Dünən axşam ABŞ Mərkəzi Bankı Fedin pul siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin (FOMC) İyul toplantısı başa çatdı. “Marja”nın məlumatına görə, Fed faizləri dəyişdirmədi, amma ABŞ iqtisadiyyatına olan risklərin azaldığını və məşğulluq bazarının yaxşılaşdığını bildirərək, bu il ərzində faiz artırmaq üçün əlverişli şəraitin yaranmağa başladığını qeyd etdi. Fed beləliklə, bu il ən azı bir faiz artırmaq üçün qapını açıq qoydu.
FOMC, iki günlük toplantısının ardından etdiyi açıqlamasında, İyun ayında inflyasiya və qlobal proseslər üçün istifadə etdiyi “yaxından izləmək” ifadəsini təkrar etdi və “İqtisadiyyata yönələn yaxınmüddətli risklər azalıb” dedi. Fed, məşğulluq artımının İyun ayında güclü olduğunu bildirib.
ABŞ Mərkəzi Bankının rəsmiləri, Brexit qərarının ardından iqtisadiyyatın irəliləyişi ilə birlikdə, May ayında aşağı çıxan məşğulluq göstəricisini və İyun ayındakı böyük artımı qiymətləndirir.
Fed sədri Janet Yellen, Fed-in faizləri mərhələli olaraq yüksəldəcəyini təkrar edir, amma, bazar volatilliyi və May ayında məşğulluqda gözlənilməyən azalma faiz artırmaq planlarını təxirə salır.
Komitə açıqlamasında, “İqtisadi şərtlər faiz dərəcələrini mərhələli şəkildə artırılması istiqamətində inkişaf edəcək” gözləntisini təkrar edib. Fed, faiz artırımının vaxtına dair bir bəyanat vermədi.
Fedin qərarı 1-ə qarşı 9 üzvün səsi ilə verilib, müxalif olan yeganə üzvün Kanzas Siti Fed Sədri Esther George olduğu bildirildi.
MƏŞĞULLUQ BAZARI
Fed, İyun ayındakı iclasından bu yana olan göstəricilərin, “məşğulluq bazarının gücləndiyi və iqtisadi fəaliyyətin mülayim bir sürətlə genişləndiyinə” işarə etdiyini bildirib.
ABŞ Mərkəzi Bankı, ötən ilin Dekabr ayında beş bəndlik faiz artırımına gedərək, yeddi illik sıfıra yaxın faiz nisbəti siyasətinə son vermişdi.
FOMC açıqlamasında, əhalinin xərclərinin “güclü bir şəkildə artdığını” bildirərək, biznes investisiyalarının “yüngül” olduğunu qeyd edib. Fed, inflyasiyanın orta müddətdə 2 faiz hədəfinə qayıdacağı gözləntisini təkrarladı.
YAXŞILAŞAN GÖSTƏRİCİ
Açıqlamada, İyun ayındakı məşğulluq göstəricisi, May ayında zəif olan göstərici ilə müqayisə edilib. Qeyri-kənd təsərrüfatı məşğulluğun İyun ayında 287.000 yüksəlməsi, May ayındakı 11.000-lik artımın ardından yaranmış narahatlıqları azaldıb.
Pərakəndə satışlarda, mənzil tikintisində, istehsal güclərindən istifadədə və xidmət sektorunda artımlar iqtisadçıların gözləntilərini üstələyib.
Qeyd etdiyimiz kimi Kanzas Fed Sədri Esther George, İyun ayında faizlərin dəyişdirilməsinə səs verib. O, faizlərin 5 faiz bəndi artırılmasının tərəfdarıdır.
Analitiklər Fed-in İyul toplantısında faiz artırımına gedəcəyini gözləmirdilər. Treyderlər Fed-in Dekabr ayındakı son iclasında, ya da əvvəl (Sentyabrda) faiz artıracağını gözləyirlər.