio Şurasının iddiasının mümkünsüz sayılması barədə vəsatət qaldırıb. Vəkilin dediyinə görə, qanunvericiliyə dəyişikliklərdən sonra lisenziyanın ləğvi üçün məhkəməyə yalnız İqtisadiyyat Nazirliyi müraciət edə bilər: “İndiki halda, Teleradio Şurası yayıma nəzarət edən orqan kimi, bunun üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərdi. Teleradio Şurasının məhkəməyə müraciət etmək səlahiyyəti yoxdur, bu səlahiyyət nazirlikdədir”.
Toğrul Məmmədov isə deyir ki, qanuna görə, lisenziyanı verən orqan ləğv edə bilər. ANS-ə də lisenziyanı 2013-cü il oktyabrın 25-də Milli Televiziya və Radio Şurası verib.
Məhkəmə vəsatəti təmin etməyib.
ANS-in nümayəndəsi Sevda Məhərrəmova məhkəmənin nəzərinə çatdırıb ki, hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ANS-lə bağlı araşdırma gedir. Ona görə də hazırkı iddia üzrə məhkəmə baxışı dayandırılmalıdır: “Araşdırılır ki, ANS-in efirində həqiqətən kütləvi ixtişaşlara çağırış, terrorizmə dəstək olub, yoxsa yox. Araşdırmaların sonunda sübut oluna bilər ki, bu iddialar tamamilə əsassızdır. Ona görə də xahiş edirik, həmin araşdırmalar başa çatana qədər məhkəmə baxışı dayandırılsın”.
Teleradio Şurasının nümayəndələri isə bildirib ki, sözügedən araşdırmaların yayıma aidiyyəti yoxdur. Araşdırmaların sonunda ANS-in qanun pozuntusuna yol verdiyi təsdiqlənərsə, bu halda, onun təsisçilərinin məsuliyyətə cəlb edilməsi məsələsi ortaya çıxacaq.
Məhkəmə ANS-in bu vəsatətini də təmin etməyib.
Hakimlər qısa müşavirədən sonra Teleradio Şurasının iddiasının təmin olunduğunu açıqlayıb.
ANS-in nümayəndəsi Raqif Mustafayev məhkəmədən sonra jurnalistlərə açıqlamasında bildirib ki, Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər: “Biz öz dəlillərimizi dedik, etirazımızı bildirdik. Məhkəmə belə qənaətə gəldi ki, lisenziyaya xitam verilməlidir. Biz bu qərarla razı deyilik və Ali Məhkəməyə müraciət edəcəyik”.
“Məhkəmənin ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasına xitam verilməsi barədə qərarı ilə razı deyilik. Bu qərardan müvafiq instansiyalara şikayətlə müraciət edəcəyik”. Bunu ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev deyib.
Aytən