Elxan Şahinoğlu: «Nurçular hələ də Azərbaycanda güclüdürlər»
Sülhəddin Əkbər: «Türkiyə Azərbaycan rəhbərliyindən Gülənçilərlə bağlı addımların atılmasını gözləyir»
Türkiyədə dövlət çevrilişinə cəhddən sonra “Gülənçilər”ə qarşı addımlar davam edir. Bu addımlar təkcə Türkiyə sərhədlərini əhatə etmir. Azərbaycanda da bu istiqamətdə aktiv proseslər gedir. Bu baxımdan Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqunun açıqlaması maraq doğurur.
“Fətullah Gülən hərəkatı uzaqdan kifayət qədər məsum görünən, xüsusilə Türkiyəmizin, Azərbaycan kimi bizimlə qardaş olan millətimizin ən həssas nöqtələrini özü üçün sui-istifadə vasitəsinə çevirən bir hərəkatdır. Birincisi, inancdan istifadə edərlər. Gülən hərəkatı özünü ”mühafizəkar, inanclı” bir hərəkat kimi təqdim edir. Bunlar həm Türkiyədə, həm xaricdə getdikləri yerlərdə bu sözdə məsumanə kimliyi ortaya qoyurlar”.
Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri APA-ya müsahibəsində deyib. Səfir “Gülənçilər”in Azərbaycandakı gücü və imkanları barədə sualı cavablandırarkən bildirib ki, onların ilk addım atdıqları yerlərdən biri Azərbaycan olub: “Dindən, insanların vicdanından sui-istifadə edərək, robotlaşmış fərdlər yetişdirərək dövləti ələ keçirmək təşəbbüsü göstərən təşkilatdan söhbət gedir. Təkcə Türkiyədə deyil, 140-dan çox ölkədə fəaliyyət göstərən terror təşkilatından danışırıq. Bunların Türkiyədən sonra ilk addım atdıqları yerlərdən biri Azərbaycan olub. Dil yaxınlığı, qardaşlıq hissiyyatı və s. amillərlə əlaqədar bu coğrafiyanı ilk gediləcək yer olaraq görüblər”.
Səfir qeyd edib ki, Azərbaycanla “Gülənçilər”in buradakı təşkilatlanması ilə bağlı təcrübə mübadiləsi aparırlar.
Səfirin müsahibəsində səsləndirdiyi fikirlər maraq doğurur. Diqqət çəkən daha bir məqam odur ki, bu açıqlamanın ardınca Türkiyədə SOCAR-a məxsus PETKIM şirkətində (SOCAR-Türkiyə) ciddi əməliyyat aparılır. Aparılan əməliyyatın bəzi detalları bəlli olub. Türkiyə mətbuatı yazır ki, PETKIM-in baş direktoru Saadettin Korkut Izmirdəki evində iyulun 27-si axşam saatlarında həbs edilib. Həbsindən əvvəl o, işçilərinə mesaj yazaraq istefa verdiyini bildirib. Az sonra Terrorla Mübarizə Şöbəsinin əməkdaşları onun evinə gəlib. Evdə əməliyyat aparıldığı dəqiqələrdə Korkutun PETKIM binasındakı iş otağında da axtarış aparılıb. Korkutun evindən və iş otağından bəzi yazılı və elektron məlumatların, mühüm sənədlərin götürüldüyü deyilir. Korkut Izmir Təhlükəsizlik Idarəsinin Terrorla Mübarizə Şöbəsinə gətirilib və orada dindirilir.
Türkiyə mətbuatının xəbərinə görə, PETKIM-lə əlaqəli qurumlarda 200 nəfər Fətullah Gülənlə bağlantısının olması səbəbindən işdən uzaqlaşdırılıb. Saadettin Korkutun “Gülən hərəkatı” ilə əlaqələrə görə həbs edildiyi deyilir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, əslində Gülənin Türkiyədən sonra ikinci möhkəmləndiyi ölkə Azərbaycandır. “Gülənçilər”in 90-cı illərdə Azərbaycana gəlməyə başladığını deyən E.Şahinoğlu vurğuladı ki, amma getdikcə “Nurçular” mason lojasına bənzər struktur formalaşdırıblar: “O zaman bizim Türkiyə ilə əlaqələrimiz o dərəcədə sıx deyildi və biz bilmirdik Gülən Türkiyədə nə işlə məşğuldur. Amma indi bəlli olur ki, Türkiyədəki kimi Azərbaycanda da onlar öz adamlarını dövlətin içərisinə yerləşdirirlərmiş. Bəzən deyirlər ki, mən Gülən məktəblərinin burada gördüklərini düzgün qiymətləndirmirəm. Amma biz həmin məktəbləri bitirənlərin Türkiyədə nə etdiyini gördük. Indiyə qədər heç bir dövlət çevrilişində əsgər dinc əhaliyə atəş açmamışdı. Amma ”Gülənçilər” tankın qarşısına çıxan insanları qətlə yetirdilər”.
Ərdoğanın vaxtaşırı Azərbaycana təhlükəli insanlarla bağlı siyahılar ötürdüyünü deyən E.Şahinoğlu vurğuladı ki, SOCAR haqqında da dəfələrlə məlumat verilmişdi. Amma bu istiqamətdə heç bir tədbir görülməmişdi: “SOCAR-la bağlı gözlədilər və bir neçə gün əvvəl həbslər başladı. Bu, SOCAR-ın imicinə də zərbədir. Bunu SOCAR rəhbərliyi əvvəlcə özü etməliydi. Ola bilsin ki, Azərbaycanda bu təhlükənin miqyasını görmürlər. Amma biz Türkiyədə bu təhlükənin miqyasını gördük. Nurçular dövlət içində dövlət olandan sonra fəaliyyətə başlayırlar. Nurçular hələ də Azərbaycanda güclüdürlər. Onların Azərbaycanda nəşriyyatları var, maliyyə imkanları genişdir. Hətta diplomatlar içərisində belə Gülənə bağlı adamlar çıxır. Kim zamanət verə bilər ki, belələri Türkiyənin Azərbaycandakı səfirliyində də yoxdur”.
E.Şahinoğlu onu da bildirdi ki, Türkiyənin Azərbaycandakı səfirinin söylədikləri doğrudur və ciddi mesajdır.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə hesab edir ki, Azərbaycan rəhbərliyi Türkiyədə baş verən proseslərdən ciddi təsirlənib. S.Əkbərin sözlərinə görə, Azərbaycan rəhbərliyi “Gülənlçilər”lə bağlı Türkiyənin tələblərini icra edəcək: “Səfirin açıqlaması göstərir ki, Türkiyə hakimiyyəti Azərbaycan rəhbərliyindən ”Gülənçilər”lə bağlı addımların atılmasını, Türkiyənin istəkləriylə bağlı təmizləmələrin aparılmasını gözləyir”.
Xəyal