Deməli, Neft Fondunun birinci 6 ayda büdcəyə keçirməli olduğu 3.8 milyard manat vəsaitin yalnız 1.8 milyardını keçiriblər büdcəyə. Qalan 2 milyard manatı büdcəyə keçirməyib, dollarda saxlayırlar. Dollar isə qalxır, hələ qalxmaqda davam edəcək. Beləliklə, Neft Fondu öhdəliklərini yerinə yetirmədiyi üçün büdcənin icrasında ciddi çətinlik yaranıb, camaatın maaşı gecikdirilir, hətta səhiyyə xərcləri belə cəmi 49 % yerinə yetirilib. Digər sahələrin də maliyyələşməsində ciddi problemlər yaranıb. Dollar ajiotajı artır, bankların batması sürətlənir və s.
Və bütün bunları ona görə edirlər ki, Neft Fondu 2 milyard manatlıq büdcə öhdəliyini daha az dollar satmaqla yerinə yetirə bilsin. Məsələn, Neft Fondu büdcə öhdəliklərini yerinə yetirməkdən ötrü dollarını 1.5 manat məzənnəsilə satsaydı, 2 milyard manat əldə etmək üçün 1.333 milyard dollar satmalı olacaqdı. Amma 1dollar = 1.6 manat məzənnəsi ilə manat alası olsa, 2 milyard manatı əldə edib, büdcəyə transver etmək üçün cəmi 1.250 milyard dollar xərcləməli olacaq. Beləliklə, 83 milyon dollar az xərcləyəcəklər. Bir az da gözləyib, dolları daha baha satsalar, qazancları daha da çox olacaq. Büdcədən maliyyələşən təşkilatların, orada çalışanların çəkdiyi çətinliklər isə hökumət üçün həmişə mənasız, xırda məsələlər olub.
Bəli, dünyanın hər yerində hökumətlər baş sındırırlar ki, necə edək, xalqa daha yaxşı xidmət edək. Azərbaycanda hakimiyyəti zəbt edənlər isə gecə-gündüz baş sındırırlar ki, xalqdan daha necə qazanmaq, xalqı daha necə aldatmaq olar.