Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb. Naxçıvan Apellyasiya Məhkəməsində bu gün keçirilmiş ilkin baxış iclasında Ələsgərovun vəkili Vüqar Xasayev bir sıra vəsatətlər qaldırıb. O, apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, sübutların araşdırılması) baxılmasını istəyib.
Vəkil həmçinin, müvafiq dövlət orqanlarından müəyyən sənədlərin alınması barədə vəsatət qaldırıb.
İlkin baxış iclası barədə azadliq.info-ya məlumat verən vəkil bildirib ki, Şərur rayonu Biçənək kəndində Vəli Ələsgərova məxsus ev olub, o həbs ediləndən sonra ev Naxçıvan DTX-nın (keçmiş MTN) maddi-texniki təminat şöbəsinin rəisi Famil Həsənovun atası Oruc Həsənovun adına keçirilib. İclasda həmin evin Vəli Ələsgərova məxsus olduğunu təsdiqləyən sənədlər məhkəməyə təqdim edilib. “Birinci instansiya məhkəməsində Vəli Ələsgərov vəsatət qaldırdı ki, həbsindən sonra qohum-əqrəbası repressiyaya məruz qalır, özünün və bacı-qardaşının bütün əmlakları əlindən alınır. Onda ona cavab verdilər ki, adına heç bir əmlak qeydə alınmayıb, ona görə də belə bir şey ola bilməz. Biz də indi Biçənəkdəki həmin evin çıxarışını, mülkiyyət şəhadətnaməsini məhkəməyə təqdim edib, bu məsələnin araşdırılmasını istədik”, – deyə vəkil qeyd edib.
Vəkil onu da deyib ki, Famil Həsənov Vəli Ələsgərovun əleyhinə ifadə verən şəxslərdən biridir.
Başqa bir vəsatət isə Vəli Ələsgərovun 2013-2015-ci illərdə törətdiyi iddia olunan cinayətlərlə bağlı olub. Vəkil bildirib ki, ittihamda göstərilən həmin dövrlərdə Vəli Ələsgərov məzuniyyətdə olub. Vəkil bununla bağlı müvafiq dövlət qurumlarından lazımi sənədlərin alınmasını istəyib.
Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Qərar verilib ki, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan və qapalı iclasda baxılsın. Məhkəmə baxışı avqustun 1-nə təyin olunub.
Vəkil bu qərardan Ali Məhkəməyə şikayət vermək niyyətində deyil. Naxçıvan məhkəməsində qızıldan həqiqət də ortaya qoysaq, deyəcəklər ki, paslı dəmirdir. Bu baxımdan şikayət verməyin mənası yoxdur.