Respublikaçı prezidentliyə namizəd Donald Trump Rusiyanı Hillary Clinton-un e-maillərini faş etməyə çağırıb
“The İndependent” ABŞ mediasına istinadən yazır ki, bir sıra Amerika siyasətçiləri respublikaçı prezidentliyə namizəd Donald Trump-ın Rusiyanı Hillary Clinton-un e-maillərini faş etməyə çağırmasını “vətənə xəyanət” kimi qiymətləndiriblər. Məqalədə deyilir ki, Amerikanın kəşfiyyat orqanları Demokartik Partiyanın serverlərinə haker müdaxiləsinin arxasında Rusiya hökumətinin durduğuna inanırlar. Ötən həftəsonu prezidentliyə demokrat namizəd Hillary Clinton-un sözçüsü bildirmişdi ki, əvvəllər də Rusiya prezidenti haqqında rəğbətlə danışan Donald Trump xanım Clinton-a aid e-maillərin faş olunması ilə hər hansı bir şəkildə bağlı ola bilər. Çərşənbə günü cənab Trump Rusiyanı haker hücumlarından çəkindirən bəyanat verməkdən imtina edib.
Trump “ağ” edib
Trump-ın Rusiyaya çağırışı bir çox ABŞ siyasətçiləri tərəfindən kəskin tənqid olunub.
Trump-ın Rusiyaya çağırışı bir çox ABŞ siyasətçiləri tərəfindən kəskin tənqid olunub. Xanım Clinton-un baş siyasət müşaviri Jake Sullivan-ın bəyanatında deyilir: “Bu, ilk dəfədir ki, prezidentliyə əsas namizədlərdən biri xarici ölkəni öz opponentinə qarşı casusluğa çağırıb. Bu uydurma deyil, faktdır”. O deyib ki, Trump-ın bu çağırışı milli təhlükəsizlik məsələsidir.
“The İndependent” yazır ki, sosial media istifadəçilərinin əksəriyyəti Trump-ın çağırışını “vətənə xəyanət” adlandırıblar. CNN kanalının siyasi təhlilçisi Christine Quinn Trump-ın hərəkətini “satqınçılıq” kimi qiymətləndirib. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəisi Leon Panetta CNN kanalına deyib ki, Trump-ın Birləşmiş Ştatlara sədaqəti şübhə doğurur. O deyib ki, Trump açıq şəkildə Rusiyanı Amerika siyasətinə müdaxilə etməyə çağırıb. Cənab Panetta-nın fikrincə Trump “ağ edib” və o, Birləşmiş Ştatların prezidenti olmağa layiq adam deyil.
Moskva inkar edir
“The İndependent” yazır ki, hətta Trump-ın partiyadaşları da onun bəyanatlarını bölüşmədilklərini bildirməyə məcbur olublar. Onun vise-prezidentliyə namizədi, qubernator Mike Pence deyib ki, əgər FTB haker hücumunun arxasında Rusiyanın dayandığını isbat etsə bunun çox ciddi nəticələri olacaq. O deyib ki, “əgər Rusiya bizim seçkimizə müdaxilə edirsə, bu, hər iki partiyanı və Amerika hökumətini ciddi narahat etməlidir”. ABŞ Konqresinin spikeri, respublikaçı Paul Ryan-ın ofisi də Trump-ın bəyanatına mənfi reaksiya verib. “Rusiya yolunu azmış quldurun rəhbərlik etdiyi qlobal təhlükədir – deyib spikerin sözçüsü Brenan Buck, – Putin bizim seçkimizdən aralı durmalıdır”. Rusiya, Demokratik Partiyanın emaillərinə haker hücumu etməsi barədə iddiaları rədd edir. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva ABŞ seçkisinə müdaxilə kimi interpretasiya edilə biləcək hər hansı bəyanatlardan çəkinir. NBC telekanalına müsahibəsində prezident Barack Obama da Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsini mümkün saydığını deyib. (BBC Azəri)