Türkiyədəki qiyamda 8651 nəfər iştirak edib
35 təyyarə, 37 helikopter, 74 tank və 3 gəmi də dəstək verib
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah Idarəsi Fətullahçı terror təşkilatının (FETÖ) iyulun 15-də dövlət çevrilişi cəhdinə 8651 hərbçinin qatıldığını açıqlayıb. Açıqlamada, həmçinin qiyama Türkiyə Silahlı Qüvvələrinə aid 35 təyyarənin, 37 helikopterin, 74 tankın və 3 gəminin cəlb olunduğu bildirilib. Dövlət çevrilişi cəhdinə qatılan hərbi qulluqçular Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin ümumi sayının 1,5 faizini təşkil edir.
Ali Hərbi Şura bu gün toplanır
Bu gün Ankarada, Çankaya köşkündə baş nazir Binəli Yıldırımın sədrliyi ilə Ali Hərbi Şuranın iclası keçiriləcək.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, milli müdafiə naziri Fikri Işığın da iştirak edəcəyi iclasda Fətullahçı terror təşkilatı (FETÖ) tərəfindən dövlət çevrilişinə cəhd, Silahlı Qüvvələrə yeni təyinatlar, güc strukturlarında islahatlar və s. məsələlər müzakirə olunacaq. Şuranın iclasında qəbul ediləcək qərarlar imzalanması üçün prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunacaq.
Qeyd edək ki, Ali Hərbi Şuranın rəhbəri Türkiyə Respublikasının baş naziridir. Baş nazir olmadıqda Şuraya Baş Qərargah rəisi rəhbərlik edir.
Prezident Rəcəb Tayyib Ərdoğan dünən baş nazir Binəli Yıldırım və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akarı qəbul edib. Görüş Yüksək Hərbi Şuranın bugünkü iclasına həsr olunub.
Bu arada, Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar telefon danışığı zamanı amerikalı həmkarından Fəthullah Gülənin ekstradisiyasını tələb edib.
Öz növbəsində ABŞ Fətullah Gülənin ekstradisiyasına dair Ankaranın təqdim etdiyi sənədləri nəzərdən keçirməkdə davam etdirir.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Elizabet Trüdo bildirib: “Bu məsələ ilə bağlı məndə heç-bir məlumat yoxdur. Bizə sənədlər təqdim olunub, biz onları nəzərdən keçiririk. Bu, ekstradisiya razılaşmasına uyğun şəkildə aparılan hüquqi bir prosesdir” (apa).
Həbsdəki generallardan etiraf
Türkiyədə hərbi çevrilişə cəhddə iştirak etdiklərinə görə həbs edilmiş generalların ifadələrinə və istintaqa əsasən müəyyən edilib ki, Türkiyə prezidentinə qarşı sui-qəsd planının arxasında onun hərbi müşaviri Əli Yazıcı dayanır.
“Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, məhz Ə.Yazıcı Rəcəb Tayyib Ərdoğanın koordinatlarını qiyamçılara verib. O, həmçinin məvacibinin 20 faizini Fətullah Gülən təşkilatına ödəyib.
Türkiyə Səhiyyə Nazirliyinin 5581 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb.ÿOnlardan 1ÿ504 nəfəri həkim, 115 nəfəri isə rəhbər vəzifələrdə çalışan şəxslərdir.
Fətullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində Əmək və Sosial Təminat Nazirliyinin 1180 əməkdaşı işdən azad edilib.
Türkiyədə fəaliyyət göstərən “Zaman” qəzetinin 47 əməkdaşı haqqında da həbs qərarı çıxarılıb.ÿ Dünən səhər saatlarında polis əməliyyata başlayıb. Bu saata qədər qəzetin yazarı Şahin Alpay da daxil olmaqla, 6 nəfər saxlanılıb. Həbs qərarı, 2016-cı il martın 3-dək qəzetdə çalışmış işçilərə şamil edilir.ÿ
Gürcüstan da “gülənçilərdən” “təmizlənəcək”
Azərbaycanda Fətullah Gülənlə əlaqəsi olan təhsil ocaqlarının fəaliyyətinin dayandırılmasının ardıncaÿ qonşu Gürcüstanda da eyni addım atıla bilər.
Bunu Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gömrükçü Tbilisidə keçirdiyi mətbuat konfransında “Report”a bildirib: “Bu məsələ ilə bağlı Gürcüstan tərəfi ilə danışıqlar aparılır. Amma indiki mərhələdə mətbuata detallar barədə əlavə məlumat verməyimiz doğru olmaz”.
Səfir son hadisələrin Türkiyə iqtisadiyyatını çökdürəcəyi ilə bağlı yazılanlara da münasibət bildirib: “Ölkəmizdə yaşananların həm Türkiyə, həm də regionun iqtisadi vəziyyətinə mənfi təsir göstərəcəyi fikrini qəbul etmirik. Əksinə, son günlərdə xarici yatırımlarda ciddi artım müşahidə olunur ki, bu da gələcəyə nikbin baxmağımızı təmin edir”.
Levent Gömrükçü bu məsələdə həm Gürcüstanı, həm də digər tərəfdaş ölkələri narahat olmamağa çağırıb.
Hazırda ölkəsində həyatın normal axara düşdüyünü deyən səfir istər Gürcüstan, istərsə də digər ölkələrdən olan turistlərin Türkiyəyə rahat şəkildə səfər edə biləcəklərini söyləyib:ÿ “Türkiyə prezidenti, baş nazir və turizm nazirinin də öz çıxışlarında vurğuladıqları kimi, hazırda ölkənin nə böyük şəhərlərində, nə də turizm bölgələrində yerli və xarici vətəndaşlar üçün heç bir təhlükə mövcud deyil”.
Bununla yanaşı, diplomat Türkiyəyə turist axınının müəyyən qədər azaldığını da əlavə edib.
Islam Əməkdaşlıq Təşkilatından şok qərar
Islam Əməkdaşlıq Təşkilatı Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ardından “fətullahçıları” və onların rəhbərini terrorçular siyahısına sala bilər. Quruma üzv olan dövlətlərin XIN nazirləri tərəfindən qəbul edilən qərara Misir dövləti etiraz edib və qərara yenidən baxılmasını tələb edir.
Islam Əməkdaşlıq Təşkilatı Xarici Işlər Nazirləri Şurasının toplantısı oktyabr ayında Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək. FETÖ-nü ilk dəfə terrorçu təşkilat elan edən də elə Özbəkistan olub. 1999-cu ildə özbək liderini devirməyə təşəbbüs ittihamı ilə bu ölkədəki Gülən məktəbinin bir çox müəllimləri həbs olunmuş və onlar MKI-nə casusluqda günahlandırılmışdılar.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.