“Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun təqvim planı Seçki Məcəlləsinə uyğundur. Ancaq referendumun keçirilməsinə az vaxt ayrılıb. Bu, Konstitusiyaya düzəlişlərin əleyhinə olanların imkanlarını məhdudlaşdırır ”.
AzadlıqRadiosunun yaydığı məlumata əsasən Mərkəzi Seçki Komissiyasının ( MSK) keçmiş üzvi, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov belə deyib.
A.Qurbanov bildirdiyinə görə, son illərin təcrübəsi göstərib ki, seçki kampaniyasına 60 gün, təşviqata cəmi 3 həftə ayrılması çox azdır.
“Bundan əlavə, indiki referendum qəflətən, ictimai müzakirələr olmadan elan edilib. Telekanallarda siyasi plüralizmin olmadığı, əhalinin yetərincə məlumatlandırılmadığı, ictimai marağın aşağı düşdüyü bir vaxtda təşviqat qrupunun yaradılmasına təşəbbüs göstərmək və bir ay ərzində 40 min imza toplamaq çətindir”, – A.Qurbanov bildirib.
A.Qurbanov həmçinin referendumun monitorinqini planlaşdırmağa da yetərli zamanın olmadığını ifadə edib.
“Referendum haqda qərar qəflətən verildiyindən mükəmməl monitorinq aparmağa vətəndaş cəmiyyətinin vaxtı azdır. Bununla belə, bizim qurum onun təşkili ilə bağlı imkan qədər maarifləndirmə işi aparacaq, seçicilərə hüquqi yardım göstərəcək, KİV-in işini qiymətləndirəcəyik”, A.Qurbanov bildirib.