Türkiyə höküməti onlarla media təşkilatın- üç xəbər agentliyi, 16 televiziya, 45 qəzet və 15 jurnalın qapadılacağı barədə məlumat verib.
Bu, iyulun 15-də çevriliş cəhdindən sonra baş verir.
Çevriliş cəhdi ilə əlaqədar 149 general və admiral da daxil olmaqla, silahlı qüvvələrin təxminən 1700 üzvü vəzifədən uzaqlaşdırılıb.
Hökümət çevriliş cəhdinə görə ABŞ-da yaşayan ruhani Fethullah Güleni ittiham edir. Cənab Gülen ittihamları rədd edir.
Çevriliş cəhdi zamanı 246 nəfər ölüb, 2000-dən çox yaralı var.
Kütləvi informasiya vasitələrinin bağlanması barədə Türkiyənin dövlət qəzeti “Resmi Qazete” yazıb.
Qəzet, hələlik KİV-in və hərbçilərin adlarə barədə məlumat verməyib.
Hərbçilər arasında 87 ordu generalı, 20 hava qüvvələri generalı və 32 admiralın adı var.
Çərşənbə günü hökümət daha 47 jurnalist barədə həbs qərarı çıxarıb. Bundan bir neçə gün öncə isə 42 reportyor haqqında belə qərar verilmişdi.
Yeni siyahıda adları olan jurnalistlərin əksəriyyəti Zaman qəzetində çalışır.
Türkiyə Ordusu hərbçilərin 1.5 faizinin (8651 nəfər) çevriliş cəhdində iştirak etdiyini aşkarlayıb.
Məlumata görə, onların 35 təyyarəsi, 37 helikopteri, 74 tankı və 3 gəmisi olub.
“Təmizləmə” işləri Ali Hərbi Şuranın iclası ilə müşayiət olunur.
Prezident Recep Tayyip Erdoğan bu barədə Respublikaçı və Milli partiyaların liderləri ilə danışıqlar aparıb.
Onlar cənab Erdoğana təmizləmə işlərinin çox irəliyə getməsi barədə xəbərdarlıq edib, lakin onların hər hansı razılığa gəlməsi barədə məlumat yoxdur, BBC-nin İstanbuldakı müxbiri Nick Thorpe bildirib.
Ötən həftə hökümət ölkədə üç aylıq fövqəladə vəziyyət elan edib.