Ekspertə görə, sahibkarlar o qədər qanundankənar ödəmələrə məcbur ediliblər ki, onlar qanuni öhdəlikləri yerinə yetirə bilmirlər
Bir neçə gün əvvəl Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılan fiziki və hüquqi şəxslərin adlarını açıqladı. Nazirliyin saytında yerləşdirilən cədvəldə bu ilin 25 iyul tarixinə vergidən yayınan 283 fiziki və 313 hüquqi şəxsin icra orqanı rəhbərlərinin adı qeyd olunub.
Daha maraqlı bir məlumat isə ondan ibarətdir ki, vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılan fiziki və hüquqi şəxslərin ümumilikdə büdcəyə 1.6 milyard manatdan çox borcu var. Bunu vergilər nazirinin birinci müavini Sahib Ələkbərov deyib. Maraqlı etirafdır. Bu iri məbləğin necə yığılması da bir sıra suallar yaradır.
Iqtisadçı Nemət Əliyevin fikrincə, hökumət ölkədə elə bir vergi, pul-kredit siyasəti yeritməliydi ki, sahibkarlar iki-üç qat vergi yükünün altından çıxmağı bacarmalıydılar. N.Əliyevin sözlərinə görə, əgər ölkədə sağlam iqtisadi mühit, vergi orqanları ilə sahibkarlar arasında normal münasibət olsaydı, o zaman vergi borcu cüzi olardı: “Sağlam, normal mühit olsaydı, inanmıram ki, kimlərsə dövlət, xalq qarşısında vergiləri ödəməkdən imtina edərdi. Bəlkə də ictimai mühitin təsiri altında onlar utanaraq borclarını ödəyərdilər. Onu da qeyd etmək lazımdır ki, vergi borcu olanların əksəriyyəti özlərini borclu saymırlar. Çünki bu hakimiyyət ölkədəki korrupsiya və rüşvət çirkabına o qədər bulaşıb ki, məmurların vergi ödəyiciləri qarşısında dili çox qısadır. Ölkədə kim bilmir ki, vergi orqanları sahibkarları soyur”.
N.Əliyev onu da bildirdi ki, sahibkarlar o qədər qanundankənar ödəmələrə məcbur ediliblər ki, onlar hətta qanunla üzərlərinə düşən öhdəlikləri də yerinə yetirə bilmirlər: “Ölkədən çıxışına qadağa qoyulan sahibkarların əksəriyyəti məhz bu cür təzyiqin təsiri altına düşmüş şəxslərdir. Bu, Azərbaycanda əlverişsiz biznes mühitinin olmasının göstəricisidir. Amma hər bir halda yaranmış vəziyyətdən çıxmaq lazımdır. Hökumət ilk addımları atmalıdır. Məgər hökumət yaranmış vəziyyətin fərqində deyil”.
Xəyal