Rüfət Səfərov: “Bu cinayət işi prokurorluqdan istefa verəndən sonra mənə qarşı repressiyaların tərkib hissəsidir”
Lənkəran Ağır Cinayətlər Məhkəməsində ölkədəki qanunsuzluqlara etiraz olaraq Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifəsindən istefa vermiş Rüfət Səfərovun mühakiməsi başlayıb. İyulun 25-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hazırlıq iclası keçirilib.
Asim Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası “Azadlıq” qəzetinin əməkdaşının akkreditasiyadan keçmədiyini əsas gətirərək, məhkəməni izləməsinə imkan verməyib. Jurnalist məhkəmənin açıq keçirildiyini, prosesi nəinki jurnalistin, hətta yoldan keçən adi vətəndaşın da izləmək hüququ olduğunu hakimin diqqətinə çatdırandan sonra “Azadlıq”ın əməkdaşı məhkəmə zalına buraxılıb. Bununla belə, onun, hətta qələmlə qeydiyyat aparmasına da imkan verilməyib.
Hazırlıq iclasında Rüfət Səfərovun vəkili Bəhruz Bayramov müvəkkilinin barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair vəsatət qaldırıb. Vəkil bildirib ki, bu cinayət işi sifarişin nəticəsidir. Bəhruz Bayramovun sözlərinə görə, istintaqın gedişində çoxsaylı qanun pozuntularına yol verilib, Rüfət Səfərovla onun rüşvət aldığı iddia olunan şəxslər arasında üzləşmə keçirilməyib.
Vəkilinin vəsatətini müdafiə edən keçmiş müstəntiq barəsindəki cinayət işinin, ona qarşı irəli sürülmüş ittihamların qondarma olduğunu bildirib. Ölkədəki qanunvuzluqlara etiraz olaraq, bəyanat verib müstəntiq vəzifəsindən istefa verəndən sonra ona qarşı repressiyaların başladığını deyən Rüfət Səfərov vurğulayıb ki, bu cinayət işi də həmin repressiyaların tərkib hissəsidir.
Məhkəmə vəsatətin baxılmamış saxlanılmasına dair qərar çıxarıb.
İş üzrə məhkəmə baxışı avqustun 8-nə təyin olunub.
Xatırladaq ki, Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, ötən il dekabrın 20-də Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. Bundan dərhal sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb, mənzildən onun kompüteri, telefonu götürülüb.
Yanvarın 15-də isə Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülərək, həbs olunmuşdu. Bir həftə sonra – yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin edib.
Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.
Qeyd edək ki, Rüfət Səfərov vaxtilə deputat olmuş YAP-çı, eləcə də Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.
Aytən