Yaxud Konstitusiyanın şərlənməsi
İlham Hüseyn
Azərbaycan iri addımlarla irəliləyir. Hökumət komandası ölkəni çiyninə alıb keçmişə aparır. Dünya ölkələri qanunları təkmilləşdirərək demokratiyaya, bizim hökumətimiz qanunları tərksilah edərək monarxiyaya doğru istiqamət götürüb.
2016-cı ilin ikinci yarısında hökumətimiz qərara gəldi ki, Konstitusiyanı şərləmək lazımdır. Düşündülər-daşındılar, Konstitusiyanın cibinə Referendum atdılar. Indi bütün komanda əl-ayağa düşüb, mövcud Konstitusiyanın dövlətçiliyə, hüquq və azadlıqlara müqavimət göstərdiyini sübut etməyə çalışırlar. Bəli, hökumət sözçüləri deyirlər ki, Konstitusiyaya dəyişiklik təklifləri hüquq və azadlıqların təmin olunmasına, dövlətin maraqlarına xidmət edəcək. Belə çıxır ki, bugünə qədər ölkədəki sabitliyi Konstitusiya pozurmuş, hüquqsuzluq Konstitusiyanın maddələrindəki çatışmazlıqlarla bağlıymış.
Faktiki olaraq şəxsi istəklərin həyata keçirilməsi naminə ana qanuna şər atırlar. Təəssüf olsun ki, bu ölkədə uzun illərdi ana qanunun harayı eşidilmir.
Qısası, “milli maraq keşikçiləri” Referendumun vaxtını da təyin etdilər. “Uzaqgörənlər” bu qərara gəldilər ki, Konstitusiyanın şillə-qapaz edilməsi mərasimi sentyabrın 26-da baş tutsun. Bəli, xalq sentyabrın 26-da seçki məntəqəsinə gedib, Konstitusiyanın aqibətini müəyyən etməlidir. Amma hələ də xalqın böyük əksəriyyəti Referendumun nə olduğunu, Konstitusiyaya hansı dəyişikliklərin nəzərdə tutulduğunu bilmir. Yəni vətəndaş talesiz seçki qutusuna nə niyyət edib bülleten salacağından xəbərsizdir.
Amma məsələnin bu qədər qeyri-müəyyən olmasına baxmayaraq, hökumətimiz Referendumun nəticələrinin açıqlanacağı vaxtı da təyin edib. Beləliklə, sentyabrın 26-da keçiriləcək Referendumun nəticələri oktyabrın 21-də elan ediləcək. Bu məqamda hönkürtü ilə ağlamaq da, qəhqəhə çəkib gülmək də olar. Çünki, məsələ olduqca tragikomikdi.
Hökumət Konstitusiya dəyşikliklərini zərurətə çevirən səbəbləri açıqlaya bilmədiyi halda, Referendumun nəticəsinin açıqlanacağı tarixi elan edir.
Cənablar, öncə Konstitusiya dəyişiklikləri barədə ağlabatan, daşdankeçən izahat verin, ilin-günün bu vaxtında bu dəyişikliyin lazımlı olduğunu sübut edin, sonra nəticə haqqında məlumat verərsiz. Cəmiyyət Referendumun səbəbindən bixəbərdi, siz nəticənin dalınca qaçırsınız. Şah Ismayılı, Napoleonu, Makedoniyalı Isgəndəri yad etməklə problem həll olunmur. Bugünə qayıdın, ölkədəki vəziyyəti yad edin, həqiqəti dilə gətirin. Bu nə qaçhaqaçdı, bu nə tənginəfəslikdi, bu nə tələskənlikdi? Konstitusiyanı camaata göstərən kimi Referenduma qaçırsız, Referendumu tapan kimi nəticələri sayırsız. Dayanın, göstərdiyiniz səbəblər bizi qane etmir, Konstitusiyanın günahsız olduğuna əminik. Səbəbləriniz primitivdi, vaxtı dayandırın.
Birdə ki, bizim hökumətin seçki nəticələrini seçkidən 1 ay sonra elan etməsi absurddur. Bizim ölkəmizdə seçkilərin nəticəsi seçkidən öncə bəlli olur. Referendumun keçirilmə səbəbi rüsvayçıdırsa, onun nəticəsini əvvəlcədən elan etmək daha məntiqlidir.