İncirlik bazasının komandanı da həbs edilib
“The Financial Times” yazır ki, Türkiyədəki İncirlik hərbi hava bazası çevriliş cəhdində bulunanların təqibi zamanı bir neçə saatlığına elektriksiz qalıb, lakin bu hadisə Türkiyədəki sabitsizliyin onun sərhədlərindən çox uzaqları təsirləndirə biləcəyini göstərir.
Məqalədə deyilir ki, ABŞ koalisiyası təyyarələrinin uçuşlardan məhrum olduğu saatlarda İŞİD, ABŞ-ın dəstəklədiyi kürd silahlılarına qarşı intiharçı hücumları törədə bilib. Kürd Xalq Müdafiə Birlikləri və ya YPG onlarca itki verib.
Məhz belə hadisələrə görədir ki, Türkiyənin Qərb müttəfiqləri bu ölkədəki sabitsizlikdən nigarandırlar.
“The Financial Times” yazır ki, Türkiyə heç də təkcə İncirlik bazasını Qərb partnyorları üçün açmaqla deyil, həm də Suriya qiyamçılarını dəstəkləməklə Yaxın Şərqdə əsas oyunçulardan biridir.
Məqalədə Suriya qiyamçılarına istinadən bildirilir ki, Əsəd rejimi Hələb ətrafındakı mühasirəni daraltmaqda ikən Türkiyənin fəaliyyətsizliyi hiss olunur.
Ankara və NATO
Baş tutmamış çevriliş cəhdində şübhəli bilinən 6000 hərbçi və 9000 polis həbs olunub və ya vəzifəsindən kənarlaşdırılıb.
“The Financial Times” yazır ki, həbs edilmiş 100-dən artıq general və admiralın arasında İncirlik bazasının komandanı, habelə Suriya və İraq əməliyyatları üçün cavabdeh olan general da var.
Washington-da mənzillənmiş Atlantika Şurası analitik mərkəzindən Aaron Stein deyib ki, Türkiyədə hərbçilərin və təhlükəsizlik işçilərinin təqibi Ankaranın NATO ilə koordinasiyasına ciddi əngəllər törədə bilər.
Digər bir narahatlıq Amerika ilə Türkiyə arasında ABŞ-da yaşayan vaiz Fethullah Gülenin ekstradisiyası ilə bağlı tələbə görə davam edən söz müharibəsindəndir.
Washington cənab Gülenin ekstradisiya edilməsi üçün Türkiyədən onun çevriliş cəhdi ilə əlaqəsinə dair sübutlar istəyir.
Washington-dakı türk analitik Soner Çağatay deyib ki, Gülenlə bağlı mübahisə ABŞ-Türkiyə münasibətlərini ciddi şəkildə gərginləşdirə bilər.
“Əgər Erdoğan ABŞ hökumətinin onu ciddi qəbul etməməsini hiss etsə, Rusiyaya üz tuta bilər” – deyib Çağatay.
Lakin hərbi təhlilçi Michael O’Hanlon bildirir ki, strateji-taktiki baxımdan İncirlik əvəzedilməz deyildir.
Onun sözlərinə görə, ABŞ-ın Körfəzdə də bazaları var və bu bazalardan İŞİD hədəflərinə uçuş müddəti bir saatdan da azdır.
Lakin Washington-un suriyalı həmkarları deyirlər ki, belə əməliyyatlar üçün 1 saat çox uzun müddətdir, halbuki İncirlikdən uçuş 15 dəqiqədən də az çəkir.
Onların fikrincə, İŞİD intiharçılarının dayandırılmasında vaxt başlıca faktordur.
Kürd təhlilçi Kamal Çomani isə Suriya kürdlərinin gələcək taleyindən narahatdır. O deyir ki, Türkiyə qəzəbini YPG-nin üstünə tökə bilər, çünki bu birləşmələr PKK kimi dağlıq ərazilərdə deyil, açıqlıqda fəaliyyət göstərirlər və buna görə də daha rahat hədəflənə bilərlər.
“The Financial Times” yazır ki, cənab Erdoğanın Əsədi dəstəkləyən rəqibləri hazırda ümidləniblər.
Onlar Sriya münaqişəsindəki əsas oyunçulardan birinin başının öz işlərinə qarışacağını səbirsizliklə gözləyirlər. (BBC azeri)