Məmurlar arxayınlaşdıran cəzasızlıq mühitidir, yoxsa imitasiya siyasəti?
Hesablama Palatasının “Meliorasiya və Su Təsərrüfatı” ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və AZAL-la bağlı apardığı son audit yoxlamaları nəticəsində aşkar olunub ki, hökumətin bu qurumlara ayırdığı büdcə vəsaitləri qeyri-effektiv xərclənib və bir çox maliyyə pozuntularına yol verilib.
Çox maraqlı vəziyyət yaranıb – Hesablama Palatasının apardığı bu tip yoxlamalar zamanı aşkara çıxan maliyyə intizamsızlığı, korrupsiya, qeyri-effektiv xərcləmələrə görə məsuliyyət daşıyan şəxslərə qarşı heç bir islahedici və cəzalandırıcı tədbirlər görülmür, prokurorluq tərəfindən rəsmi ittihamlar irəli sürülmür. Əgər büdcədən ayrılan pullar mənimsənilib, kimlərisə var-dövlət sahibi edirsə və buna görə günahkar olanlar cəzasız qalırsa, bu halların yenidən meydana çıxmayacağına kim qarantiya verə bilər? Yoxlamalar aparılır, problemlər aşkar olunur, ancaq bu problemləri yaradanlara qarşı heç bir cəza tədbiri görülmür. Cəzasızlıq mühiti isə fürsətcil məmur tayfasını daha da azğınlaşdırır.
Bəs niyə dövlət qurumlarındakı bu cür intizamsızlığın qarşısını almaq üçün heç bir iş görülmür, görülən işlər isə gözdən pərdə asmağa xidmət edir? Maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin iclaslarında dəfələrlə vurğulayıb ki, xərclər üzrə qənaət rejimi tətbiq olunmalı və büdcə təşkilatlarında israfçılığa qarşı tədbirlər həyata keçirilməlidir. Eləcə də, ölkə başçısı İlham Əliyev 2015-ci ildə keçirilən müşavirədə bildirmişdi ki, “israfçılığa yol verilməməli, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir, vəsaitə qənaət edilməlidir”. Bütün bu xəbərdarlıqlar, qənaətlə bağlı açıqlanan planlar boşuna idimi? Çünki biz deyilənlərin əksinə, bu cür bəyanatlardan sonra israfçılığın daha da artdığını müşahidə edirik. Təkcə Hesablama Palatasının yaydığı hesabatlara baxmaqla, israfçılıq və maliyyə pozuntularının necə böyük miqyas aldığını sezə bilərik.
Başqa nümunələr də gətirmək olar. Məsələn, SOCAR-ın prezidenti Rövnəq Abdullayev dəfələrlə iqtisadi durumun ağırlığından dolayı qənaət rejiminə keçməyin əhəmiyyətindən söz açıb. Ancaq şirkət rəhbərliyinin əməli fəaliyyəti onun bu niyyətdə olmadığını göstərir – Fransada keçirilən Avropa Çempionatına sponsorluq etmək üçün SOCAR 120 milyon manatından keçdi.
Vergilər Nazirliyinin yeni binasının tikintisi üçün Tekfen İnşaatla 94 milyon dollar dəyərində müqavilə imzalanıb. İqtisadiyyatın böhran keçirdiyi indiki vəziyyətdə buna nə ehtiyac var idi? Biznesin daraldığı, maliyyə çatışmazlığının yaşandığı dönəmdə bu pulu qeyri-neft sektoruna investisiya şəklində yatırmaq daha məqsədəuyğun olmazdımı? Bu resurs iqtisadiyyata yatırılsa idi, büdcənin formalaşmasında əməyi keçən biznes subyektlərinin, vergi ödəyicilərinin vəziyyətini müəyyən qədər yaxşılaşdırmaq olardı.
Hökumətin israfçılığı, maliyyə intizamsızlığı, korrupsiya əməlləri ilə bağlı çox nümunələr çəkmək olar. Saymaqla çətin qurtarsın. Əsas üstündə durulmalı məqam odur ki, bu kimi halların aradan qaldırılması üçün heç bir real iş görülmür. Xəbərdarlıqlar edilir, bəyanatlar verilir, ancaq ortada heç bir ciddi nəticə yoxdur. Dövlət məmurları, hökumət nümayəndələri İlham Əliyevin sözlərini bir qulağından alır, o biri qulağından buraxır. Ölkədəki cəzasızlıq mühiti isə onları daha da “cəsarətləndirir”. Görünür, barmaq silkələmələri məmurları islah etmək üçün yetərli deyil.
Ya da ki, İlham Əliyevin açıqlamaları ”islahatlar aparırıq” görüntüsü yaratmaq üçün imitasiya xarakteri daşıyır. Və bunu özü də bilir, ətrafı da. Ona görə də hamısı rahat kreslolarında əyləşib soyğunçu əməllərinə davam edirlər.
İlkin