Referendum ayın 26-sı olacaq, bəs korrupsiyadan imtina ayın neçəsindədir?
İlham Hüseyn
Hökumət dinamik şəkildə fəaliyyətini davam etdirir. Yorulmadan, usanmadan, tənbəllik etmədən çalışırlar. Problemlərin həlli üçün maliyyə ayırırlar, qərar qəbul edirlər, vaxt müəyyənləşdirirlər və s.
Yox, söhbət dövlət və xalq üçün çalışmaqdan, xalqın maraqları naminə qərar qəbul etməkdən, vətəndaşın həyat şəraitini yaxşılaşdırmaq üçün maliyyə ayrılmasından getmir. Hökumət bütün bu addımları öz maraqlarını təmin etmək üçün atır.
Şahid oldunuz ki, hakimiyyət kürsüsünü qorumaq, səlahiyyətləri bir əldə cəmləşdirmək üçün ana qanunu minməkdən belə çəkinmədilər. Konstitusiyaya dəyişiklik etmək qərarına gəldilər, Konstitusiya Məhkəməsinin qərarı ilə referenduma “yaşıl işıq” yandırdılar və referendumun vaxtını da dərhal müəyyənləşdirdilər.
Gördüyünüz kimi özlərinə təhlükə hiss edəndə, gələcəkdə yarana biləcək problemləri önələmək üçün dərhal qərar verdilər. Mütləq monarxiya yaratmaqdan çəkinmədilər.
Amma xalqı gözləyən təhlükələrə qarşı zərrə qədər addım atmırlar. Birinci devalvasiyadan sonra qiymətlər qalxdı, dollarla krediti olanlar çətin vəziyyətə düşdü, insanlar intihar həddinə çatdı, amma hökumət bu neqativ tendensiyanı durdurmaq üçün heç bir addım atmadı. Ikinci devalvasiya daha böyük oldu, yenə də vətəndaş məngənəyə düşdü və yenə də hökumətin tükü tərpənmədi. Problemli kreditlərin həcmi sürətlə artdı, iş yerləri sürətlə qapandı və hökumət bu mənzərəni yalnız seyr etməklə kifayətləndi.
23 ildir şəffaf seçki keçirmək, korrupsiyadan imtina etmək, ədalətli məhkəmə sistemi qurmaq, azad sahibkarlıq mühiti yaratmaq qərarı verə bilmirlər. 20 ildir şəhid ailələrinin sığorta pulunu verməklə bağlı müzakirə gedir. 20 ildir “Tibbi sığorta haqqında qanun”, “Rəqabət Məcəlləsi haqqında” qanun, “Gəlir deklorasiyası haqqında” qanun qəbul olunmur. Amma referendum qərarını dərhal verdilər, referendumun vaxtını dərhal müəyyənləşdirdilər.
Bir dəfə hökumət xalqın qarşısına çıxıb xoş xəbər verməyib, bir dəfə xalqı sevindirəcək xəbərin vaxtı açıqlanmayıb. Amma monarxiyanın qurulmasının, prezidentlik müddətinin artırılmasının vaxtı dərhal açıqlanır.
Bəli, bu ölkədə ədalətli, şəffaf, demokratik olmaq üçün 23 il müddəti azlıq edir. Amma mürtəce addımların reallaşdırılması üçün 1 gün də kifayət edir. Hökumət komandasının arzuları dərhal çin olur, xalqın arzuları isə hər ötən gün daha da əlçatmaz olur.
Deməli, prezidentlik müddətinin uzadılması üçün irəli sürülən arqumentlər, əsalandırmalar absurddur. Deməli, hökumət istəsə, 23 ildir bizi təqib edən problemlərlə bağlı dərhal qərar qəbul edər. Istəsələr, bir neçə günün ərzində inhisarçılığı ləğv edərlər, korrupsiyaya son qoyarlar, gömrükdəki süründürməçiliyi durdurarlar, kredit fazilərinin azaldılmasına nail olarlar və s.
Amma hökumət yalnız komandanı xilas etmək üçün islahat aparır, anti-böhran tədbirləri yalnız hakimiyyətin ömrünün uzadılmasına hesablanıb.
Bir sözlə, xalqa xidmət üçün vaxt təyin edə bilməyənlər, dövlətin xilası üçün proqram müəyyənləşdirməyənlər, Konstitusiyaya təcavüzün yollarını müəyyənləşdirdilər, bu təcavüzün vaxtını təyin etdilər.